525.Az

“Artım” məkanında “Uzaq üfüqlər”


 

“Artım” məkanında “Uzaq üfüqlər” <b style="color:red"></b>

Sentyabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında bir neçə rəssamın “Uzaq üfüqlər” adlı rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə altı gənc rəssamın - Gülnarə Kuzukova, Qafar Rzayev, İslam Həsənəlizadə, Aytən Abdullayeva, Natəvan Həsənəlizadə və Sultan Babazadənin əsərləri təqdim ediləcək. Rəssamlar hər biri şəxsi müşahidə və tədqiqatlara əsaslanan əsərlər ərsəyə gətiriblər. İnsan haqları, cəmiyyətin problemləri, müasir həyat tərzi, mənəviyyat və irs mövzularına toxunan rəssamların hər biri “uzaq üfüq” rolunda çıxış edərək, öz mövqeyini təqdim edirlər.

Gülnarə Kuzukova öz instalyasiyasında İslam ölkələrində qadın haqları mövzusuna toxunur. Rəssam bu mövzu ətrafında apardığı tədqiqatlara əsaslanaraq, qadının haqlarının hədsiz sıxıldığı və bəzi ölkələrdə hətta tapdalandığı qənaətinə gəlib.

“Cəmiyyətin hansı faktorlar altında eybəcərləşməsi” sualını araşdıran heykəltəraş İslam Həsənəlizadə yaratdığı əsərdə əsas amil kimi insanlarda artıq xəstəlik formasını almış xarici görünüşü dəyişmək arzusunu mövzu olaraq işləyib.

Natəvan Həsənəlizadə “Çar Midasın virusu” adlı instalyasiyasında Qədim Yunan əsatirinə əsaslanaraq, cəmiyyətimizdə dəbdəbəli həyat tərzinin reklam olunmasını və müasir insanların cah-calala olan marağını irad tutur.

Aytən Abdullayeva öz instalyasiyasını həyatımızda xırda detalların nə qədər önəmli olmasını diqqətə çatdırır. Rəssamın qənaətinə görə, istənilən əşyanın bir elementi çatışmayanda, o artıq öz funksiyasını yerinə yetirmək gücündə olmur.

Qafar Rzayev “Bidət” adlı instalyasiyasında İslam dininin son zamanlarda müxtəlif təsirlərə məruz qalması mövzusunu maddi mədəniyyət prizmasından açıqlayır. Rəssamın “Azeri light” adlı instalyasiyası isə Azərbaycanın təbii sərvəti və mədəni irsi mövzusuna toxunur.

Sultan Babazadənin “Özünə bax” instalyasiyası Bakı küçələrində bir neçə müddət ərzində hazırladığı layihənin məntiqi davamıdır. Layihə insanlara, problemlərinin həllini, ilk növbədə, özlərində axtarmağa səsləyir.

Sərgi oktyabrın 1-dək ziyarətçilər üçün açıq olacaq.

 

 





09.09.2017    çap et  çap et