Sentyabrın 28-də açılan V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində tədbirlər sentyabrın 29-da davam etdirilib.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi-yarmarkanın ikinci günündə bir sıra azərbaycanlı və xarici yazarların kitablarının təqdimatı, imza günləri olub.
“Azərbaycan-Türkiyə nəşriyyat işi” konfransı dünən də öz işini davam etdirib. İlk tədbir Bakı İdman sarayının mətbuat zalında gerçəkləşib. Tədbir Türkiyə və Azərbaycanda nəşriyyat işləri, bu sahədə əməkdaşlıq haqqında videoçarxın nümayişi ilə başlayıb.
Azərbaycan və Türkiyə naşirləri arasında reallaşan görüşdə müxtəlif mövzularda çap edilən kitabların tərcümə olunmasından danışılıb.
“Ötüken” nəşriyyatının təmsilçisi Ərtoğrul Alpay Türkiyədə bu yöndə görülən işlərdən, təmsil etdiyi ölkənin kitab bazarının hazırkı durumundan bəhs edib. Bildirib ki, qardaş ölkədə hazırlanan nəşrlərin böyük əksəriyyətini təhsil və dinlə bağlı kitablar təşkil edir. Bədii ədəbiyyat bütün nəşrlərin 32 faizi qədərdir.
Türkiyənin “Nar” yayınlarının direktoru Tayfur Esen TEDA - “Türk kültür, sənəd və ədəbiyyat əsərlərinin başqa dillərdə yayımlanmasına dəstək layihəsi” haqqında məlumat verib. Bu layihənin əsas məqsədi Türkiyə ədəbiyyatının tərcüməsini həyata keçirmək, daha çox oxucu auditoriyasına təqdim etməkdir. TEDA proqramı bu günə qədər 66 fərqli ölkədə 59 fərqli dildə 2312 kitabın yayımlanmasına dəstək verib. Layihədən 541 fərqli nəşriyyat, 510 fərqli yazarın 1308 fərqli əsəri dəstək görüb. 700 əsər isə hazırda dəstək gözləyir. Bu dəstəkdən ən çox yararlanan dillərdən biri ingilis dilidir. Ən çox yararlanan ölkələr isə Balkanlar və Ərəb ölkələridir. Azərbaycan da bu layihədən ən çox yararlanan ölkələr sırasındadır. 2005-2017-ci illər arasında 87 kitabın Azərbaycandakı nəşrinə dəstək verilib.
Azərbaycan və Türkiyə naşirlərinin dünən üçün ikinci görüşü sərgidəki Milli Kitabxana stendi yanında təşkil edilib. Bu görüşdə müzakirələr elektron və pirat nəşrlər mövzusu ətrafında aparılıb.
Azərbaycan Yaradıcılıq Fondunun təmsilçisi, şair və ədəbiyyatşünas Qismət Rüstəmovun aparıcı olduğu müzakirədə “Ötüken” nəşriyyatının təmsilçisi Ə.Alpay pirat yayımçılıqdan danışıb. Türkiyə nəşriyyatlarının ən böyük probleminin məhz piratçılıq olduğunu deyən naşir buna qarşı mübarizədə Yayımcı-Meslek Birlikləri Federasiyasının fəaliyyəti haqqında məlumat verib. Deyib ki, Birliyin əsas məqsədi əsər sahiblərinə gəlir qazandırmaq və piratçılıqla mücadilədir. Ə.Alpay federasiyanın dövlət tərəfindən dəstəkləndiyini də vurğulayıb. Bildirib ki, kitablar xüsusi bənzərsiz rəqəmlərdən ibarət holoqramlarla qorunur. Hər bir kitab üçün bu holoqramı almaq məcburidir. Mehmet Yalçın Yılmaz Türkiyədəki dövlət və elektron yayımcılıq haqqında söz açıb. Qeyd edib ki, telefon və komputerlərin insan həyatına bu qədər təsir göstərdiyi zamanda elektron kitabların bu inkişafı gözlənilən haldır. M.Yılmaz onu da bildirib ki, dövlət nəşrləri əsasən sənət kitablarından və irihəcmli kitablardan ibarət olur.
Daha sonra konfrans iştirakçılarından Tayfur Esen, Akif Pamuk, Aslan Cəfərov, Şəhriyar del Gerani, Kənan Hacı və başqaları çıxış edərək mövzu ilə bağlı düşüncələrini səsləndirib, təkliflər irəli sürüblər.
Şahanə MÜŞFİQ
çap et