525.Az

"Made in Azerbaijan" brendinə dünyada maraq artmaqdadır


 

"Made in Azerbaijan" brendinə dünyada maraq artmaqdadır <b style="color:red"></b>

Son illər "Made in Azerbaijan" brendinin dünyada tanıdılması üçün ardıcıl tədbirlər görülməkdədir. 

Prezident İlham Əliyevin "Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 18 yanvar 2016-cı il tarixli sərəncamında da qarşıya qoyulan əsas vəzifələrdən biri "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqidir. Bununla yanaşı, dövlət başçısı "Xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər alması, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında fərman da imzalayıb. Ölkə rəhbəri regionlara səfərləri zamanı keçirdiyi müşavirələrdə, iş adamları, fermerlərlə görüşlərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının vacibliyini önə çəkir.

Bir neçə gün əvvəl Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində də prezident qeyd etdi ki, Azərbaycanda istehsal olunan məhsullar çox keyfiyyətlidir, təbiidir, orqanikdir və xarici bazarlarda məhsullarımıza böyük maraq var.  

Dövlət başçısı vurğulayıb ki, öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görülür: "Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva  artıq "Made in Azerbaijan" brendi ilə dünya bazarlarına keyfiyyətli məhsullarımızın  çıxarıldığını  vurğulayıb. O qeyd edib ki, son illər ərzində  prezidentin diqqət və qayğısı nəticəsində qeyri-neft sektorunun, xüsusən də, aqrar sahənin inkişafında böyük nailiyyətlər əldə olunub. Deputat bildirib ki, rezident İlham Əliyevin tez-tez bölgələrə səfər etməsi, pambıq, tütün, fındıq, barama, çay, çəltik və sitrus meyvələri istehsalına dair respublika müşavirələrinin keçirilməsi, həmin sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu aqrar sahədə böyük dəyişikliklərə səbəb olur, qeyri-neft sektorunun inkişafına güclü təkan verir: "Bütün görülən işlərin təhlili ortaya belə bir reallığı çıxarır ki, bu dövr Azərbaycanın müasir tarixinə dönüş illəri kimi həkk olunacaq. Çünki aqrar sahədə aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına gətirib çıxarıb".

S.Vəliyeva xatırladıb ki, ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində yeni zavod və fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir: "Böyük sənaye müəssisələrinin tikintisi üçün də investisiyalar ayrılır. Hər ötən gün ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, sənaye müəssisələri yaradılır və "Made in Azerbaijan" brendi ilə dünya bazarlarına keyfiyyətli məhsullar çıxarılır. Artıq bizim brendimiz dünyada tanınmağa başlayıb" .

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların reallaşdırılması sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov isə deyib ki, prezidentin hakimiyyətə gəldiyi gündən hər zaman regionların sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət göstərilir. 2004-cü ildən indiyədək həyata keçirilən dövlət proqramları buna əyani sübutdur.

Son vaxtlar bu diqqətin daha da artdığını deyən komitə sədri söyləyib ki, hazırda dövlət başçısı pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın, fındıqçılığın, bir sözlə desək, ölkəmizə valyuta gətirə biləcək məhsulların artımına çox böyük diqqət göstərir: "Ölkə başçısının son dövrlərdə regionlara səfəri və orada keçirilən müşavirələr, imzalanan sərəncamlar bunu deməyə əsas verir. Bildiyiniz kimi, son günlərdə Azərbaycan prezidenti cənub bölgəsinə səfər etdi və Lənkəranda çayçılıq, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə bağlı müşavirə keçirdi. Müşavirə zamanı dövlət başçısı sözügedən sahələrin gələcək inkişafı, qarşıda duran vəzifələr haqqında dəqiq fikirlərini söylədi. Bütün bunlar əlbəttə ki, dövlət başçısının kənd təsərrüfatına göstərdiyi diqqətin göstəricisidir".

Komitə sədrinin sözlərinə görə, ümumiyyətlə, çayçılıq, sitrus bitkiləri və çəltikçilik ölkəyə gəlir gətirən önəmli sahələrdir: "Dövlət başçısı Lənkəranda keçirilən müşavirədə də qeyd etdi ki, hazırda ölkəmizə çay idxalı ixracımızdan çoxdur. Lakin biz ixracı artırmalı, idxalı azaltmalıyıq. Prezident Lənkəranda keçirilən müşavirədə bununla da bağlı öz tapşırıq və göstərişlərini verdi. Hesab edirəm ki, bu müşavirədən sonra sözügedən sahələrin inkişafında böyük dönüş yaranacaq. Bildiyiniz kimi, bir zamanlar cənub zonası Rusiyanı tez yetişən tərəvəzlə təmin edirdi və bu sahədən gəlir əldə olunurdu. Çayçılıqla bağlı ümummilli liderin hakimiyyəti dövründə böyük yüksəliş olub və daha sonra bu sahələr məhv edilib. Çox sevindiricidir ki, bu siyasətin uğurlu davamçısı olan prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən işlər nəticəsində kənd təsərrüfatı sahəsi yenidən canlanır".

E.İbrahimov bildirib ki, kənd təsərrüfatı sahəsi dövlət dəstəyi olmadan inkişaf edə bilməz: "Bu baxımdan da prezidentinin həyata keçirdiyi siyasət nəticəsində dövlət tərəfindən bu sahəyə diqqət göstərilir və nəticədə də artıq Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında böyük artım var. Bunun özü müsbət haldır. Çünki ölkəmiz öz məhsullarını ilə nəinki özünü təmin etmək, eləcə də xarici bazarlara çıxıb valyuta əldə etmək imkanı qazanacaq. Təbii ki, görülən işlər bununla kifayətlənmir. Ölkəmizdə təkcə kənd təsərrüfatı deyil, digər məhsulların istehsalının inkişafı ilə bağlı mühüm işlər görülür ki, Azərbaycan neftdən asılılığına son qoysun. Bu, çox düzgün və önəmli siyasətdir".

PƏRVANƏ

 





08.09.2017    çap et  çap et