Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.
Bakı İdman Sarayında keçirilən və 3 gün davam edəcək sərgi-yarmarkada 150-dən çox yerli, 40 xarici olmaqla, ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir.
Sərgidə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrlərinə xüsusi stend ayrılıb, qurumun kitab və jurnalları sərgi iştirakçılarına təqdim edilib. Tərcümə Mərkəzinin nəşrləri sərgi iştirakçılarında xüsusi maraq oyadıb. Oxucular qurumun jurnal və kitablarını endirimli satışla əldə edə biliblər. Həmçinin, qonaqlara müxtəlif nəşr məhsulları hədiyyə edilib.
Tərcümə Mərkəzinin stendinə yaxınlaşaraq, qurumun kitab və jurnalları ilə maraqlanan Baş nazirin müavini Elçin Əfəndiyev və mədəniyyət naziri Əbülfəs Qarayev nəşrlər haqqında öz fikirlərini bildiriblər.
Elçin Əfəndiyev qurumun nəşrlərini ardıcıl izlədiyini və bu nəşrlərin böyük maarifçilik işinin nəticəsi olduğunu dilə gətirib: “Doğrudan da, çox yaxşı işlər görülür və yüksək qiymətə layiqdir. “Xəzər” jurnalının özü müasir ədəbi nəsli, ümumilikdə Azərbaycan oxucularını maarifləndirmək baxımından Rusiyanın məşhur “İnostrannaya literatura” jurnalı ilə eyni sırada, ölkəmizdə onun əvəzi kimidir. Tərcümə edilən əsərlər də çox dürüst seçimin məhsullarıdır”.
Əbülfəs Qarayev isə qurumun nəşri olan “Azərbaycan-ərəb dili danışıq kitabçası” ilə bağlı təklif irəli sürüb: “Yaxşı olardı ki, növbəti nəşrdə bu danışıq kitabçasında ərəbcə sözlərin transkripsiyası da qeyd edilsin. Bu, həmin dillə daha rahat əlaqə yaratmış olar”.
Sərgidə iştirak edən millət vəkilləri, ictimai xadimlər, ədəbiyyat adamları, digər qonaqlar Tərcümə Mərkəzinin nəşrləri ilə tanış olub, sərgi və kitablar haqqında fikirlərini bildiriblər.
Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanda beynəlxalq kitab sərgi-yarmarkasının keçirilməsini mötəbər hadisə kimi dəyərləndirib: “Sevindirici haldır ki, ölkəmizdə kitab sərgilərinin keçirilməsi təcrübəsi yeni olsa da, artıq əks-səda doğura və oxucuları cəlb edə bilib. Tərcümə Mərkəzinin dünya ədəbiyyatının dəyərli nümunələrini dilimizə çevirərək, azərbaycanlı oxucu üçün daha əlçatan etməsi diqqətəlayiq haldır”.
Millət vəkili, akademik Nizami Cəfərov bildirib ki, sərgidə Tərcümə Mərkəzinin stendi xüsusi seçilir: “Bu stenddə nümayiş olunan kitabların əksəriyyəti ilk dəfədir Azərbaycan dilində çap olunur. Bu, çox önəmli məsələdir”.
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi ölkəmizdə keçirilən beynəlxalq kitab sərgisini və burada təmsil olunan Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib: “Mərkəz tərəfindən qısa zaman çərçivəsində - cəmi üç il ərzində dünya ədəbiyyatının xeyli seçmə nümunəsi Azərbaycan dilinə tərcümə edilib. Mərkəzin nəşrlərindən olan antologiyalar, lüğətlər də xüsusi diqqətə layiqdir”.
Şair-tərcüməçi Çingiz Əlioğlu Tərcümə Mərkəzinin nəşrlərini daim izlədiyini bildirib: “Düşünürəm ki, qurumun yaradıcı kollektivi ölkəmiz üçün son dərəcə vacib işlər görür - həm dünya ədəbiyyatının ən yaxşı nümunələrini Azərbaycan oxucusuna təqdim edir, həm də Azərbaycan ədəbiyyatının klassik və çağdaş mənzərəsi ilə dünya oxucusunu tanış edir”.
çap et