525.Az

Rəfail Tağızadənin “Gecə xəyalları” Yazıçılar Birliyində təqdim olundu


 

Rəfail Tağızadənin “Gecə xəyalları” Yazıçılar Birliyində təqdim olundu<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda çağdaş ədəbiyyatımızın dəyərli nümayəndələrindən olan şair və publisist, Rəsul Rza Mükafatı laureatı Rəfail Tağızadənin “Gecə xəyalları” kitabının təqdimatı keçirilib.

Tədbiri AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq bildirib ki, kitaba şairin son illərdə yazdığı, əsasən Qarabağ mövzusu, insan hisslərinin, duyğularının ən dərin qatlarını əks etdirən, vətən həsrəti ilə qələmə alınmış şeirləri daxil edilib. Şairin kitaba daxil olunan şeirləri arasında saf sevgini, qadın gözəlliyini tərənüm edən şeirlərin də yer aldığını vurğulayan Rəşad Məcid deyib ki, Rəfail Tağızadə yaradıcılığı, şeirləri haqqında bir çox ədiblər, tənqidçilər dəyərli fikirlər söyləyiblər: “Onun şeirləri barədə hələ çox illər öncə bizim dəyərli şairimiz Famil Mehdi öz fikirlərini bildirib. Bundan başqa, tanınmış alimlərimizdən Rafiq Əliyevin, Cahangir Məmmədlinin, Vaqif Yusiflinin də onunla bağlı maraqlı fikirləri var. Rəfail müəllimin şeirləri bu yaxınlarda polyak, italyan dillərinə tərcümə olunub. O özü də zaman-zaman polyak poeziyasından dəyərli tərcümələr edərək tərcümə ədəbiyyatımıza töhfələrini verir”.

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca bildirib ki, Rəfail Tağızadə sözləri hisslərinin süzgəcindən keçirərək yazan şairdir: “Mən Rəfailin şeirlərindən onunla tanış idim, ancaq bu kitabı oxuyandan sonra mən onu daha da yaxından tanıdım. Şair hisslərlə yaşayır. Rəfailin şeirlərində də o yaşantı duyulur. Heç kimi dahi adlandırmaq olmaz. Hər bir şairin zəif şeiri də olur, güclü şeiri də. Ümumiyyətlə, mən hər bir şairin ən yaxşı şeirini sevirəm. Rəfailin də yaxşı şeirləri çoxdur”.

Tənqidçi Vaqif Yusifli müəllifin yaradıcılığı haqqında geniş danışıb, şairin şeirlərini təhlil edib: “Mən Rəfail Tağızadənin poeziyasına xeyli bələdəm. Bu şairin ictimai kədəri məni də yandırır. Yeddi “Qarabağnamə” var və mənə elə gəlir ki, Rəfailin Qarabağ haqqında olan şeirlərini cəmləsək, yeni bir “Qarabağnamə” görərik qarşımızda. O öz qələmi ilə sağalmamış Qarabağ yarasının, dərdinin carçısıdır. Onun bu dərdi bu gün işığına toplaşdığımız “Gecə xəyalları” kitabında daha aydın şəkildə hər kəsə çatdırılır. Rəfail dərdin bədii ifadəsində dilimizin siqlətini özündə daşıyan ən kədərli leksika, ən qəmli sintaksisdən bəhrələnir, onun oxucunu duyğulandıran lirik üslubu var. “Şəhid məktubları”, “Qazi toyu” şeirlərində bu dərdi xüsusilə dərindən yaşayırıq”.

Şair Qulu Ağsəs Rəfail Tağızadənin şeirlərinin qəhrəmanlarının real insanlar olduğunu və onun əsərlərində kifayət qədər gerçək həyat elementlərinin əks etdirildiyini diqqətə çatdırıb.

Ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, Qarabağ qazisi, publisist Rey Kərimoğlu, şairə Narıngül Babayeva, publisist Şamil Sabiroğlu, Qarabağ qazisi Etimad Əsədov, “MHS poliqraf”ın nəşriyyat direktoru Vasif Qurbanzadə və başqaları da müəllifin yaradıcılığındakı mühüm cəhətləri vurğulayıblar.

Əməkdar artist Azad Şükürov, sənətşünas Zülfiyyə Eldarqızı, qirətçi Səməd Hətəmov şairin kitaba daxil edilən şeirlərindən bir neçəsini səsləndiriblər.

Sonda çıxış edən Rəfail Tağızadə kitabın nəşrində və təqdimatın təşkilində əməyi olanlara, tədbir iştirakçılarına, həmçinin “Gecə xəyalları”nın redaktoru və ön söz müəllifi Adil Mirseyidə təşəkkürünü bildirib.

GÜNEL

 





27.05.2013    çap et  çap et