525.Az

Məmməd Aslanın şeirləri


 

ÖMÜRDƏN SÖKÜLƏN BƏND ALAR SÖZDƏ; QALSA, ANCAQ QALAR BƏNDƏLƏR SÖZDƏ...

Məmməd Aslanın <b style="color:red">şeirləri</b>

MƏN BİR QƏLƏM FƏHLƏSİ

 

Bir qələm fəhləsi olmaq şərəfim!

Başımın ağası: həzrəti-sözdür!

Şirin əzabımdır dünyada nəfim!

Arzumun vüsalı, həsrəti sözdür!

 

Ömürdən sökülən bənd alar sözdə;

Qalsa, ancaq qalar bəndələr sözdə!..

Söz sözü cilalar, rəndələr sözdə,

Xilqətin ayarı, siqləti sözdür.

 

Meyvətək gül açar söz, saplağında;

Dəyər, yetkinləşər öz saplağında;

Minillərlə yaşar öz saflığında:

Tanrının ən sirli neməti sözdür!

Bakı,

13.04.2013.

 

YERİNDƏ

 

Eldən aldığımı geri qaytarsam,

Görəsən, nə qalar sözün yerində?!

Gözün giləsini çalsalar əgər,

İşartı tapılmaz gözün yerində.

 

Xalqdan aldığımız göz işığıdı!

Zülmətin bağrına bir söz şığıdı!

Hər təşbih kəlamın yaraşığıdı! –

Bir şüa iş görər yüzün yerində.

 

Aldığımız kəlmə əgər vacibdi,

Min-min ağlın süzgəcindən keçibdi!

İncədi, zərifdi, demək: nəcibdi,

Özdən öz tapılmaz özün yerində!

 

Gərək götürdüyün halalın olsun:

Yerinə düşməsə, ha ləlin olsun!..

Bir sancaq taxarsan, hal əlin olsun;

Yoxsa kül taparsan közün yerində.

 

Nə yaman bozartdın üzünü, qafil;

Azarsan, yolunu, izini, qafil!

Sən qurda tapşırdın quzunu, qafil:

Quzun yoxa çıxıb; küzün yerində.

 

Əməl, sahibinə aynadı elə:

Sarsıldı təməllər, oynadı elə...

Dünya, Nuh gördüyü dünyadı elə:

Əyrini fırladar düzün yerində.

 

İlham da, əslində, bir zirək quşdu:

Pərvaz öyrətdinsə, zirvəyə tuşdu!

Kiminsə suçundan iqlim qarışdı:

Qış tüğyan elədi yazın yerində.

 

Məmməd Aslan, yenə bu, nə gileydi?!

Yetmişində hələ bostanın göydü:

Hansı kəlmə qəfil qəlbinə dəydi:

Kövrəldin qoşmanın həzin yerində...

Sumqayıt,

28.04.2013.

 

MƏNSİZ  O  DAĞLAR

 

Mən sənin şəninə söz yazdım, dağlar;

Kimdi dəyər verən söz-sava indi?!

Dənsiz bir dəyirman daş fırlandırır,

Baş açmaq olmur ki, ay tövbə, indi.

Sən nələr çəkmədin nankor üzündən,

Dəydi ürəyinə güllə sözündən.

Piltə-piltə haqqın gəlsin gözündən,

Kim haqsız davranır hesaba indi.

 

Səni xoş saatda yaratmış Xudam,

Qara südlü inək, qızılı badam...

Ocağın özgəni isitdi müdam,

Yanan da sən oldun kösövə indi.

 

Torpaq cadar-cadar, göy hönkür-hönkür;

Kahalar dolusu inkir və minkir...

Allahdan bixəbər buludlar çökür;

Çətin ayazıya bu hava indi.

 

Hardan peyda olur dərəbəyilər?!

Zirvələr axnıyar, dərə əyilər.

Dil kəsər, diş sökər bu bərrayilər,

Dirəndik keçilməz bir gava indi.

 

“Mübarək” tanımır dərəsin, düzün,

Ac qurd qapısını qoruyur küzün...

Hər kəs natiq olub, lallar müəzzin:

Daha qulaq dözmür vur-haya indi.

Sumqayıt,

28.04.2013.

 

ƏLÜSTÜ  MİSRALAR

  

Buluddan nəm çəkənim,

Gül dərib, gül əkənim.

Bağçanızda gül göstər:

Bir şaxına söykənim.

lll

Şehli-şehli dərəm səni,

Gözüm üstdə sərəm səni.

Göydən-yerə enmədin ki:

Bir doyunca görəm səni...

lll

Gərdişə bax, gərdişə bax,

Varam, yoxam... Gör, işə bax!

Gözüm baxdı, görəmmədim:

Görüşə bax... görüşə bax!..

lll

Sən indi hardasan, mən indi harda?

Sən nazü-qəmzədə, mən intizarda...

Bir zaman dünyanın bəxtəvəriydik:

Sən indi nəşədə, mən indi zarda...

        

BU  GECƏ

 

Fəxri-aləm şairimiz Seyid Məhəmməd Hüseyn Behcəti-Təbrizi (Şəhriyar) Həzrətlərinin “Behcətabad xatirəsi” şeirinin yaddaşımda oyatdığı üzüntülərin təsiri altında ikinci təəssürat.

 

Bu gecə, bu son gecə,

Dərdü-qəm qusan gecə.

Dünyanı sel apardı:

Gözyaşı leysan gecə.

 

Bu gecə, bu son gecə,

Səhəri busan gecə.

Məni zinhar elədin,

Cövründən usan gecə.

 

Bu gecə, bu son gecə,

Qanıma susan gecə.

Ulduzları qoparıb,

Məni daşa basan gecə.

 

Bu gecə, sərsəm gecə,

Yuxuna girsəm, gecə:

Pərişan saçlarını

Çinləyib hörsəm, gecə...

 

Bu gecə uzun gecə,

Hanı ulduzun gecə?!.

Sən qara bir qoyun ol,

Mən sənin quzun, gecə.

Bu gecə, bu son gecə,

Son demək asan, gecə.

Bir atəşdə qovrulduq:

Mən gecə; ha sən, gecə...

 

Bu gecə, bu zar gecə,

Ahımdan bizar gecə.

Baş alıb hara qaçdı –

Qorxuram azar gecə.

 

Bu gecə: siyah çadır;

Ömrü gün doğuncadır...

Tutalım: qaça bildi,

Qaçmaqla hara çatır?!

Bakı,

02.02.2013.

 

SƏN ZİRVƏ ŞAİRİ

  TÜRKÜ–ƏCƏMİN...

Bu dünyada bizdən qalan bir səsdi;

Bu karvanın zəngi qalarsa, bəsdi!

lll  

Mən daha ərşi-əla kölgəsitək

            başda tacım var!

Başda sınmaz sipərim,

Əldə kütəlməz qılıcım var!

 Şəhriyar.

Şəhriyar təkcə İranın deyil,

bütünlükdə Şərqin fəxridir!

 

Məliküş – Şuara

Bahar.

 

Fars dilinin fəxri olan bu

Təbrizli şairin təbinə min alqış!

 

Seyyid Məhəmməd Əli

Cəmalzadə.

 

Mir Abbas Alyasinin Şəhriyarın fotoşəkillərindən ibarət nəşr etdirdiyi “Təşrifatsız ləhzələr” (dəvətsiz anlar) foto-albomunda çoxdan-çox son dərəcə küskün və iztirablı portretlərlə qarşılaşdım.

Halbuki Şəhriyar bir fərd olaraq şümşad qamətli, şəklü-şəmayil cəhətdən Allahın mükəmməl yaratdığı bir vücud sahibi olub...

Fotolardan üstümə yağan ələmlər yazdırdı mənə aşağıdakı ağlar qoşmanı.

 

Nə dönük iqbalmış, nə dəli ruzgar;

Donub dalğa-dalğa tufan üzündə.

Bu çərxin çənbəri nə kökə salıb:

Nə dərin iz qoyub zaman üzündə.

 

Uçqun şırımları alnında qışın;

Bağrından yol salıb qəm qoşun-qoşun...

Xətasız ötməyib bir çalxanışın:

Lay-lay yatır sirri-sübhan üzündə.

 

Sənin şəkillərin nə qədər canlı,

Sən nə qədər məsum, tale nə qanlı...

Ürək səksəkədə: dərdli-fəğanlı;

İnlər yar üzündə, yaran üzündə.

 

Şəklindən üstümə ələmlər axar,

Min dərdin kölgəsi üzündə qəmxar.

Səninlə oturar, səninlə qalxar:

Yarı aşkar, yarı pünhan üzündə.

 

Bürüyüb hər yandan günah dünyanı,

Daha kim edəcək islah dünyanı?!

Kaş indi görəsən, ey-vah, dünyanı,

Toxtamaz qasırğa bir an üzündə.

 

O simsar üfüqlər öncə utansın!

Təbrizlə yanaşı Gəncə utansın.

Güllər utanmazsa, qönçə utansın;

Ayələr oxunsun nuran üzündə!..

 

Millət ulusunu göz üstdə bəslər,

Görüb bu qeyrəti, coşar həvəslər.

Uca tutulmalı baş olan kəslər!

Allaha yol başlar piran üzündə.

 

O necə qəmxarlıq, bu necə məhşər?!

O necə mürvətdir, bu necə bəşər?!

Fəzilət dayanıb zavala qənşər;

Ömrün məşəqqəti ayan üzündə.

 

Dağ göyün sütunu; söz-sözə dirək!

Sən elə çağladın, mat qaldı fələk...

Dünya ki, görməyib, biz çətin görək:

Sənin kimi şair cahan üzündə!

 

Sözü sehrləmək müşkül icatdı!

Şeirin dil açdıqca səni ucaltdı!

Qartal çırpınışın hər yana çatdı:

Turan zəminində, İran üzündə.

 

Sən zirvə şairi türkü-əcəmin!

Qələm dəryazındır, misralar — zəmin!

Əbədiyyət deyə sənin nə qəmin?!

Qalar məhşərəcən iman üzündə!

 

Uca cəddin sənin yerli-yataqlı!

Ulu bir çinarsan: qollu-budaqlı!

Sözünün şəhdi var: abi-həyatlı!

Yelkənli gəmisən ümman üzündə!

 

Sənsən fəxri-aləm, Şəhriyarımız!

Ləşkəri-qələmdə şahsüvarımız!

Ərşə bülənd olan pür vüqarımız!

Fəhminlə oxunar Quran üzündə!

 

İsmin də, cismin də əmanət bizə!

Hər kəlmən, hər misran ziqiymət bizə!

Ruha sahib çıxmaq ta qeyrət bizə!

İnsanam, deməklə iş bitməz hələ;

Millət şərəf tapar irfan üzündə!

Bakı,

09.04.2013.

 

YOXUŞ QURTARINCA

YENƏ DÜZ BAŞLAR...

 

Ərzurumda fəaliyyət göstərən “Günəş vəqfi” (xeyriyyə cəmiyyəti) ənənəvi saz-söz şüləni keçirir.

Bir neçə il öncə sazımızın mahir ifaçısı Aşıq Ədalət Dəlidağlı və sazın-sözün görkəmli qəmxarı Aşıq Elbrusla birlikdə həmin tədbirdə iştirak edirdim.

Aşıq Elbrus Ərzurumlu Əmrahın türk aləmində geniş yayılmış “Yox-yox” rədifli qoşmasını böyük ustalıq və həvəslə elə ifa etdi ki: onun təsirindən Türkmənistanın Xalq yazıçısı, gərəkli tarixi romanlar müəllifi, İngiltərənin Oksford Universitet birliklərindən birisinin rektoru, həm də məşhur iş adamı Annakulu Nurməmmədov Aşıq Əmrahın qoşmasına maraqlı bir nəzirə yazdı.

Fürsətdən istifadə edərək həmin qoşmanı müəllifin iştirakı ilə Azərbaycan türkcəsinə sərbəst şəkildə uyğunlaşdırdım.

Annakulu NURMƏMMƏDOV

 

YENƏ VAR Kİ!..

              

Sən Aşıq Əmrahsan, ya Elbrussan?..

Min kərə yox desən,  Haqq yenə var ki!

Dağ qüdrət bürcüdür Dərgah önündə!

Sən yüz də “yox” desən, dağ yenə var ki!

              

Türfə gözəlləri mən amma gördüm!

Hər biri güc verir ilhama gördüm!

Bəyaz sinə üstdə şamama gördüm;

Görə bilməsən də, tağ yenə var ki!

              

Biz zəvvar yarandıq; gözəl Kəbədi!

Şair müştaq zənədxana, ləbədi!

Anarım, Fikrətim, Nəbim əbədi!

Müjgan yenə var ki! Ox yenə var ki!

              

Yoxuş qurtarınca yenə düz başlar;

Yay buzu əridər, qışı buz başlar;

Gecənin sonunda bir gündüz başlar!

Acgözlər cəhənnəm, tox yenə var ki!

              

Bir vaxt qan ağladı düzlər qərənfil;

Yaş yerinə tökdü gözlər qərənfil;

Ağlar Məmməd Aslan, sızlar qərənfil...

Ağlar qərənfillər, bax yenə, var ki!

              

Getdi Qoç Koroğlu, qoçaqlar getdi;

Söndü gur tonqallar, ocaqlar getdi.

Bizdən Əmrah olmaz!.. O çağlar getdi,

Nalə yenə var, ax yenə var ki!..

              

Qartalla öcəşmək dəli həvəsim!

İstədim qıy vuram; gəlmədi səsim.

Getdi Məhdimqulum, Molla Nəpəsim...

Onları yaşadan xalq yenə var ki!

              

Annakulu, sirrim çözülən deyil;

Həkk etsəm, qayaya qazılan deyil!

Dünyanın dəngəsi pozulan deyil:

Min-min yox tükənə, “yox” yenə var ki!!

Ərzurum

09.03.2010.

            

QAR  İLƏ  YOĞRULMUŞ  YAZI

 

Fəsil də mənimlə qocalmış demək:

Sitəmlə keçirdim bu yazı belə.

O qədər qar yağmış ömrə, ovqata,

Qar ilə yoğruldu bu yazı belə.

 

Bəxtlə bacarmadım, nataraz qaldı,

Biçənək soluxdu, ac dəryaz qaldı...

Gur dəryam soğuldu, azdan-az qaldı,

Nəyə məsrəf edim bu azı belə?!.

 

Vaxt olub şonqarı sar qırıldadıb,

Zəhərə bükülmüş zəqqum bal dadıb,

Korşalan fəhmimi zənnim aldadıb:

Keçilməz saymışam dayazı belə.

 

Qurulan duzağa, busquya bir bax,

Darda boş yellənən asqıya bir bax!

Gözümü qorxuzan sısqaya bir bax:

Çırmanıb keçərdim Arazı belə.

 

Rəzil xislətiylə bir mərdiməzar

Məni zinhar etdi, ruhumu bizar;

Kölgəmi qılınclar, izimi qazar:

Arxamdan əl çəkməz bu tazı belə.

 

Nə qatı toranmış gözümə çökən;

Bu toran qalanı tapılmaz sökən.

Soldu qönçə ikən, tumurcuq ikən

Könlümün ümidi, murazı belə.

 

Dağıldı o məclis, getdi o şuxlar;

Daha yuvasında durmaz “aşıqlar”...

Bu saz nə sim saxlar, nə pərdə saxlar;

İndi kim kökləyər bu sazı belə?!

 

Çinarlar devrildi, kökü qalmadı,

Buludlar zay oldu: damcı salmadı.

Nə iqlim yerində, nə fəslin dadı;

Dəyişib dağın da havası belə.

 

Qulaqlar qapalı, dil-dodaq qabar,

Allahdan üzülsə, bəndə nə tapar?!

Kökündən laxladı iman, etibar;

Əhdin bünövrəsi, əsası belə.

 

İxtiyar çağında süstləşir adam,

Hava da çatışmır: doyunca udam.

Bədən evə çəkir, ruh göyə müdam:

Qəlbimlə ruhumun qovğası belə.

 

Sapa söz düzməyi çox asan sanma,

Dörd yanın alovdu: daş kəsil, yanma!

Şairlik müqəddəs peşədi, amma:

Qazancı təsəlli; mayası belə...

Sumqayıt,

27.04.2013.

 

BİR BAHAR GƏLİRMİŞ

ARXAMCA DEMƏ

 

İctimai Televiziya və Radio şirkətində bir efir saatından yorğun çıxmışdım. Şirkətin əməkdaşı Qorxmaz Tofiqoğlu qoluma girib, məni “20 Yanvar” metro koğuşuna doğru aparırdı.

Xeyli getmişdik. Qəflətən o biri qoluma İctimai Radionun ədəbi verilişlərdə maraqla qarşılanan aparıcısı Fəxriyyə Lilpar xanım girdi. Dərhal da məni elə studiyalarda olduğu kimi, ciddi sorğu-suala çəkdi:

– Çox gözəlin arxasınca baxan şairin arxasınca heç gözəl baxıbmı?

– Doğrusu, əvvəllər yadımdan çıxıb, indi isə, necə deyərlər: “Yaş yetmiş, iş bitmiş...” Dörd il də artıq...

Bu şux və dilavər aparıcı xanım cavabıma qane olmadı:

– Siz şirkətdən çıxandan burayacan arxanızca gəlmişəm...

Kəsəsini deyim ki,  Fəxriyyə Lilparın bu kəlməsindən sonra aşağıdakı qoşmanı yolboyu misra sığalına yatızdırmağa çalışdım:

 

Yol-iz başqalaşdı, aləm dəyişdi,

Bir gözəl gəlirmiş arxamca demə.

Bəxtəvər günlərim yadıma düşdü:

Bir gözəl gəlirmiş arxamca demə.

 

Nə gözəl ovqatmış, nə incə qoxu!

Nə şirin hüşyarlıq, nə dadlı yuxu!

Bu hansı iqlimin yazıymış axı:

Bir bahar gəlirmiş arxamca demə.

 

Dağın o üzündə qımışsa qönçə,

Onu mən duyardım hamıdan öncə.

O xatirə həzin; bu mətləb incə;

Bir gözəl gəlirmiş arxamca demə.

 

Duyğusuz olmaqdan olmamaq yeydi;

Çiçək bitirmirsə, o nə güneydi?!

Bu olub-bitənlər qəlbimə dəydi,

Bir gözəl gəlirmiş arxamca demə.

 

Könlünün sultanı, həm nurlu şəmi;

Tər gülün-çiçəyin üst-üstə cəmi;

Novruzlarda qapı pusanlar kimi

Bir gözəl gəlirmiş arxamca demə.

 

Üfüqdə vurnuxan səs elə buymuş!

Ömrün tənəzzülü bəs elə buymuş...

Dünyada ünyetməz məsələ buymuş;

Bir bahar gəlirmiş arxamca demə.

Bakı,

01.05.2013.

 

SULTANLAR  SƏFİNDƏ

 

Türkiyənin ustad şairi

Bahaəddin Qaraqoça.

Dinin bahası o; Bahaəddin o!

İlhamı gül açıb, gülüstan olmuş!

Sevdalı dağlara əfsun oxumuş;

Türklüyün ruhunda bir dastan olmuş!

Nazı keçərlidi hər yanda onun:

Hər soydaş yanında, divanda onun!

Nə desə, hazırdı! – bir anda onun!

Sultanlar səfində pür sultan olmuş!

 

Əhsən bu dağlara, qurğu-büsata!

Bu cənnət bucağı gərək naz sata!

Şair evladları boy ata-ata...

Maraş bu sevgidən bir cahan olmuş!

 

Göylərdən nur yağar, sehir ələnər;

Torpağa qum əksən, söz cilvələnər;

Yerin səcdəsinə mələklər enər;

Maraş şairlərə aşiyan olmuş.

 

Məmmədi tapşırdım dağlara sirdaş;

Nazlı bənövşəylə yetər bir göz-qaş!..

Dil aça biləydim bu yerdə, ey kaş! –

Maraşda dil açan xoşzəban olmuş.

Bakı,

04.05.2013.

 

TOYUQLARIN HESABINA

 

(Bir çocuq şeiri)

 

Bu həyətdə toyuq var:

Sərçələr dənə gələr.

Daşdan-kəsəkdən qorxmaz,

Qovsalar, yenə gələr.

 

Çörək gündə töksələr;

Didib kündə töksələr;

Dəni hində töksələr,

Birbaşa hinə gələr.

 

Ac sərçələr doyunca

Şənlənər qapı-baca.

Nənə az qalar uça,

İmana-dinə gələr.

Bakı

08.02.2013.

 

LALƏ ÖYGÜSÜ

 

Torpağa yağmış

Bu gülə-gülzara bax;

Zər gülə bax!

Gül-zərə bax!!!

Güldü bu, işıqdı bu!

Nə əlvan qurşaqdı bu!

Çəməndə nə çox belə:

Yaşılı, qırmızısı!

Bu lalə kimin sevgilisi;

Bənövşə kimin qızı?!

 

Nədən qopub yerə düşmüş

Göyqurşağı, görəsən?!

Bu qəmzəyə, lətafətə

Min əhsən!

İncə-incə, qönçə-qönçə açılan;

Alov-alov püskürən;

Parıl-parıl saçılan

Bağrım kimi param-parça

Laləmi bu?!

Çiçək təbəssümündən sağılmış

Haləmi bu?!

Çiçək-çiçək üstdən yağdı,

gül-gül üstdən...

Köz-köz üstdən yandı;

Yandı gülüstan!..

lll

Bir zamanlar talesiz bir şairimizin bağrını parçalayıb çəmənə düşən, düşüncə də dil açan bir misrası beləcə alov tonqalına döndərdi çəməni:

“Ürəyim parçalanır dağda bitən lalə kimi...”

 

Beləcə fəryad qopartdı otaylı-butaylı Vətən gülzarında beş gün daldalanmağa əl boyda duralğa tapa bilməyən zavallı Bayraməli Hambal.

Bir lalə misrası bir lalə tonqalı oldu; oddandı şair!

Onsuz da alovdan doğulub: oddandı şair!!!

Lalə bu Vətən mülkünün hər bucağında var!

Bağında-bağçasında; od-ocağında var!

 

Burda: bu Şamaxı torpağında daha çox!

Lalədən tut, göyə yüksəl; dağa çıx!

Nədən belə bağrı yanıq bu torpağın!

Bu lalə tonqalına bir də dönün, bir də baxın!!!

 

Yer-göy lalə,

Çəmən lalə:

Həmən qızdı,

Həmən lalə!

 

Pərdə-pərdə

Açıldı bir də

Şəfəqlərdə

Çimən lalə.

 

Kəs yanımı,

Al canımı:

Al qanımı

Əmən lalə!

 

Bitdi həsrət,

Birik, əlbət!

Ya mən dağam,

Ya sən lalə!..

Bakı,

Bahar, 2013.

 

HƏM QIN, HƏM QALA

 

“Tısbağa qınından çıxdı,

Qınını bəyənmədi...”

 

Qədim məsəl.

 

I

 

Qının – Vətənindir, tısbağa, sənin!

Tükənməz borcun var çanağa sənin.

Səni qınayanı sən qına indi;

Bir zərrə suçun yox qınağa sənin.

 

Qınından sıyrılıb, hara qaçdın ki?!

Bəyənib yaşarsan özgə evində.

Qınınla çıxarsan yoxuşu, diki,

Gücü çatmaz sənə azman divin də!

 

Qının – rahat qala! Sən bu qalada!

Sənin nə qorxun var dərdü-bəlada?!

Öləndə qəbrin də: bu çanaq sənin!

Bəxtəvər ömrün var: çox fövqəladə!

 

Allah rəva qılıb hazır qalanı!

Necə xor görəsən rəva qılanı?!

Qın – kəfən; qın – evin;

qın — qalan oldu!

Sənintək bəxtindən yarıyan hanı?!

 

Nankor yurd bəyənməz;

səndən min haşa!

Qınına çəkilib, qorxusuz yaşa!

Yersiz qınaqları vecinə alma;

Sənin günahın yox, düşmə təlaşa!

 

II

 

Hər quşun, böcəyin öz yuvası var;

Bağa qının sevər, insana baxma!

Çanağından qaçan bağa görməzsən;

Əbəs zəhmət çəkib dörd yana baxma!

 

Hər bağa qınına o qədər bağlı;

Ömrü qında keçər əlli-ayaqlı!

Yaşayar zirehli, səyyar çanaqlı;

İkrahla üz tutub, o qına baxma.

Bağa öz qınına illah dəlidi!

Çanağa sevgisi: gəlhagəlidi!

Çanaq hər bağanın daş heykəlidi!

Həqarətlə ona baxana baxma.

Bakı

21.02.2013.

 

 





27.05.2013    çap et  çap et