525.Az

Oktyabrın 2-si Beynəlxalq Memarlar günüdür


 

Oktyabrın 2-si Beynəlxalq Memarlar günüdür<b style="color:red"></b>

Ümumdünya Memarlıq Günü Beynəlxalq Memarlar İttifaqının təşkil olunması ilə eyni vaxtda - 1946-cı ildə İsveçrənin Lozanna şəhərində təsis olunub. Hər ilin oktyabr ayının ilk bazar ertəsi memarların peşə bayramı beynəlxalq səviyyəsində qeyd edilir.

Ümumdünya Memarlıq Günü ilə bağlı Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadənin AzərTAc-la bölüşdüyü fikirləri təqdim edirik.

Ölkəmizdə də bu gün xüsusi qeyd olunur. Davamlı və dinamik inkişaf edən Azərbaycanda memarların üzərinə böyük məsuliyyət düşür. Vurğulamaq istərdim ki, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində Bakı şəhəri ilə yanaşı, bölgələr də öz simasını dəyişir. Bu dəyişikliklərin estetik konturlarını isə məhz memarlar cızır. Eyni zamanda, tarixi abidələrin bərpası işinin geniş coğrafi məkanda həyata keçirilməsi də memarlar üçün böyük yaradıcılıq meydanı yaradır.

Ümumiyyətlə isə Azərbaycan memarlığı qədim tarixi köklərə malikdir. Hələ ötən əsrlərdə Azərbaycanda daha çox Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışırdılar. O dövrdə də Azərbaycanın milli memarlıq kadrları var idi. Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda və Şamaxıda çoxlu sayda tarixi binalar inşa edilib.

XX əsrin sovet dövründə də Azərbaycanın kifayət qədər tanınmış dünya şöhrətli memarları olub. Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar. Demək olar ki, Bakıda elə bir guşə yoxdur ki, orada Mikayıl Useynovun əsəri ucalmasın. Fikrimcə, onun əsərləri XX əsr Azərbaycan memarlığı üçün ən uğurlu əsərlərdən olub. Xatırladım ki, o dövrdə də memarlıq sənətinə kifayət qədər ciddi diqqət göstərilirdi.

XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa çox böyük diqqət yetirirdi. O, sovet dövrünün məhdudiyyətlərinə baxmayaraq, daima biz memarlara tövsiyə edirdi ki, milli memarlıq incilərindən, tarixi və müasir memarlıq üslublarından istifadə edək.

Məsələn, indiki Heydər Əliyev Sarayı möhtəşəm obyektlərdən biridir, daha sonra çoxlu sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar tikildi. Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin fəaliyyətində prioritet istiqamətlərindən biri də memarlıq və şəhərsalma məsələləri olub və bu ənənə bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bu gün Azərbaycan memarlıq cəhətdən dünyanın ən tanınmış ölkələrindən biridir. Biz beynəlxalq tədbirlərdə iştirak edir, beynəlxalq sərgilər təşkil edirik. Biz bu yaxınlarda Beynəlxalq Memarlar İttifaqının Seulda keçirdiyi konqresdə ilk dəfə böyük heyətlə iştirak etdik. Orada Azərbaycanın tarixi, mədəniyyəti və memarlığı çox geniş nümayiş olundu.

Qeyd etmək istəyirəm ki, MDB ölkələrindən ilk dəfə olaraq, Beynəlxalq Memarlar İttifaqının Şurasına Azərbaycan Memarlar İttifaqının sədri üzv seçilib. Mən bu gün Beynəlxalq Memarlar İttifaqının üzvüyəm. Hesab edirəm ki, bu, Azərbaycan memarlığının böyük bir müvəffəqiyyətidir.

Azərbaycan memarlığı dünya memarlığına da böyük töhfələr verib. Hər bir ölkənin, hər bir xalqın memarlıq irsi memarlıq xəzinəsinə bir töhfədir. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzindən danışanda başa düşürük ki, sözügedən mərkəz dünya memarlıq xəzinəsinə böyük bir töhfədir.

Bu gün insanların estetik tələbləri tam müasirləşib. Odur ki, bugünkü memarlıq, ilk növbədə, müasir olmalıdır. Azərbaycan memarlıq sənətinin çox proqressiv ənənələrinin olduğunu nəzərə alsaq, zənnimcə, insanların həyat tərzi, adətləri və milli xüsusiyyətləri də memarlıqda öz əksini tapmalıdır. Bütün bunlarla yanaşı, bütün dövrlərdə memarlığın qarşısında duran əsas vəzifə insanlar üçün rahat mühit, təhlükəsiz şərait yaratmaqdır.

 





02.10.2017    çap et  çap et