525.Az

Dumansız Albion - Təsəvvürdən təəssürat reportajı


 

Dumansız Albion - <b style="color:red">Təsəvvürdən təəssürat reportajı</b>

(Əvvəli ötən şənbə sayımızda)

Britaniya ənənələrə sadiq ölkədi, parlament islahatları kralın səlahiyyətlərini məhdudlaşdırsa da ləğv etmədi. Tək krallıq yox, ölkənin ənənəvi zadəganlıq istitutu da qorunub saxlanıldı - parlamentin Lordlar palatası kimi. Palata ali ruhanilərdən, zadəganlardan formalaşır, lordların əksəriyyəti bu hakimiyyəti irsi olaraq qazanır.

Ölkənin qanunverici söz sahibi seçkili orqan olan Nümayəndələr palatasıdı.

Parlament meydanından keçib, qoca Çörçillin heykəlinin yanından ötüb yola davam edirik.

Vestminster Abbatlığı parlamentin iki addımlığındadı. Bir adı da Müqəddəs Pyotr olan kilsə ön tərəfdən Paris Notr-Dam kilsəsinə bənzəyir. Hər ikisi qotik memarlıq stilində tikilib. Britaniya krallarının tacqoyma və kəbin mərasimləri burada keçirilir.

Abbatlıqdan Bukingem sarayına piyada on beş dəqiqəlik yoldu. Hazırkı Britaniya kraliçası II Elizabet burada yaşayır. Biz keçəndə sarayın damında bayraq yox idi, bu o deməkdi ki, sahibə evdə deyil.

Evdə olaydı, dönüb bir stəkan çayın içərdim. “Zaman”dan söz salardım. “Zaman” bir vaxtlar adına “konzavod” dediyimiz Ağdam Atçılıq Zavodunda yetişdirilən Qarabağ atlarından idi. 1956-cı ildə Britaniyaya səfər edən Sovet rəhbəri Nikita Xruşşov təzəcə taxta çıxan bu kraliçaya bağışlayıb. Qızılı-kürən ayğır duruşu, yerişi, qaçışıyla kraliçanı heyran qoyubmuş. Danışırlar ki, “Zaman” burda çox yaşamır, qüssədən ürəyi partlayır. Qürbətin nisgilinə ürəkmi dözər. Nə olar at ürəyi olanda!

Kraliça Viktoriyanın qızılı abidəsi olan dairəyə dövrə vurub Müqəddəs Ceyms parkına keçirik. “İmperiya Hərb muzeyi” parkın o biri başındadı. Bura gələsi olsanız, mənə baxmayın, siz mütləq muzeyin “Çörçill Müharibə Otağı”na dəyin.

Britaniyanın iki kərə baş naziri olmuş Uilyam Çörçill dünyanın siyasi gedişinə yön verən tək-tək tarixi şəxslərdəndi. O, 1946-cı il martın 5-də ABŞ-da Fulton Vestminster kollecində tarixə “Fulton çıxışı” kimi yazılan nitqində SSRİ ilə gələcək münasibətlərin konturlarını cızır. Soyuq müharibənin başlanğıcı bu çıxışdan hesablanır. Elə həmin ilin noyabrında İranın şimalında Sovetin dəstəyilə qurulmuş Azərbaycan Milli Hökuməti qanda boğulur. Sən demə bu iki hadisənin bir-biriylə əlaqəsi varmış.

Hələ 1941-ci ildə İran Britaniya ilə SSRİ arasında pay-püş edilmişdi. Almaniyaya meylli Rza şah devrilib sürgün olunmuş, yerinə müqəvva kimi oğlu gətirilmişdi. Professor Cəmil Həsənli “SSRİ-İran: Azərbaycan böhranı və Soyuq müharibənin başlanması” kitabında Soyuq müharibənin məhz burda başladığını yazır.

Müharibədən sonra dünya qaliblər arasında bölüşdürülür. Mərkəzi və Şərqi Avropaya yiyələnən SSRİ İranı Britaniyaya güzəştə gedir. Çörçill xatirələrində bunu “İran tikəsini Stalinin boğazından çıxarmaq” kimi xarakterizə edir. Çanaq bizim başımızda çatlayır - bir əsrdən artıq ikiyə bölünmüş Azərbaycanın tarixi birləşmək şansı əldən çıxır.

Müqəddəs Ceyms parkında gölün qırağında bunları kədərlə düşünürdüm. Oturduğum skamyadan göl, əksi gölə düşən ağaclar, quşlar daha maraqlı gəldi. Və beləcə Çörçillin muzeyinə getməyə həvəsim öldü.

lll

Səfərin son günü gəzintiyə “London körpüsü”ndən başladıq. Bura metronun eyni adlı stansiyasından gəlmək olur. Körpünü keçib Temza çayı boyu sahillə gəzə-gəzə on dəqiqəyə “London Tauer”ə çatdıq. Min yaşı olan qalanı dolaşmaq istəsəniz azından yarım gün sərf edəcəyinizi bəri başdan göz önünə alın.

Bu yerdə turist axını üç yerə bölünür. Bir hissə qalaya baxmağa gedir, bir qrup gəmiylə gəzməyə üstünlük verir. Biz üçüncülərə qoşulub “Tauer körpüsü”nə getdik.

Londonun simvollarından olan “Tauer körpüsü” XIX əsrin sonlarında tikilib. Çayın hər iki sahilində ucaldılan qala-bürcləri bir-birinə iki körpü birləşdirir. Nəqliyyatın keçdiyi aşağı körpü açılıb-bağlanandı. Yuxardakı piyada körpüsü indi turistləri cəlb edən qalereyadı.

Şüşə döşəməli 65 metr hündürlükdən aşağı baxanda əvvəl-əvvəl başın gicəllənir. Addımladıqca hündürlük qorxusu çəkilir, öyrəşirsən.

“İnsanlar az körpü salıb, çox divar hörürlər”, yadıma Nyutonun bu sözləri düşür.

Bunu Nyuton insanların bir-birinə əl uzatmağa ehtiyacın olduğu vaxtda deyib. Bu o vaxt idi ki, vəba 100 min insanı məhv etmişdi, Hollandiya ilə aparılan uğursuz müharibə ölkəni haldan salmışdı, “Böyük London yanğını” şəhəri bürümüşdü. İngiltərə “lənətlənmiş” total depressiya illərini yaşayırdı. Ardıcıl bəlalar şəhərləri boşaldır, adamları “qın”ına yığırdı. Dahi Nyuton da bağlanan kollecdən kitab-dəftərini, alətlərini evinə daşıyıb, təcrid olub, böyük kəşflərini elə burada eləməyə başlamışdı.

Bunlar çox-çox əvvəllər olub, indisə London ömrünün bəxtəvər çağını yaşayır. “Tauer körpüsü” şəhərin ən gəziməli yerlərindəndi. Amma biz bir dostumuzla görüşməliyik, odur ki, vaxt itirmədən buradan ayrılıb vədələşdiyimiz “Victoria” stansiyasına gedirik. 

İngilis pabında Azərbaycan havası

Rauf Qaraişıqla xanımı Sauthemptom şəhərindən bizimlə görüşmək üçün gəliblər. Elə bizim oteldə bir gecəlik otaq götürüblər ki, söhbətləşməyə, yaxından tanış olmağa çox vaxtımız olsun.

Rauf mühəndisdi, onu feysbuk dostları arasında şair kimi tanıdan jurnalist İbrahim Nəbioğludu. Maraqlı şeirlərini, haykülərini paylaşanda vətəndən uzaqda qərib bir şairin yaşamasından xəbər tutduq.

Onunla tanışlığım poçtla göndərdiyi şeirlər kitabıyla başladı. O günsə canlı görüşdük. Yağışın bitməsini metroyla üzbəüz “Şekspir” pabında gözlədik.

Yağışsız günümü var Londonun - axşamacan şəhəri çətir altında dolaşdıq.

Axşam Zülfüqar Əhmədoğlu da Londonun o biri başından gəldi və Raufla məni “Courtfield” pabına apardı.

Britaniya pabları bir növü bizim çayxanalar kimidi, dostların, tanışların yığışıb gap elədiyi yerdi. Çayxanadan fərqli olaraq burda içki içirlər. Viski, pivə, çaxır daha çox populyardı.

Pablar Britaniya kültürünün bir hissəsidi. İctimai yerdi. Qədim ənənələrə söykənən istirahət və əyləncə mərkəzidi. Gecələməyə yeri olan pablara qədim Roma dövründən taverna deyərlər. Eynən bizim karvansaralar kimi.

İngilis pabında iki Azərbaycan ziyalısı arasında elə bilirsən 1980-ci illərin Bakı çayxanasındasan. Bakıya təzə gəldiyim vaxtlarda ən xoş keçirdiyim anlar “Azneft çayxanası”nda o dövr ağıllı adamlarının söhbətlərinə qulaq asmaq idi.

Masamızda “pub nemətləri”ylə yanaşı, Arif Əliyevin “Yalama”sı, İlham İsmayılın “KQB-MTN. Görünən dağın bələdçiliyi”, Rauf Qaraişığın “77 şeir”, bəndeyi-həqirinizin “Çöl Qala” kitabları var. Bir-birimizə kitab bağışlayırıq. Çoxu Zülfüqara düşür.

Məclisin ovqatı bayırdakı yağış havasındadı - nostalji duyğulara pabın romantikası xüsusi rəng qatır. Pab alaqaranlığında közərən hər lampa şüası yüz il keçsə belə yad ölkəyə uyuşa bilməyən qəribin sabaha ümidinə bənzəyir. Vətən xiffəti qəribi ölüncə tərk etməyən tək duyğudu. Biləsiniz deyə, deyirəm bunu.

Vətən dediyin -
Sumqayıtın zavod çörəyidi.
Qarbuşkası, yəni...
Bir az da iyli brınza
Bir də...
Bir dəmir qruşka
Şirin çay.
Bir də,
Bir də
Səni
Olmayan Vaxtından
Daha çox sevən
Bir Adam
Vəssalam... 

Raufun kitabından oxuyuram bu şeiri. Sonra bu vətən-adamlarla bitməsini istəmədiyimiz yurd havalı məclis davam edir.

Vətən dağı, meşəsi, dəniziylə deyil, adamlarıyla vətəndi. Ələlxüsus da ziyasından bir tel nur alacağın adamlarıyla. Bax, elə Zülfüqar kimi, Rauf kimi.

İki gün qabaq məni Londonun gecə həyatı ilə tanış edən Qərvəndlı Fuad Məmmədov kimi. Fuad bəy London küçələrində maşını elə sürürdü ki, elə bilirdim, məni Ağdamın bir məhləsindən o birinə keçir. Doğma Qarabağ ləhcəsiylə bir gecədə İngiltərə və ingilislər haqda yuxarıda bəhs etdiyim “Palıd kökləri” qədər informasiya verdi.

lll

Son gecə Londonun yağışlı küçələrini xeyli dolaşdıq. Küçə fənərlərinin, reklam işıqlarının iynəgöz şüaları fonunda şütüyən qara London “keb”ləri - dünyaca məşhur taksilər, ikimərtəbəli qırmızı avtobuslar kino lentini xatırladır, qəribə ovqat yaşadırdı. Elə bil, yağış damlaları da çətiri musiqi ladında döyəcləyirdi - əfsanəvi “Beatles” qrupunun “Yağış” mahnısını oxuyurdu.

İyul-avqust 2017

 





30.09.2017    çap et  çap et