525.Az

Cərrahlıq və xeyirxahlıq virtuozu


 

GÖRKƏMLİ HƏKİM, UNDULMAZ İNSAN MÜRSƏL QARAYEVİN ANIM GÜNÜDÜR

Cərrahlıq və xeyirxahlıq virtuozu<b style="color:red"></b>

Bir neçə ay bundan əvvəl idi. Görkəmli tərcüməçi, şair, Azərbaycan-Finlandiya ədəbi əlaqələri üçün çox dəyərli işlər görmüş Tahirə Cəfərova yanıma gəlmişdi.

Yenə də, özünəməxsus enerji ilə, bərabər görə biləcəyimiz ədəbi layihələrdən, fin dostlarından, onların xarakterindən və poeziyasından danışırdı. Qəfil masamın üstündəki bir kitaba gözü sataşdı:

- Nə kitabdı o?

- Doktor Qarayev haqqında kitabdı. Çoxdan yazmışam. Necə ki...? - bu sualı verirəm və hiss edirəm ki, davam eləməsəm, nəsə qiymətli bir bilgini itirə bilərəm. 

- Tanıyırdız onu?

- Hə, uşaqlıqda məni müalicə eləmişdi...

- Doğrudan? - təəccüb içində soruşuram.

- Hə...Bizim ailələrimiz yaxın idilər.

- Ətraflı danışın, xahiş edirəm.

- Mən onda Ədəbiyyat İnstitutunda oxuyurdum. Rəfiqəmlə qonaq getmişdik, ordan qayıdırdıq. Möhkəm qar yağmışdı, yollar buz bağlamışdı. Hə, bax, onda xuliqanlar, yəqin, ermənilər idi, çünki şəhərin onlar sıx yaşayan səmtindəydik, bizə içinə buz qoyulmuş qartopular atdılar. Rəfiqəmə dəydi. Mənə isə badalaq vurdular, yıxıldım. Evə pis vəziyyətdə gəlib çıxdım. Bir neçə gün müalicəsiz, həkimsiz yatdım, amma Tamara xanım - bibim, nədənsə, vəziyyətimin ağırlığına inanmırdı. Deyirdi ki, yekə qızsan, özünü bu qədər xəstəliyə vurma. Qalx... Sonra mənə doktor Mürsəl Qarayev baxdı və məhz o, Tamara xanımı başa saldı ki, səhv edir, mənim vəziyyətim ciddidir, beynim silkələnib və mənə qətiyyən hərəkət eləmək olmaz. Müalicə kursu yazdı. İynələr... O müalicədən sonra düzəldim... Özü də diaqnozu dərhal, elə mənə baxan kimi qoydu...

Mən isə fikirləşirəm ki, hə, Tahirə xanım düz deyir. İllər əvvəl, Əbülfəs Qarayevə atası ilə bağlı belə bir sual vermişdim ki, olubmu, atanız sizi müalicə etsin? Əbülfəs müəllim demişdi ki, bəli, olub: "Bir dəfə kor bağırsağımdan sancı tutmuşdu. Getdim atamın yanına. Baxan kimi vəziyyəti anladı və məni müharibədə birgə işlədiyi cərrah həmkarının yanına apardı, yəni ona etibar elədi..."

Tahirə xanım fikrə gedir. Görünür, o illərə aid bəzi məqamları dəqiqliklə xatırlamağa çalışır, uzun aradan sonra deyir ki, biz, ümumiyyətlə Qarayevlər ailəsi ilə çox yaxın idik, mən bu haqda xatirələrimdə yazmağa başlamışam, "Literaturnıy Azerbaydjan"da çap olunacaq.

lll

İşlə bağlı, təqvimə baxanda yadıma düşür ki, sentyabrın 26-sı görkəmli cərrah Mürsəl Əbülfəs oğlu Qarayevin anım günüdür, düz 42 il əvvəl bu gün doktor Qarayev vəfat edib. Və onu da xatırlayıram ki, mən Tahirə xanımın "Əski Bakının rəvayətləri və Suomiyə uzanan yol" adlı xatiratının"Tamara xanım" bölümünün Qara və Mürsəl Qarayevlərdən bəhs edən hissəsini tərcümə eləsəm də, dərc etdirməmişəm, "Doktor Qarayev" kitabının arasına necə qoymuşamsa, elə də qalıb...

Hələlik onu deyim ki, Tahirə xanımın bibisi Tamara xanım, bir müddət Berlində də olmaqla, yüksək hüquq təhsili alıb, sonradan isə, SSRİ Prokurorluğu da daxil, bir sıra mühüm orqanlarda, yüksək vəzifələrdə çalışıb, sovet dövründə həqiqi ziyalı, məmur və sənət çevrələrində qəbul olunan, bir neçə dil bilən yüksək erudisiyalı insan kimi tanınıb. Onun, xatirələrində haqqında geniş və həssaslıqla bəhs etdiyi adamlardan biri də anasının əmisi Xalıq bəydir ki, o da Azərbaycanın ilk tibb elmləri doktoru olub. Tahirə xanımın xatirələrinin çevirdiyim həmin hissələrini vərəqləyirəm:

"Tamara xanım Moskvadan Bakıya birdəfəlik qayıdan kimi Maarif  Nazirliyində işləməyə başladı. Nazirin köməkçisi oldu və bu vəzifədə uzun müddət çalışdı. Olduqca ünsiyyətcil adam idi, burda da onu çox sevirdilər. Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin və tanınmış yazıçımız İmran Qasımovun ailələri ilə xüsusən yaxın idilər. İşdən sonra, demək olar, nadir hallarda evdə otururdu, daim qonaq gedirdi, dostları ilə görüşürdü. Əlbəttə, əsas kumiri Qara Qarayev idi. Bizdə Qara Qarayevin iki portreti vardı. Biri orijinaldı. Qara müəllimin öz xətti ilə yazıb hədiyyə elədiyi portretdi. Bu əsər hələ də bizim evdədir. O birisi isə Tahir Salahovun məhşur portretinin reproduksiyası idi. Hər dəfə də Qara müəllimgildən dönəndə ağızdolusu elə hey ondan danışır, heyranlığın gizlətmirdi. Qarayevlər də ona qarşı çox isti və diqqətcil idilər. Doktor Qarayev Xalıq bəyin qızı, uşaqlıqdan əlil olan Allaya da kömək edirdi. Yadımdadır, bir dəfə Alla maşından yıxılıb ayaqlarını sındırmışdı. Mürsəl onda Allaya çox kömək etdi. Xüsusi, fərqli adam idi. Xatırayıram, Xalıq bəy həmişə onun haqqında deyərdi ki, doktor Mürsəl olduqca təcrübəli və istedadlı hərbi cərrah, daxilən zəngin insan və eyni zamanda sadə adamdır.

Doktor Mürsəl Qarayev bibilərimlə dost idi, onlara çox şeyləri danışırdı. Bir dəfə şöbə müdiri işləyəndə onun şöbəsində çalışan rüşvətxor cərrahı necə cəzalandırmasından danışmışdı, mən də eşitmişdim. Demək, həmin o rüşvətxor həkim bir xəstənin qohumlarına necə kələk gəldiyini, onlardan pul aldığını lovğalanaraq doktor Qarayevə danışıb.
 
Sən demə, hər iki ayağı qanqrena olan bir xəstəni gətirirlər xəstəxanaya. O həkim də xəstənin qohumundan pul alıb xəstənin bir ayağını kəsir.
 
Qohumu bəs o biri ayağı niyə kəsmədiyini soruşanda, deyir ki, çünki bir ayağın pulunu alıb, ikincisi üçün pul alanda o biri ayağı da kəsər.

Əlbəttə ki, xəbis adamın bu söhbəti Mürsəl müəllimi möhkəm qəzəbləndirir və həmin həkimi adamsız bir yerə aparıb yaxşıca kötəkləyir. Əlbəttə, Mürsəl müəllim müharibənin od-alovunu görmüş, hələ gənc ikən Kursk hərbi eşalonunun baş həkimi işləmiş, möhkəm adamdı, necə deyərlər, əsl kişiydi və öz həkim andına belə laqeyd münasibət göstərən o şərəfsiz rüşvətxorla başqa cür davrana bilməzdi. Bu, onun xarakterindən irəli gəlirdi... Mürsəl müəllim öz peşəsinə müqəddəs iş kimi yanaşırdı. Onun atası Əbülfəz Qarayev də böyük həkim, səhiyyə xadimi idi. Odessa Tibb Universitetini bitirmişdi..."

lll

Tahirə xanımın xatirələri olan bir neçə vərəqi "Doktor Qarayev" kitabının arasına qoyanda kitabı bir də gözdən keçirirəm: "Mürsəl Qarayev ləyaqətli və faydalı, əsl kişi ömrü yaşadı" - bunu professor Yevgeni Gelfqant yazırdı. "Mənə elə gəlir ki, məhz Mürsəl kimi adamlar Azərbaycanın genofondunu təşkil edirlər" - bu isə bəstəkar Xəyyam Mirzəzadənin sözüdür. Professor Cəmil Əliyev onu "insanlar üçün yaşamağı bacaran insan" adlandırıb.

Kimi böyük cərrah, kimi sadiq dost, kimi istedadlı musiqiçi, kimi mahir ovçu sayırdı onu. Fakt isə belədir ki, İkinci Dünya müharibəsinin qanlı-qadalı illərini yaşamış görkəmli Azərbaycan cərrahı Mürsəl Qarayev 5000-dən (beş min!) artıq uğurlu cərrahiyyə əməliyyatı aparıb. Səhiyyə Nazirliyinin baş cərrahlığına qədər yüksəlib, elmi fəaliyyətlə məşğul olub, tibb elmləri doktoru adını alıb.

lll         

Mürsəl Qarayev 1919-cu ildə anadan olmuşdu. Bu həmin dövr idi ki, Azərbaycan yüz illərdən sonra ilk dəfə müstəqil dövlətə çevrilmişdi. Bu tarixdən 11 gün sonra Bakı Dövlət Universiteti təsis edilmişdi ki, sonradan onun azərbaycanlı rektorlarından birinin məhz doktor Qarayevin yaxın qohumu, Qarayevlər soyunun görkəmli nümayəndəsi Abdulla Qarayev olması da heç təsadüfi deyildi. Danışırlar ki, hələ anası Sona xanımın qucağındaykən, hərbi marş oxuya-oxuya addımlayan milli ordu əsgərlərinə tamaşa edən, sonradan böyük bəstəkar kimi şöhrətlənəcək Qara Qarayev - o vaxtlar balaca Qara - həmin marşı özünəməxsus tərzdə zümzümə edirmiş. XX əsrdə taleyinə paytaxt olmaq yazılmış Bakının məhz "insani planda salınmasında" və memarlığında həm bu soyun, həm də konkret olaraq həmin soyun parlaq nümayəndəsi Mürsəl Qarayevin də sonradan şəksiz rolu olmuşdu.

lll

Mürsəl Qarayev virtuoz cərrahlıq texnikasına malik idi. Hətta deyirlər ki, sağ əli möhkəm əzildiyinə görə əməliyyatlardan birini tək əllə etməli olub. Ümumiyyətlə, həmin gün çox maraqlı və sirli gün imiş. Gecə növbəsində əhəmiyyətsiz travma ilə xəstəxanaya düşən bir xəstəni əməliyyat etdikdən sonra onu diqqətlə müşahidə edən doktor Qarayev, həmin xəstəyə "ehtiyatlı olun, siz bura yenə düşə bilərsiniz" deyib. 2 saatdan sonra həmin adam ağır bıçaq yarası ilə geri gətirilib.

lll

Kitaba düşməyən daha bir hadisəni xatırlayıram. 8 il əvvəldi. Xaqani və Bülbül küçələrinin kəsişməsində dayanıb taksi axtarırdım. Birisi işıqları yandırıb söndürürdü. Mindim. Yolboyu sussaq da, Azneft meydanına çatıb işıqforda dayananda sürücü dedi ki, düz 40 il əvvəl elə bax, burda dayandıq, radio Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması xəbərini verdi. Qara müəllim də maşındaydı. "Hansı Qara?" - soruşdum. "Qara Qarayev" - dedi. "Necə reaksiya verdi?" "Dedi ki, ciddi dəyişikliklər olacaq". "O vaxt da taksiçi işləyirdiz" - soruşurdum. "Yox, Qarayevin sürücüsü idim..." - dedi, sonra da xeyli maraqlı təfsilatlar danışdı. Qəfil sual verdim: "Mürsəl Qarayevi tanıyırdız, Qara müəllimin qardaşını?" "Əlbəttə, birlikdə o qədər yol getmişik ki..." "Necə adam idi?" Cəmi dörd söz deyir, özü də rusca: "On bıl moşneyşim xirurqom!"

 





26.09.2017    çap et  çap et