525.Az

Elçin İsgəndərzadənin şeirləri


 

Elçin İsgəndərzadənin <b style="color:red">şeirləri</b>

DÜŞÜNCƏLƏR

Ruzigar fələyin çərxin döndərib,
ruzigar da qərib, fələk də qərib.
Tanrı göy üzündən bir daş göndərib,
bəlkə başımızı verək altına.

Dünyanın ləzzətin gözlə götürdük,
təsbeh muncuğutək  günlər ötürdük,
ömürə bənzəyən bir şey itirdik,
nə qaldı könüldə, bükək altuna.

Ruhum yaranışdan bəmbəyaz, çılpaq,
bir gün budağından düşər son yarpaq,
sümük çürüdəndi bu qara torpaq,
üstü nə olub ki, ola altı nəə..

BƏYAZ MƏLƏYİN GECƏ DUASI

Bilmirəm sinəmdə ürəkdi, nədi,
köksümdə döyünən çiçəkdi, nədi,
gecələr yuxuma haram qatıram,
gecələr ruhuma bir bəhanədi.

Bəhanə gəzirəm bəxtə, taleyə,
dua eləyirəm bəyaz mələyə,
bir də gedib gəlsəm fani dünyaya
bir də sirr açmaram çərxi-fələyə.

Yenə  bu dünyadan çıxıb  gedərəm,
köksümü ovcumda sıxıb gedərəm.
Axar sular durulanda bir səhər
mən axar sularla axıb gedərəm.

Mən axıb gedərəm, ulduzlar qalar,
tənhalar, qəriblər, yalqızlar  qalar.
Onsuz da qədrimi bilən deyilsən-
dəli könlüm yenə də sızlar qalar.

TÜFƏNG QUNDAĞINA YAZILMIŞ ŞEİR

Könlü qanadlı bir uşaq idim,
fələklərin oynundan çox uzaq idim...
Gözümü açandan, ağlım kəsəndən
Aynalı tüfəng görmüşəm mən.
Aynalı tüfəng vardı
Qarabağdakı evimizdə,
aynalı tüfəng namusdu bizdə.
Əski əlifbayla bir misra yazılmışdı
  tüfəngin qundağında.
Bəzən tüfəng elə bil
       səsləyib çağırırdı məni,
gün batanda, axşamçağında.
Qırx beş yaşımda
eşidirəm o Aynalı tüfəngin
 babamın səsinə oxşar səsini.
Qarabağdakı evimizdəki
aynalı tüfəngin qundağındakı yazıdan
öyrəndim nəslimin şəcərəsini...

XATİRƏ MİNİATÜRÜ

Xatirələrin içində ölür adam...
Bir əl qapayır gözlərini.
O əli tutub saxlamaq istəyirsən,
istəyirsən ki,
açıq qalsın gözlərin öləndən sonra da.
Amma gücün çatmır,
gözlərin qapanır.
Və səni xatirələrə gömürlər,
bilmirlər ki,
sən çoxdan gömüldüyün yerdəsən.
Amma onda gözlərin açıq baxırdın
bütün ayrılıqlara,
bütün gedişlərə,
indi gözlərin qapalı baxacaqsan sonraya...
Sonraya baxmaq varmı qədərdə,
sonra nə var qədərimizdə, -
xatirələr varmı?..

BİR QIŞ MİNİATÜRÜ

Bir qışa bağlanır ömründəki qışların hamısı,
bütün soyuqlar o qışdan gəlir,
bütün qarlar ordan yağır,
bütün şaxtalar ordan düşür ömrünə.
Sən də bir qışı bir ömür yaşayırsan,
sonra bir qışda çıxıb gedirsən
Bir qışdan,
soyuğunu yoxluğunun
yerində qoyub gedirsən.

SEVGİ

Göyüm göyündən keçmirsə,
külüm külündən keçmirsə,
bütün yollar
sənin yolundan keçmirsə...
keçmirsə, sevgi deyil.

Sevgi söz yarasıdı,
göz  yarasıdı.
Sevgi ürəkdə köz yarasıdı,
buludu yandırır,
göyü yandırır.

Ən isti yağışlar sevgili buludlardan yağır,
sevgili göylərdən gəlir.

Hələ getmədiyin  yollar var,
getmədiyin yerlər var sevgi adında.
Heç bilmirsən gedib hara çıxır.

Başına sevgi gəlməyən yerdə,
başına dərd gələr,
dərdlərə danışarsan bütün yuxularını.

Göyüm göyündən keçmirsə...
bütün sevgilər ayrılıqdı.

SEVDA ŞEİRİ

Bu sevda dediyin...
bir uçuş uçmaqlıq,
bir baxış baxmaqlıq
və bir şeirlik olur.

Sonra ha uçsan da təyyarələrdə,
bu uçuş o uçuşa bənzəmir.
Bu baxmaq o baxmaq olmur
və yazdığın bütün şeirlər
o sevda şeiri kimi içindən gəlmir.

İçindən gəlməyən gülüşləri
gülürsən dodaqlarında,
içindən gəlməyən
bir yaşam yaşayırsan.

Görürsən ki, bu ömür sənlik deyil...
sənlik deyil bütün günlərin ertəsi...

Sən orda qalmısan,
bir baxışda,
bir uçuşda,
bir şeirdə.

Və bir günün ertəsi...
gözlərinin yaddaşından silirsən
bütün xatirələri.
Sonra iki damla yaş yandırır
dodaqlarını...

İki damla yaşda ya gözlərinin dadı,
ya sevdanın.

Bu sevda dediyin...
ayrılıq adında,
bu uçuş dediyin ayrılıq adında
və bu şeir də ayrılıq.

ÖMÜR

Ən yaxından keçir hər şey,
gözəl günlərin də,
xoşbəxtliyin də.
Sevincin dodağından gülüş kimi
qaçır harasa,
bir uşağın əlindən qopub
göyə uçan üfürcək kimi...

Ən yaxından keçir bədbəxtlik də,
ha özünü görməzliyə qoyursan,
boynuna sarılıb sənə qısılır...
Kədər də onun kimi,
uzaqdan üstünə yüyürür,
ayrılıq da onun kimi
qollarının arasına sığınır.

Ən yaxından keçir umudlar...
Arxasınca baxa-baxa qalırsan.
Ən yaxından keçir sevdalar,
səndən yan keçir,
sonra yollardan
gözlərini yığa-yığa qalırsan.

Ən yaxından keçir uşaqlıq...
- gəl oynamağa gedək, deyir.
Əlindən tutub göyə qalxırsan,
uçurtduğun üfürcəklərin yanına.

Kimsə sənə əl eləyir qopub
gəldiyin yerdən...
Baxırsan ki, bir qocadı, əsası yerə düşmüş,
əsasını qaldıra bilmir.
Və sən əlini uzadıb o qocanın əlindən yapışırsan,
göyə qaldırırsan.
O da deyir ki, əsamı da götür.
Gülürsən ki:
- göydə əsa gərək deyil.

SOL

Küləklər də sol tərəfindən əsir adamın,
yağışlar da soldan yağır.

Atılan daşa sağ çiynini döndərirsən,
daş da sağdan adlayıb sola dəyir.

Və kürəyindəki yükləri sanma kürəyin daşıyır,
sol tərəfin daşıyır o yükləri də,
o sancıları, o ağırlıqları da.

Hara dönsən sol tərəfindi...
sağından vursalar da,
adam solundan ölür.

TƏKLİK

Bir payız sabahında
ayrılığın rəngləri
boyayacaqsa gözlərini...

Yenə qolların payız quşlarının
köç yolları qədər uzanacaqsa,
yenə kölgə sala bilməyən budaqlar
çiyninə bir sərçə ağırlığında qonub ağlayacaqsa...

Hələ gözlərində özünü ağlamağa
                               iki damla yaş varsa...
Yalnızlığın dilində danışacaqsan
tökülən yarpaqlarla,
boş qalmış yuvalarla,
kənarında otları qurumuş arxlarla.

Suların üzünü üzün kimi cızacaqsan,
bir payız şeiri yazacaqsan,
bir payız oxusu oxuyacaqsan,
bir payız ömrü yaşayacaqsan.

Bir payız sabahında...
deyəcəksən ki,
- sən yazdığım ən gözəl şeirsən, təklik!

Ən çox təkliyin yaraları
ağrıdacaq ürəyini,
zamanla keçəcək yaralar da,
amma izləri qalacaq qollarında
gəlməyən qatarın
            dəmir yolları kimi.

ÇƏTİNLİK

Çətindir sonra
ağ varağı korlamaq,
bəyazlığı qaralamaq.
Bir gəmi şəkli çəkmək,
o gəmiyə kapitan olmaq.
Sonra əlindəki gəmi şəklini
bürüşdürüb,
suya atmaq...
Çətindir şair olmaq,
kapitan olmaq,
rəssam olmaq.
Öz çəkdiyin dənizdə boğulmaq,
öz yazdığın şeirdə yox olmaq.

Yox olmaq bir söz kimi,
bir gəmi kimi...

Bütün sözlər tükənəndə...
Quru yarpaqların arasından bir söz tapmaq,
o sözün hərflərindən
məktub yazmaq...
Sonra o məktubu ovcunda əzmək.
Niyəsini bilmədən,
necəsini bilmədən
ömürdən nəsə gözləmək.

Yaralarında açan güllər kimi,
üstünə ağlayan göylər kimi,
tükəndiyin yerdən başlayar
üzməyin də,
uçmağın da.

Üstü yazılı bir kağız quş kimi uçarsan,
üstü yazılı bir kağız gəmi kimi
 üzərsən...
Görərsən ki, kapitan çoxdan boğulub okeanda.

YAŞAMADIQLARIMIN YAŞANTISI

Sənin məndəki yerin
gedə bilmədiyim yer kimi
içimdən qopmayan yoxuşdu.
Havada yaz,
sənin yerində qışdı,
qardı,
yağışdı.

Sənin məndəki yerin
həsrətlə dolu,
acıyla dolu.
Qalan yerlərim boşdu.

Mən boyda boşluqda
bir gerçək yerdi günəşsiz,
bir doğru xəbərdi sənsiz,
o qədər gerçək ki...
Qarın altında bir quş kimi üşüyür
sənin məndəki yerin.

Sənin məndəki yerin ayrıdı...
yaşamadıqlarımın yaşantısıdı.

XATIRLA

Xatirələr yaralıdı, dəymə heç,
dərd qapısı aralıdı, döymə heç,
istəyirsən... mənə bir şey demə heç,
ara-sıra bulud-bulud xatırla.

Hərdən də bir xəyalları al, gedək,
o yolları gözlərindən sal, gedək,
istəyirsən... xəyallarda qal, gedək,
ayrılığı umud-umud xatırla.

Kimsə itsin dumanında illərin,
qayıtmasın gümanında illərin,
istəyirsən... səndə qalsın əllərim,
sonra məni unut, unut, xatırla.

MƏNDƏN SAVAYI

Dincəl, o gəlməyən günlərdə dincəl,
incəl, üzüldüyün tellərdə incəl,
indi düşünürsən, boşuymuş səncə,
bir ömrə bu gəliş-gediş havayı...?

Çəkil, çəkilməyən rəsimdən çəkil,
sevə bilmədiyin isimdən çəkil,
sevda tilsimiymiş, tilsimdən çəkil,
bitsin ayrılığın bu bəm harayı.

Atlan, ürəyimin başından atlan,
gördün qış sərt keçir, qışından atlan,
çırman, gözlərimin yaşından atlan,
gör hara düşürsən məndən savayı.

 





16.09.2017    çap et  çap et