525.Az

Varşavada Rostropoviçin 90 illik yubileyi qeyd edildi


 

Varşavada Rostropoviçin 90 illik yubileyi qeyd edildi<b style="color:red"></b> Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyi Varşavanın Kral Sarayında qeyd edilib.
 
Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və səfirliyinin təşkilatçılığı ilə bununla bağlı Polşanın ən mötəbər konsert zalı olan Kral Sarayında təntənəli konsert təşkil edilib.
 
Tədbir Azərbaycan prezidenti İlham Əliyevin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” 10 fevral 2017-ci il tarixli sərəncamının icrası çərçivəsində baş tutub.
 
Varşava şəhərində keçirilmiş təntənəli konsertdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov, Əməkdar artist, Prezident mükafatçısı, tarzən Sahib Paşazadə və Əməkdar artist, violonçel ifaçısı Aleksey Miltıx çıxış ediblər.
 
Konsertdə M.Rostropoviçə həsr edilmiş və onun tərəfindən ifa edilən əsərlərlə yanaşı, Üzeyir Hacıbəyov, Fərhad Bədəlbəyli, Robert Şuman, və başqalarının əsərlər ifa edilib.
 
Konserti giriş sözü ilə açan Kral Sarayının konsert proqramlarının təşkilatçısı Aleksandra Buşta Azərbaycan və M.Rostropoviç haqqında məlumat verib.
 
Qeyd olunub ki, konsertdə Polşa hökumət nümayəndələri, o cümlədən Polşa Seym və Senatının deputatları, Polşada akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, Azərbaycan icmasının üzvləri, iş adamları və jurnalistlər iştirak ediblər.
 





25.09.2017    çap et  çap et