525.Az

Lənkəranda Sahibkarlığa Kömək Milli Fondu işgüzar forum keçirdi


 

Lənkəranda Sahibkarlığa Kömək Milli Fondu işgüzar forum keçirdi<b style="color:red"></b>

Dünən Lənkəranın Darquba kəndində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən verilən məlumata görə, forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq və çayçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 1154 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 90,4 milyon manat güzəştli kredit verilib.

İşgüzar forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək və 50-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Lənkəranda güzəştli kredit ayrılmış çayçılıq və sitrus bağçılıq təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə indiyədək, çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat, sitrus bağlarının yaradılması üçün isə 40-dək sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.

Ceyhun ABASOV

 





30.09.2017    çap et  çap et