525.Az

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində yeni dövr


 

2050-ci İLƏ QƏDƏR UZADILAN SAZİŞ AZƏRBAYCAN ÜÇÜN DAHA ƏLVERİŞLİ ŞƏRTLƏR DAXİLİNDƏDİR

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində yeni dövr<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsünə düzəliş edilib və yenidən tərtib olunmuş saziş imzalanıb.

İmzalanma mərasimində prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan, Gürcüstanın energetika naziri Elia Eloşvili, Yaponiyanın xarici işlər nazirinin müavini Manabu Hori, BP şirkətinin baş icraçı direktoru Robert Dadli və digər dövlət və şirkət rəsmiləri iştirak ediblər.

Bununla da “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanır. 2050-ci ilə qədər uzadılan sənəd Azərbaycan üçün daha da əlverişli şərtlər daxilindədir.

Ölkə başçısı İlham Əliyevin imzalanma mərasimində qeyd etdiyi kimi, kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Həmçinin, müqaviləyə uyğun olaraq SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

Prezident tədbirdə vurğulayıb ki, bunlar əsas şərtlərdir: “Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Eyni zamanda, onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.

Azərbaycan neftinin istismarı ilə bağlı qüvvəyə minən yeni sənəd ölkəmizə gətirdiyi iqtisadi dividentlərlə yanaşı, siyasi əhəmiyyətə də malikdir. Layihənin əsas tərəfləri - Azərbaycan partnyorları dünyada böyük güc sahibi olan dövlətlər və transmilli şirkətlərdir. Bu o deməkdir ki, tərəfdaşlar “Azəri-Çıraq-Günəşli” layihəsi ilə bağlı ortaq maraqlarının cəmləşdiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın qorunub saxlanılması və daha da möhkəmlənməsində də maraqlıdırlar.

İmzalanan yeni kontraktla bağlı “525”ə fikirlərini bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov qeyd edib ki, sözügedən sənəd Azərbaycan üçün müsbət qiymətləndirilməlidir: “1994-cü ilin sentyabrın 20-də imzalanan neft kontraktı - “Əsrin müqaviləsi” ölkəmizin iqtisadiyyatına çox müsbət təsir göstərib. Həmçinin, əldə olunan neft gəlirləri hesabına Azərbaycanda yenidənqurma prosesi ölkənin hər bir yerində geniş vüsət aldı. Bir neçə gün əvvəl isə həmin sazişin davamı olaraq prezident İlham Əliyevin iştirakı ilə 33 il müddətində yeni müqavilə imzalanıb. İndiki dövrdə bu müqavilənin ölkəmizin üçün əhəmiyyəti olduqca böyükdür. Çünki kontraktın həm iqtisadi, həm də siyasi üstünlükləri var. İqtisadi baxımdan danışsaq, SOCAR-ın mənfəətinin 75 faizə qaldırılması, şirkət payının 11,6 faizdən 25 faizə qaldırılması, eyni zamanda, 3,6 milyard dollar həcmində bonusun ödənilməsi qeyd edilməlidir. Çünki bu şərtlər indiki şəraitdə Azərbaycan üçün çox vacibdir”.

Müqavilənin siyasi üstünlüklərindən danışan V.Əhmədov bildirib ki, iri şirkətlərin, ayrı-ayrı dövlətlərin bu layihədə iştirakı, həm də onların Azərbaycandakı sabitliyə qarant kimi çıxış etməsi deməkdir.

Deputat hesab edir ki, kontraktdan gələn vəsaitlər qeyri-neft sektorunun inkişafına yönəldiləcək: “Məlum olduğu kimi, prezident İlham Əliyev Stratreji Yol Xəritəsi imzalayıb. Xəritəyə əsasən, mərhələli şəkildə ölkədə iqtisadiyyatın inkişafı, şaxələndirilməsini, diversifikasiyasını nəzərdə tutulur. Təbii ki, bütün bunların icrası, həyata keçirilməsi üçün bu cür müqavilələrin bağlanılması böyük əhəmiyyət kəsb edir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, sentyabrın 14-də imzalanan saziş “Əsrin müqaviləsi”ni 2050-ci ilə qədər uzadılmasını özündə ehtiva etməklə yanaşı, yeni şərtlərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur: “Yeni müqavilənin əsas üstünlüklərindən biri Azərbaycanın 3,6 milyard dollar həcmində bonus əldə etməsidir. Bundan əlavə, 1994-cü ildə bağlanan müqavilə o vaxtki dövr üçün məqbul hesab olunsa da, hazırda yenilənən sazişin şərtləri Azərbaycan üçün daha yaxşı hesab olunur. Əgər 1994-cü ildə 300 milyon dollar bonusun ödənilməsi nəzərdə tutulmuşdusa, indi 3,6 milyard dollardan söhbət gedir. Bu odeməkdir ki, Azərbaycan əvəzsiz olaraq konsorsiumdan bu qədər vəsaiti öz büdcəsinə əlavə edəcək”.

V.Bayramovun sözlərinə görə, Dövlət Neft Şirkətinin layihədə payının 11,6 faizdən 25 faizə qaldırılması həm birbaşa 75 faizlik ödənişin, həm də  SOCAR-ın layihədəki payı hesabına əlavə vəsaitin dövlət büdcəsinə daxil olmasına imkan verəcək: “Dövlət Neft Şirkətinin payının iki dəfədən çox artırılması təbii müsbət məqamdır. Digər tərəfdən, diqqət- çəkən məqam anlaşmaya əsasən, 40 milyard dollarlıq investisiyanın ödənilməsinin razılaşdırılmasıdır. Nəticə etibarilə bu, ölkə iqtisadiyyatına neft sektorundan kifayət qədər sərmayənin yatırılmasına imkan verəcək. Ona görə də, yeni saziş qeyri-neft sektorunun inkişafı baxımından da yüksək qiymətləndirilməlidir”.

İqtisadçı alim bildirib ki, müqaviləyə əsasən, növbəti mərhələdə 500 milyon tona yaxın neftin hasil edilməsi planlaşdırılıb: “Əvvəlki dövrdə isə 436 milyon ton və ya 3,2 milyard barel neft hasil edilmişdi. Bu isə ondan xəbər verir ki, Azərbaycanın növbəti dövrdə hasil edəcəyi neft daha çox olacaq. Heç şübhəsiz ki, bu amil Azərbaycanın neft ölkəsi kimi statusunun qorunub saxlanılması baxımından vacibdir”.

Mənfəət neftinin hər 100 dollarından 75 dolların Azərbaycana çatacağını deyən ekspert hesab edir ki, bu da ölkəyə kifayət qədər valyutanın daxil olmasıyla nəticələnəcək: “Mövcud şərtlər Azərbaycan üçün məqbul hesab edilir. Bu həm neft, həm də qeyri-neft sektorunun inkişafı üçün olduqca vacibdir. Neftdən əldə olunan vəsaitələr digər sahələrin də inkişafına maliyyə vəsaitlərinin ayrılmasına imkan verir”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Fəzail İbrahimli isə qeyd edib ki, Azərbaycan dövlətinin bütün sahələrdə, o cümlədən, dövlətin ümumi tərəqqisi, iqtisadi inkişafı, təhlükəsizlik istiqamətlərində strateji kursu var. O, “milli.az”a bildirib ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsinə dair imzalanan saziş Azərbaycanın yenidən müstəqillik əldə etməsindən sonra yürütdüyü siyasət çərçivəsində iqtisadi məsələlərin həlli yolunda atılan müsbət addımlardan biridir: “Bu müqavilə ölkəmizin ümumi inkişafına, onun beynəlxalq aləmdə nüfuzun artmasına, digər dövlətlərlə əməkdaşlığının genişlənməsinə imkan verəcək”.

F.İbrahimli hesab edir ki, yeni saziş 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə müqayisədə Azərbaycan üçün daha çox gəlir vəd edir: “Lakin “Əsrin müqaviləsi” imzalanan zaman Azərbaycan indiki gücdə deyildi. O vaxt müstəqilliyin ilk illərini yaşayan Azərbaycanın xarici investorlar üçün nə qədər etibarlı tərəfdaş olması da qeyri-müəyyən idi. Azərbaycan özünü hələ tam təsdiq etməmişdi. Bugünkü Azərbaycan isə deyərdim ki, məhz həmin o müqavilənin ifadəsidir ki, artıq dünyaya yeni libasda təqdim olunur. İndi isə Azərbaycan artıq etibarlılığı sınaqdan çıxmış ölkədir. Eyni zamanda, bu gün Azərbaycan diktə edən tərəfdir. Bunun nəticəsidir ki, dövlətimiz daha sərfəli şərtlərlə müqavilənin imzalanmasına nail ola bilib. Amma 23 il əvvəl bu cür şərtlərin irəli sürülməsi o dövrün ictimai-siyasi vəziyyətinə görə mümkün deyildi. Bu baxımdan yeni saziş ölkəmiz üçün çox sərfəlidir və kifayət qədər gəlir gətirəcək. Eyni zamanda, Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün daha artmasına müsbət təsiri olacaq”.

“Baku Network” Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov isə qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi stabilliyinin təsdiqidir. O, “Trend”ə bildirib ki, bu sazişə Azərbaycanın neft siyasətinin davam etməsində maraqlı olan ölkələr imza atıb.

Ekspertin sözlərinə görə, bu, onu ifadə edir ki, beynəlxalq maliyyə təşkilatları tam əminliklə Azərbaycanla əməkdaşlığı davam etdirə, ölkəyə kreditlər ayıra bilərlər.

E.Ələsgərov vurğulayıb ki, Azərbaycan regiona stabil iqtisadi layihələr təklif etməkdə davam edir, dünyanın aparıcı ölkələri isə bu layihələrin reallaşdırılmasında maraqlıdır: “Bu, uzunmüddətli perspektivdə Azərbaycana böyük üstünlüklər təqdim edəcək”.

Ceyhun ABASOV

 





16.09.2017    çap et  çap et