525.Az

İqtisadi Artımın Bərpası Proqramının sosial prioritetləri müzakirə olundu


 

İqtisadi Artımın Bərpası Proqramının sosial prioritetləri müzakirə olundu<b style="color:red"></b>

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyası ilə görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə nazir Səlim Müslümov çıxış edərək bildirib ki, Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı da sosial prioritetlərin, xüsusən əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək.

Nazir vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən milli iqtisadiyyatın sağlam təməllər üzərində və iqtisadi şaxələndirmə əsasında, yeni çağırışlara uyğun inkişaf etdirilməsi yönündə aparılan siyasət son illərin qlobal iqtisadi böhranı şəraitində də ölkənin dayanıqlı inkişaf tempi nümayiş etdirməsinə imkan verib: “Son on ildə ümumdaxili məhsulun 3 dəfədən çox artdığı ölkəmizdə bu dövrdə qeyri-neft iqtisadiyyatında 2,6 dəfə artım əldə edilib. Bu uğurların davamı kimi, ötən il respublikanın qeyri-neft sənayesi 5 faiz artıb, cari ilin 8 ayında isə sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 4,3 faiz artmasına nail olunub. Aparılan məqsədyönlü iqtisadi siyasət əmək bazarında da sabitliyin qorunub saxlanmasına, eyni zamanda, əmək ehtiyatlarının məşğulluğuna yönəlik aktiv tədbirləri yüksələn xətlə davam etdirməyə zəmin yaradıb. Təkcə son 5 ildə, yəni, 2011-2016-cı illərdə məşğul əhalinin sayında 8,8 faiz artım özünü göstərib. Muzdlu əmək fəaliyyəti göstərənlərin sayı isə həmin dövrdə təqribən 10 faiz artıb. Şəffaf biznes mühitinin formalaşdırılması, sahibkarlığın dövlət tərəfindən ardıcıl şəkildə maddi-institusional dəstəklənməsi, 2004-cü ildən indiyədək sahibkarlara 2 milyard manatdan çox güzəştli kreditlərin verilməsi və s. tədbirlər özəl bölmənin ümumdaxili məhsulda çəkisinin 80 faizi ötməsi ilə paralel olaraq, onun məşğulluqda payının 76 faizə çatmasına imkan verib”.

Nazir aktiv əmək bazarı proqramları barədə məlumat verərək, son illərdə bu sahədə yeni və mühüm bir istiqamətin formalaşdırıldığını qeyd edib: “Bu istiqamət işsiz və işaxtaranların dövlət yardımından və müavinət sistemindən asılılığının aradan qaldırılmasına və onlarda sahibkarlıq düşüncəsinin formalaşdırılmasına, bunun üçün dövlətin dəstəyi ilə həmin insanların sahibkarlıq fəaliyyətinə keçidinin təmin olunmasına yönəlib. Özünüməşğulluq proqramı əsasında belə vətəndaşlara təmənnasız olaraq mal və materiallar verilməklə, onların ailə əməyinə əsaslanan və gələcəkdə ailə biznesinə imkan yaradan fərdi təsərrüfatlara yiyələnmələri təmin edilir. Bu, digər tərəfdən, qeyri-neft bölməsində istehsal və xidmətlərin, ümumən, iqtisadi fəallığın artmasına dəstəkdir. Növbəti ildən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqi əmək bazarının tələbləri əsasında digər aktiv məşğulluq tədbirləri kimi, bu proqramın da əhəmiyyətli şəkildə genişlənməsinə imkan verəcək. Həmçinin, bu sistem əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılmasında da öz rolunu oynayacaq”.

S.Müslümov Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının ölkəmizdə iqtisadi inkişafın balanslaşdırılması yönündə fəaliyyətin əmək bazarı üzrə çevik tədbirlər kompleksinin dəstəklənməsinə yönəldilməsinin önəmli ola biləcəyini vurğulayıb.

İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyanın üzvü, Ticarət və Rəqabətlilik Qlobal Praktikasının aparıcı iqtisadçısı Volfanq Fengler, Makroiqtisadi və Fiskal İdarəetmə Qlobal Praktikasının iqtisadçısı Nadir Ramazanov, İqtisadi Artım, Maliyyə və İnstitutlar üzrə proqram rəhbəri Jenevyev Boyro, Makroiqtisadi və Fiskal İdarəetmə Qlobal Praktikasının ölkə üzrə iqtisadçısı Yelena Bondarenko Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan islahatların ölkədə ümumi iqtisadi dayanıqlığı stimullaşdırdığını vurğulayıblar. Onlar İqtisadi Artımın Bərpası Proqramının əsas məqsədinin də bu istiqamətdə islahatlara, habelə əmək bazarının inkişafı tədbirlərinə dəstək verməyə yönəldiyini bildiriblər.

Görüşdə qeyd olunan proqramın prioritetləri, əmək bazarının tənzimlənməsində yeni yanaşmalar, işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması, əmək resurslarının peşə və ixtisaslar üzrə bacarıqlarının daim inkişaf edən iqtisadiyyatın tələblərinə və müasir çağırışlara uyğun olaraq artırılması məsələləri müzakirə olunub.

Ceyhun ABASOV

 





30.09.2017    çap et  çap et