525.Az

Nəşriyyat işi üzrə I Türkiyə-Azərbaycan konfransı - Fotolar


 

Nəşriyyat işi üzrə I Türkiyə-Azərbaycan konfransı - <b style="color:red">Fotolar </b>

Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nəşriyyat işi üzrə Birinci Türkiyə-Azərbaycan konfransının açılışı olub.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşavirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iki ölkənin nəşriyyat rəhbərləri, alimlər, yazıçılar və media təmsilçiləri iştirak ediblər.

Konfrans iştirakçıları açılışdan öncə Azərbaycan Yazıçılar Birliyini ziyarət edib, Birliyin sədri, Xalq yazıçısı Anarla görüşüb, fikir mübadiləsi aparıblar.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, yazıçı və alim Pərvin Nurəliyeva qonaqları salamlayaraq, konfrans haqqında məlumat verib, iki ölkənin mədəni əlaqələrinin inkişafı baxımından konfransın əhəmiyyəti barədə danışıb.

Türkiyə səfirliyinin mədəniyyət müşaviri, yazar və alim İrfan Çiftçi konfransın məqsədlərindən söz açıb: "Mən Azərbaycanda bu işdə çalışmağa gələrkən söyləmişdim ki, Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin genişləndirilməsi vacibdir. Diqqət yetirəndə görmək olar ki, bəlkə bizim bu yöndə daha böyük işlər görə bilməməyimizdə, pərakəndəlik yaranmasında bir-birimizə bu qədər yaxın olmağımız da mənfi mənada rol oynayıb. Çünki bəzən yaxınlıq bir növ arxayınlıq yaradır. Ona görə də bu əlaqələr keçmişdən indiyədək çox da dərinlik qazana bilmədi. Hazırda bizim bütün işlərimiz bu istiqamətdədir. Mənim fikrimcə, Azərbaycan dili də Türkiyədə digər xarici dillər kimi tədris olunmalı, öyrədilməlidir ki, hər kəs bu dili akademik şəkildə öyrəndikdən sonra eyni dil olduğunun fərqinə varsın. Türkiyədə Azərbaycan, Azərbaycanda Türkiyə ədəbiyyatı yetərincə başa düşülmür. Bu iki millətin həqiqətən də bir ola bilməsi üçün bir-birimizi daha yaxından tanımağımız şərtdir. Çox sevindirici haldır ki, bu gün V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında xarici ölkələrdən ən böyük yeri Türkiyə tutur, ən çox nəşriyyatla da məhz Türkiyə təmsil olunur".

AYB-nin katibi Rəşad Məcid də konfransın əhəmiyyəti və görülməli işlər barədə düşüncələrini bölüşüb: "Belə bir konfransın təşkili, Türkiyə yayın evləri ilə qarşılıqlı əlaqələrin qurulması bizim çoxdankı arzularımızdan biri idi. Mən düşünürəm ki, başlanğıc üçün bu cür geniş konfransın təşkil edilməsi gələcəkdə də mühüm işlərin görülməsinə yol açacaq. Bizdə hələ ki, nəşriyyatların maddi imkanlarının zəifliyi, öz vəsaiti hesabına əsərlər çap etməsi bir sistem halında formalaşmasa da, bəzi yayım evləri bu yolda mühüm addımlar atırlar. Ümid edirik ki, zaman keçdikcə bu problem də öz həllini tapacaq".

Konfransda Türkiyənin "Yeni insan" yayın evinin rəhbəri Akif Pamukun təqdimatında "İstanbul Fellowship Programı" ilə bağlı ətraflı məlumat verilib. Daha sonra çıxış edən Türkiyə kitab-yayın evlərinin rəhbərləri Tayfur Eser, Bahtiyar Aslan, Tolga Yılmaz, Salih Zeki Meriç, Ahmet Yıldız konfransın əhəmiyyətindən söz açaraq, kitabçılıq sahəsində Türkiyə -Azərbaycan əməkdaşlığının faydalı tərəflərindən bəhs ediblər.

Tədbirdə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, "Hədəf" nəşrlərinin rəhbəri Şəmil Sadiq, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, şair və tərcüməçilər - Qismət, Fərid Hüseyn, yazıçılar - Pərvin, Mirmehdi Ağaoğlu çıxış edərək kitabçılığın ortaq inkişaf yolları, mümkün layihələr haqda danışıb, bu istiqamətdə təkliflər irəli sürüblər.

Konfrans bu gün müzakirə və təqdimatlarla öz işini davam etdirəcək.

Şahanə MÜŞFİQ

 





29.09.2017    çap et  çap et