525.Az

Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik dövlətdir


 

"ÖLKƏMİZDƏ HƏYATA KEÇİRİLƏN İQTİSADİ VƏ STRUKTUR İSLAHATLARIN EFFEKTİV NƏTİCƏLƏRİ DÜNYA İQTİSADİ FORUMUNUN DİQQƏTİNDƏN YAYINMAYIB"

Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik dövlətdir<b style="color:red"></b>

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması ölkədə aparılan iqtisadi islahalatın məntiqi nəticəsidir.

Açıqlanan yeni reytin cədvəlinə görə, Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta Böyük "20-liy"ə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalıb. Nüfuzlu reytinq cədvəlində qonşu ölkələrdən Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada yer alıb.

"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın mövqeyi 12 indikatordan 9 indikator üzrə yaxşılaşıb. Dövlətimiz ən böyük irəliləyişi (20 pillə) "Biznesin mürəkkəbliyi" kateqoriyası üzrə əldə edib. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş qeydə alınıb.

"İnfrastruktur" kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. "Əmək bazarının səmərəliliyi" kateqoriyasında "istedadların səmərəli istifadəsi" göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi ölkələri üstələyib. "Əmtəə bazarının səmərəliliyi" indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir. Yalnız iki indikator - "Makroiqtisadi mühit" və "Texnoloji hazırlıq" üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq, "Makroiqtisadi mühit" kateqoriyası altında "hökumətin büdcə balansı" göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub.

"2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün 4-cü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə əksinə, mövqelərini gücləndirib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honkonq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb.

Qeyd olunmalıdır ki, prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın iki pillə irəliləməsi göstərir ki, digər mötəbər reytinqlərdə də Azərbaycanın mövqeləri daha da güclənəcək.

Mövzu ilə bağlı fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın mövqeyinin yaxşılaşması və MDB ölkələri arasında birinci olması ölkəmizdə investisiya mühitinin yaxşılaşmasından, eyni zamanda, ölkənin rəqabət qabiliyyətinin güclənməsindən xəbər verir. O, SİA-ya bildirib ki, ölkəmiz regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik olan ölkədir: "Sevindirici haldır ki, Azərbaycan MDB ölkələri arasında ən rəqabətqabiliyyətli ölkədir. Eyni zamanda, Azərbaycan həm də qonşu İran və Türkiyə ilə müqayisədə rəqabət qabiliyyətinə görə daha öndədir. Bu isə ondan xəbər verir ki, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə regionun ən aparıcı ölkəsidir. Neftin qiymətinin dünya bazarında aşağı olduğu dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin yüksək olması və bunun dünyanın ən aparıcı iqtisadi forumu tərəfindən qiymətləndirilməsi təqdirəlayiqdir. Bu, əslində, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlara beynəlxalq qiymət kimi də xarakterizə edilməlidir. Nəticə etibarilə bu, ondan xəbər verir ki, post-neft dövründə aparılan islahatlar Azərbaycanın rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarıb. Nəticədə neftin dünya bazarında qiymətinin aşağı olmasına və ölkəyə daxil olan neft gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycan rəqabətqabiliyyətli ölkə mövqeyini nəinki qoruyub saxlayıb, hətta gücləndirə bilib. Bu isə ondan xəbər verir ki, Azərbaycanda artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar həm ölkənin investisiya mühitinin daha da yaxşılaşmasına, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsinə və mövcud infrastrukturdan və potensialdan iqtisadi diversifikasiya imkanları üçün istifadə edilməsinə gətirib çıxarıb".

V.Bayramov hesab edir ki, dünyanın aparıcı beynəlxalq qurumlarından biri olan Dünya İqtisadi Forumunun hesabatında ölkəmizin mövqeyinin yaxşılaşması həm də Azərbaycanda investisiyanın cəlbi və ölkənin mövcud potensialının təqdim edilməsi baxımından vacibdir: "Bu, Azərbaycana mövcud potensialını təqdim etməyə, xüsusilə də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini davam etdirməyə imkan verir. Bu hesabatı həm də Azərbaycan iqtisadiyyatının xaricdə təqdimatında, ölkəmizin mövcud potensialının, eləcə də iqtisadi imkanlarının təqdimatında, investisiyanın cəlb edilməsində vasitə kimi xarakterizə etmək olar. Çünki aparıcı şirkətlər investisiya qərarı verən zaman məhz belə hesabatlarda ölkələrin mövqeyinə diqqət yetirirlər".

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd edib ki, "Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqinin daha iki pillə yüksələrək 35-ə çatması hər şeydən öncə ölkəmizdə həyata keçirilən mühüm iqtisadi islahatlarla əlaqədardır: "Bu göstərici ilə Azərbaycan MDB məkanında birinci olmaqla, hətta İtaliya, Rusiya, Türkiyə, Hindistan, İndoneziya kimi bir sıra G20 ölkələrini arxada qoyaraq öz yerini iqtisadi rəqabətlilik baxımından çox ciddi şəkildə möhkəmləndirib. Əgər biz müəyyənləşdirilmiş kriteriyalara diqqət yetirsək, görəcəyik ki, belə hesabatlar zamanı 12 indikator üzrə qiymətləndirmələr aparılır və bu indikatorların əslində necəliyi də reytinqi müəyyənləşdirir. Bu baxımdan Azərbaycan "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 12 indikator testindən 9-u üzrə çox yüksək nəticələr göstərib. Azərbaycanı 35-ci pilləyə daşıyan da elə bu göstəricilərdir. Biz hər bir göstəricini təhlil etməyə çalışsaq, görəcəyik ki, 2014-2015-ci illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və struktur islahatları bu uğuru əldə etməyimizə səbəb olub".

Azərbaycanda 2014-2015-ci illərdə baş verən iqtisadi proseslərdən sonra ciddi institusional və struktur islahatlarının aparıldığını deyən H.Babaoğlu söyləyib ki, görünür, bu islahatların aparılması və onun effektiv nəticələri Dünya İqtisadi Forumunun diqqətindən yayınmayıb: "Qısa müddətdə bəlli olub ki, aparılan islahatlar strateji xarakterli və effektiv islahatlardır. İkinci indikator olan infrastruktur üzrə Azərbaycan 4 pillə irəliləyib. Doğrudan da, Azərbaycanda yeni infrastrukturun yaradılması ilə bağlı çox böyük işlər görülüb. İnfrastruktur isə ölkənin iqtisadi inkişafını şərtləndirən əsas baza komponent hesab olunur. Çünki magistral yollar, kommunikasiyalar, enerji və rabitə təchizatı olmasa sahibkarlığın və iqtisadi göstəricilərin inkişafından da danışmaq olmaz. İkinci indikator üzrə irəliləyişimizdə ölkəmizdə həyata keçirilən infrastruktur islahatları böyük rol oynayıb. Yolların çəkilməsi, su və qaz təchizatı kimi mühüm məsələlər məhz növbəti indikator üzrə irəliləyişimizi təmin edib".

H.Babaoğlunun sözlərinə görə, üçüncü indikator isə səhiyyə, tibb, təhsil, üzrə olan indikatordur ki, burada da yenə Azərbaycanda tibb, səhiyyə və təhsil sahəsində aparılan islahatlar diqqəti cəlb edib: "Biz bu indikator üzrə təqribən 6 pillə irəliləmişik. Çünki Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı artıq Mingəçevir və Yevlax şəhərində pilot layihələr həyata keçirilir. Bütövlükdə, Azərbaycanda çoxsaylı tibbi diaqnostika mərkəzləri, xəstəxanalar tikilib. Bunların ümumi sayı ötən 15 il ərzində 600-dən çox olub. Bu isə Azərbaycanda səhiyyə xidmətində yeni keyfiyyət dəyişikliyi yaradıb. Ona görə də haqlı olaraq bu məsələdə də ölkəmiz yüksək qiymətləndirilib".

"Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmizin reytinqdə daha iki pilləyə yüksələrək 35-ci yerdə qərarlaşması möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Görüdüyü kimi, Azərbaycanın sürətli inkişafı təkcə ölkə daxilində deyil, xaricdə də maraqla izlənilir və beynəlxalq hesabatlarda öz əksini tapır". Bu fikirləri isə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. Vüqar Rəhimzadə qeyd edib ki, hesabatda bir sıra mühüm məqamlar xüsusi olaraq diqqət çəkir: "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda qeyd edildiyi kimi, ölkəmiz dünya dövlətlərinin hər dördündən üçünü geridə qoyub, həmçinin MDB məkanında öz liderliyini qoruyub. Ən əsası isə G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi dövlətlər belə iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə ölkəmizdən geridə qalırlar. Hesab edirəm ki, bu faktlar son illər Azərbaycan həyata keçirilən uğurlu islahatların göstəricisidir". YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, bu gün Azərbaycan regionun ən güclü dövlətidir: "Hər bir ölkənin gücü onun hərbi potensialı, iqtisadi imkanları, siyasi çəkisi və s. ilə ölçülür. Əminliklə deyə bilərik ki, qlobal layihələrin əsas iştirakçısı və təşəbbüskarı olan Azərbaycan böyük iqtisadi imkanlara malik olmaqla yanaşı, eyni zamanda beynəlxalq aləmdə etibarlı əməkdaş, böyük dövlətlər üçün isə strateji tərəfdaşdır. Ən müasir hərbi texnika və texnalogiyalarla təchiz edilmiş Milli Ordumuzun gücü isə ölkəmizin nə qədər böyük hərbi potensiala malik olmasından xəbər verir. "Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda qeyd edilir ki, rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb. Bu göstəricilər qeyd etdiyim kimi, Azərbaycanın regionun ən güclü dövləti olması faktını bir daha təqdiqləyir".

Ceyhun ABASOV

 





29.09.2017    çap et  çap et