525.Az

Bakı və Sumqayıtda saxta məktəbli geyimləri aşkar edildi


 

Bakı və Sumqayıtda saxta məktəbli geyimləri aşkar edildi<b style="color:red"></b>

Bakı və Sumqayıt şəhərlərində saxta məktəbli geyimləri aşkar edilib.
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurum "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyətini araşdırıb. Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.

Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzlərində, həmçinin, "Sədərək", "Binə" və "Karvan" ticarət mərkəzlərində yerləşən mağazalarda, Sumqayıt şəhəri, 30-cu məhəllədə "Mələk" və 40-cı məhəllədə yerləşən "Pompey" ticarət mərkəzlərində "Bakı Tikiş Evi" ASC-yə məxsus "BTE" əmtəə nişanından qanunsuz istifadə edilərək, mənşəyi bilinməyən parçalardan tikilmiş külli miqdarda məktəbli geyimlərinin satıldığı aşkar olunub. Əmtəə nişanının saxtalaşdırılması yolu ilə nişan üzərində müstəsna hüquq sahibi olan sahibkarın hüquqlarını pozmaqla istehlakçıların çaşdırılmasına və bazara mənşəyi məlum olmayan malları çıxardığına görə satış obyektlərinin sahiblərinə xəbərdarlıq edilib. Həmçinin, məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib. Laboratoriya sınaqlarının nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin, saxta məktəbli geyimlərini istehsal edən sexin aşkar olunması istiqamətində müvafiq işlər görülür.

Dövlət komitəsi valideynlərə tövsiyyə edir ki, insan həyatı və sağlamlığının qorunması, istehlakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin, keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar. Bu, həm övladlarınızın sağlam inkişafına, həm də istehlak bazarında müəyyən olunan saxtakarlığın qarşısının alınmasına xidmət edəcək.

Ceyhun ABASOV

 





07.09.2017    çap et  çap et