525.Az

Leninqrad mühasirəsinin qurbanları Bakıda yad edildi


 

Leninqrad mühasirəsinin qurbanları Bakıda yad edildi<b style="color:red"></b>

“Bu gün bura “Leninqrad blokadası iştirakçıları” İctimai Birliyinin üzvləri toplaşıblar. Mən sizin hamınıza möhkəm cansağlığı və uzun ömür arzu edirəm. Yaşamalı olduğunuz o ağır günlər barədə uşaqlarınıza, nəvə-nəticələrinizə, yaxınlarınıza danışın. Ümidvaram ki, bir daha müharibənin dəhşətlərini görməyəcəyik və o müdhiş günlər keçmişdə qalacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyinin baş mütəxəssisi və eksperti Yelena Şişkalova Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Leninqrad mühasirəsi qurbanlarının anım gününə həsr olunmuş fotosərginin açılış mərasimində söyləyib.

Leninqrad mühasirəsinin iştirakçısı Natalya Borisovna Abdullayeva isə deyib: “O dəhşətli hadisələr baş verəndə mən lap uşaq idim. Mən Leninqradda anadan olmuşam, orada yaşamışam, orada oxumuşam. Əslən Azərbaycandan olan ömür-gün yoldaşıma da orada rast gəlmişəm. O, Leninqradda hərbi xidmətdə idi. Əvvəlcə Leninqradda yaşadıq, sonra yoldaşımın valideynləri bizi Azərbaycana gətirdilər. Ötən əsrin 60-cı illərinin əvvəlindən Bakıda yaşayırıq. Bir oğlan və bir qız övladımız dünyaya gəldi. Həyat yoldaşımla 52 il ömür sürmüşəm. İndi bütün uşaqlarım və nəvələrim Bakıda yaşayır. Təəssüf ki, ötən il həyat yoldaşımı itirdik. Mən uzun illər Azərbaycan Tibb Universitetində dərs demişəm. Övladlarım Bakıda təhsil alıblar və burada işləyirlər. Oğlum hərbi qulluqçu, qızım rus dili və ədəbiyyatı müəllimidir. Nəvə-nəticələrim var. Biz burada xoşbəxtik”.

Tədbirin rəsmi hissəsi başa çatandan sonra mühasirə iştirakçılarına “Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyi adından suvenirlər təqdim edilib.

Sentyabrın 12-dək davam edəcək sərginin ekspozisiyasında “Rossotrudniçestvo”nun kolleksiyasından 36 fotoşəkil nümayiş etdirilir.

 

 





09.09.2017    çap et  çap et