525.Az

Dövlət quran kədər…


 

Dövlət quran kədər…<b style="color:red"></b> Yataqxanamızın təmizlik görəvlisi olan Camal abi bu il pensiyaya çıxdı. Bizim yataqxanada hamı onu tanıyırdı. Elə bir gün olmurdu ki, Camal abi tələbələr ilə zarafatlaşmasın. Söyüşçül olsa da, heç vaxt qəlb qırmazdı. Keçən il yataqxanadan çıxıb velosipedə minmək istəyirdim ki, başına döndüyüm abim məni çağırdı: “Mirbehram, ya ver de şu bisikleti bir az da biz dolaşalım…” Camal abi velosipedin pedallarını çevirdikcə uşaq kimi sevinir, ürəkdən gülürdü. O, yataqxanın ətrafında bir neçə dövrə vurduqdan sonra velosipedi mənə verdi. Camal abi ağlayırdı: “Qardaş, atamın mənə velosiped aldığı günü xatırladım. Elə xoşbəxt idim ki! Bir gün təkərim partladı. Ağlaya-ağlaya atama xəbər verdim. Kişi gülümsədi: “Atan ölməyib ki, gedərik, təzə təkər alarıq. Anana de, yeməyi hazırlasın. Axşam gedib həll edərik…” Bilirsən, mən o gündən sonra heç vaxt velosiped sürə bilmədim. Həmin gün anamın beyninə qan sızdı və mən… Mənim atam da, anam da öldü, qardaş. Allah mənə övlad da vermədi. Yox, buna da şükür! Amma bir söz deyim, valideynlərini itirmək övladının olmamağından daha ağırdı…”

İnsanların ata-anaları, övladları olduğu kimi ölkələrin də valideynləri, oğulları, qızları olur. Məmləkətimiz üzünü görmədiyi valideynlərini bir aprel günü itirdi. Şimalda bir ovuc Azərbaycan əsgəri düşmənə müqavimət göstərdi. O gün bir neçə saatlıq döyüş oldu və sonra “xalqların qardaşlığı” üçün azərbaycanlı cəsədlərinin üstündən keçib Bakıya təşrif buyurdular gələcəyin “abiləri” (!)  Qeyri-bərabər döyüşün qurbanlıq İsmayılları Çaldırandakı şahın nəvələri idilər. Qorxmaz və ədalətli öldülər: “Mən karvanbasan quldur deyiləm, qoy, Allahın bildiyi kimi olsun.” Onlar Cavad xanın tələbələri idilər. Səngəri torpaqdan yox, ətdən hörmüşdülər.

Azərbaycanın ata-anası var idi, övladları da törədi. 1920 qurbanlarının uyuduğu bu torpağın altı da, üstü də boş qalmadı. Yurdumuzun övladları da şəhid atası, şəhid anası oldular. Camal abi haqlı idi: “Valideynlərini itirmək övladının olmamağından daha ağırdı.” Amma, məncə, daha kədərlisi- valideynlərini və övladlarını itirmək var. Biz tarix boyunca daim ən ağrını yaşamışıq, yaşayırıq. Elə bizi millət edən, AXC-ni və Azərbaycan Respublikasını quran da bu müqəddəs kədərdir. Məmləkəti böyük Azərbaycan olan bütün qardaş və bacılarım ilə bu müqəddəs kədəri bölüşür, yazımı Şah babamızın sözləri ilə bitirirəm: “Bir dərdim var, min dərmana dəyişmərəm.”
Mirbəhram Əzimbəyli
 





28.05.2013    çap et  çap et