525.Az

Xanəndə Məmmədəli Əliyev anıldı


 

Xanəndə Məmmədəli Əliyev anıldı<b style="color:red"></b>

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən musiqili gecədə Xalq artisti Ramiz Quliyev çıxış edərək böyük sənətkarın ifasının özəlliklərindən danışıb. O deyib: "Elə sənətkarlar var ki, onların bir və ya bir neçə ifası tarixə düşüb, qəlbləri oxşayıb, əks-səda doğurub. Gözəl səs tempinə malik Məmmədəli Əliyev belə ölməz sənətkarlardandı. Müxtəlif illərdə bir sıra obrazlar yaradan sənətkar yaddaşlara daha çox "Şeyx Sənan" tamaşasında "Kor ərəbin mahnısı"nın mahir ifaçısı kimi həkk olunub. M.Əliyev yaradıcılığı boyu heç nə ifa etməsəydi belə, bu ifa onun nə qədər istedadlı, böyük sənətkar olduğunu sübut edəcəkdi. Yaxşı sənətkar unudulmur, sevilir və yaddaşlarda həmişə yaşayır".

Qeyd edilib ki, tanınmış müğənni Məmmədəli Əliyevin (ədəbi təxəllüsü Sail) bizə gəlib çatan irsi məhduddur. O, 300-dən çox müxtəlif janrlarda yazdığı şeirlərin müəllifidir. Akademik Milli Dram Teatrında 22 il fəaliyyət göstərən aktyor müxtəlif illərdə bir sıra yaddaqalan obrazlar yaradıb.

Musiqili gecədə sənətkarın qəzəlləri səsləndirilib, Rövşən Qurbanovun rəhbərliyi altında "Buta" instrumental ansamblının müşayiəti ilə xanəndələrin ifaları dinlənilib.

Tədbirdə, həmçinin Məmmədəli Əliyevin ifasında "Kor ərəbin mahnısı"nın videoçarxı nümayiş olunub.

 

 





28.09.2017    çap et  çap et