525.Az

Yeni neft kontraktı Azərbaycana nə vəd edir?


 

AYDIN MİRZƏZADƏ: "BU MÜQAVİLƏ HƏR BİR AZƏRBAYCANLININ HƏYATINA MÜSBƏT YENİLİKLƏR GƏTİRƏCƏK"

Yeni neft kontraktı Azərbaycana nə vəd edir?<b style="color:red"></b>

Dünən Bakıda növbəti dəfə tarixi hadisə - neft müqaviləsinin imzalanması mərasimi reallaşdı.
 
Yeni müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəlişləri özündə ehtiva edir. Eyni zamanda, tədbirdə prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan, Gürcüstanın energetika naziri Elia Eloşvili, Yaponiyanın xarici işlər nazirinin müavini Manabu Hori, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və digər dövlət və şirkət rəsmilərinin iştirak etməsi yeni sazişin böyük əhəmiyyətindən xəbər verir.

Prezident İlham Əliyev çıxışında imzalanan kontraktın mahiyyəti və önəmindən danışaraq qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır: "Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir". İmzalanan kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti olduğunu deyən prezident bildirib ki, "Azəri-Çıraq-Günəşli" neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanan kontraktın Azərbaycan üçün daha da əlverişli olduğunu qeyd edən ölkə başçısının sözlərinə görə, 1994-cü ildə imzalanmış kontraktın da Azərbaycanın maraqlarını tam təmin etməsinə baxmayaraq, bu dəfə daha da yaxşı şərtlərlə kontrakt imzalanır: "Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində "Azəri-Çıraq-Günəşli"dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq".

Yeni sazişin imzalanması ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Musa Qasımlı qeyd edib ki, imzalanan yeni neft kontraktı ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının olduğunu,  prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin bərabərhüquqlu əməkdaşlığa açıq və hazır olduğunu göstərir. Deputat əlavə edib ki, eyni zamanda bu müqavilə xarici dövlətlərin Azərbaycan dövlətinə inamını və əməkdaşlıq etmək istədiklərini təsdiqləyir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Sahib Alıyev isə bildirib ki, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqda Heydər Əliyev Mərkəzində imzalanan yeni anlaşma qərbdəki bəlli çevrələrin təzyiqlərinə və həm də bu təzyiqlərin nəticəsi olaraq qlobal meiada dövlətimizə qarşı aparılan qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycanın maraqları, irəli sürdüyü şərtlər nəzərə alınmaqla bağlandı: "Tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin də vurğuladığı kimi, əgər 1994-cü ildəki anlaşmada SOCAR-ın payı 11,6 faiz idisə, yeni anlaşmada bu 25 faizdir, iki dəfədən artıq artım var. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Üstəlik, xarici investorlar bizə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Demək, yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük divident və perspektiv vəd edir".

Deputatın sözlərinə görə, belə də düşünənlər var ki, "Azəri", "Çıraq" və "Günəşli" yataqları artıq 20 ildir istismar edildiyindən orada elə də çox yanacaq qalmayıb: "Ancaq xatırladaq ki, "Əsrin müqaviləsi" imzalananda həmin yataqların 511 milyon ton ehtiyatının olduğu bildirilirdi. İndiyədək bu üç yataqdan 436 milyon ton neft çıxarılıb. Ancaq müəyyən edilib ki, həmən yataqlarda daha 500 milyon tona yaxın yanacaq ehtiyatı var. Prezident İlham Əliyev keçmişdəki proqnozları xatırladaraq haqlı olaraq deyir ki, əslində, bu ehtiyatlar daha çox ola bilər. Yəni, saziş indi daha əlverişli şərtlərlə imzalandığından "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının istismarının ikinci mərhələsindən əldə edəcəyimiz gəlirin birinci mərhələsindəkindən təqribən iki dəfə çox olacağı gözlənilir. Bu isə artıq həm də o deməkdir ki, Azərbaycanın bir dövlət kimi güclənməsi, ilk növbədə milli maraqlara dayanılaraq yeridilən qətiyyətli siyasət yeni neft anlaşmasında da öz müsbət rolunu oynadı".

S.Alıyev hesab edir ki, bu anlaşma Azərbaycanın qərblə sıx əməkdaşlığının, eyni zamanda, balanslaşdırma siyasətinin davam edəcəyini, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının ikinci mərhələsinin işlənməsinə 40 milyard dollardan artıq yatırım qoymağı planlaşdıranların burada sabitliyin qorunub saxlanmasında istər-istəməz maraqlı olacaqlarını ortaya qoyur.

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə isə qeyd edib ki, Azərbaycanın həyatında çox böyük əhəmiyyətli hadisə baş verib: "Neft yataqlarının işlənilməsi ilə bağlı imzalanan yeni saziş bir tərəfdən Azərbaycanın uzun illər istismar edə biləcəyi böyük neft ehtiyatına malik olduğunu, digər tərəfdən xarici dövlətlərin Azərbaycanla bağlı layihələrə böyük maraq göstərdiyini bir daha sübut edib".

A.Mirzəzadə bildirib ki, Azərbaycan öz təbii sərvətlərinə sahiblik edir: "İlk növbədə dövlətin inkişafı üçün insan kapitalına böyük vəsaitlər ayrılır, eyni zamanda, qeyri-neft sektorunun dirçəldilməsi, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, təhsil, səhiyyə sahələrinin inkişaf etdirilməsinə ciddi diqqət yetirilir".

Deputatın sözlərinə görə, bu sazişlə Azərbaycan beynəlxalq neft bazarında müstəqil neft bazarında müstəqil söz sahibina nail olan dövlət olduğunu ortaya qoyur: "Azərbaycan nə hansısa dövlətin, nə də transmilli şirkətin maraqlarına uyğun hərəkət edən ölkə deyil. Dövlətimizin sərbəst şəkildə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol danılmazdır".

A.Mirzəzadə vurğulayıb ki, yeni imzalanan saziş Azərbaycan beynəlxalq mühitdə qazandığı nailiyyətlərin növbəti dəfə sübutudur. Deputat hesab edir ki, bu müqavilə Azərbaycana, o cümlədən, hər bir azərbaycanlının həyatına müsbət yeniliklər gətirəcək.

Ceyhun ABASOV

 

 





15.09.2017    çap et  çap et