525.Az

Aqrar sektora dövlət dəstəyi davam etdirilir


 

"AZƏRBAYCAN BÖYÜK İXRAC POTENSİALİNA MALİK ÖLKƏYƏ ÇEVRİLƏCƏK"

Aqrar sektora dövlət dəstəyi davam etdirilir<b style="color:red"></b>

Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi yerli fermer və kənd təsərrüfatı ilə məşğul olan sahibkarların fəaliyyətlərinə yeni stumul verib.

Regionda həyata keçirilən bir sıra sosial-iqtisadi layihələrlə yaxından tanış olan ölkə başçısı yerli və mərkəzi icra oqranlarının rəhbər şəxsləri, iş adamlarının iştirakı ilə keçirdiyi müşavirədə çıxış edərək son dövrlər ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlara, görülən işlərə toxunub, cənub zonası üçün ənənəvi kənd təsərrüfatı sahələri hesab olunan çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələləri ilə bağlı fikirlərini bildirib. Ölkə başçısı kənd təsərrüfatının bu sahələri ilə məşğul olan fermerlərə dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, zəruri texnika və avadanlıqlarla təmin olunması istiqamətində müvafiq tapşırıqlarını verib. Prezidentin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikanın alınmasını təmin etməlidir: "Ölkəyə 10 min texnika gətirilib. Bu texnika daha çox pambıqçılığın inkişafına xidmət göstərəcək. Biz bunun hesabına pambığın əkin sahələrini təxminən 10 dəfə artırmışıq. Bu sahələr üçün də xüsusi texnika gətirilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir ki, bu işlər daha da sürətlə aparılsın".

Əsas məqsəd Azərbaycanın idxaldan asılılığını minimuma endirmək, ixrac potensialını yüksəltməkdir. Bununla da ölkədən əlavə valyuta axının qarşısını almaq, ixrac hesabına dövlət büdcəsinə daxilolmaları daha da artırmaq mümkündür. 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edildiyini deyən İlham Əliyev qeyd edib ki, bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib: "Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək. Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır, hesab edirəm, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar. Digər sahələrdə belə assosiasiyalar bizim tövsiyəmizlə yaradılıb. Onlar, əlbəttə ki, o sahələrin inkişafına xidmət göstərir. Çəltikçiliyin inkişafına gəldikdə, qeyd etməliyəm ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir.

Lənkəranda çəltikçilik təsərrüfatının işi ilə tanış olmuşam. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir".

Dövlət başçısı qeyd edib ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib: "Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə, bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır".

Prezident bildirib ki, Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı məhsulları yetişir: "Bizim 9 iqlim zonamız var. Biz indi tropik meyvələrdən başqa istənilən kənd təsərrüfatı məhsulunu yetişdirə bilərik - meyvə, tərəvəz, tütün, üzüm, pambıq, gərzəkli meyvələr, çay, sitrus meyvələri. Ona görə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çəltikçiliyə gəldikdə, 1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatıb və 5600 ton çəltik yığılıb. Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə ki, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.

Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir. Toxumçuluğa da fikir verilməlidir. Burada bu məsələyə də toxunulub. Bu da vacib məsələdir".

Ölkə rəhbəri vurğulayıb ki. çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır: "Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar gedib.

Sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin".

Prezident məlumat üçün qeyd edib ki, 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilib: "Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Məndə olan məlumata görə, bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilmişdir. Artım çox böyükdür - 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz".

Ölkə başçısı sonda əminliklə ifadə edib ki, bu gün verilən bütün tapşırıqlar qısa müddət ərzində icra ediləcək: "Müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır. Mənə konkret təkliflər verilməlidir ki, tezliklə bütün tapşırıqlar yerinə yetirilsin və bu sahələr sürətlə inkişaf etsin".

Prezidentin sədrliyi ilə Lənkəranda keçirilən respublika müşavirəsində müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Nəriman Əliyev qeyd edib ki, dövlət başçısı İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır. O, "yap.org.az"a bildirib ki, regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir: "Prezidentin bu günlərdə cənub bölgəsinə səfəri də bu faktı təsdiqləyir. Ölkə başçısı tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı, bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır. Eləcə də, yeni müəssisələr yaradılır ki, bu da insanların işlə təminatında vacib rol oynayır. Təbii ki, bu amil əhalinin sosial rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur. Hazırda bu proses davam etməkdədir".

N.Əliyev deyib ki, Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə rəhbəri regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb: "Prezident İlham Əliyev bildirib ki, əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ona görə, 2004-cü ildə və ondan sonra 2009-cu və 2014-cü illərdə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çox konkret proqramlar idi. Proqramların icrası nəticəsində bütün bölgələrdə, hər bir rayonda çox sürətli inkişaf getmişdir və bu gün də bu inkişaf davam edir".

Deputatın sözlərinə görə, dövlət başçısının müşavirədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar ardıcıl olaraq tədbirlər həyata keçirilməkdədir: "Həyata keçirilən siyasət nəticəsində qeyri-neft sektoru əhəmiyyətli dərəcədə inkişaf etməkdədir. Bu baxımdan bölgələrdə kənd təsərrüfatında xeyli irəliləyiş var. Şübhəsiz ki, qarşıdakı illərdə qeyri-neft sektoru daha da güclənəcək və Azərbaycan böyük ixrac potensialına malik olan ölkəyə çevriləcək".

Ceyhun ABASOV

 





08.09.2017    çap et  çap et