525.Az

Azərbaycan dünyanın siyasi-iqtisadi arenasında yüksək nüfuza malikdir


 

SİSTEMLİ İQTİSADİ SİYASƏT KURSU ÖZ MÜSBƏT NƏTİCƏLƏRİNİ VERMƏKDƏDİR

Azərbaycan dünyanın siyasi-iqtisadi arenasında yüksək nüfuza malikdir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.

Dünyanın ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-ünü geridə qoyaraq, MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci və Ermənistan 73-cü sırada yer alıb.

Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqində irəliləməsi birmənalı olaraq, ölkədə aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir. Xüsusilə vurğulanmalıdır ki, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamından sonra bu sahədə ölkədə kompleks işlər davam etdirilib. Keçən qısa müddət ərzində sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitini yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi həyata keçirilib. Eyni zamanda, prezident İlham Əliyevin 6 dekabr 2016-cı ildə təsdiqlədiyi Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də onu göstərir ki, sistemli iqtisadi siyasət kursu öz müsbət nəticələrini verməkdədir. "2017-2018 Qlobal Rəqabətlilik Hesabatında" Azərbaycanın iki pillə irəliləməsi göstərir ki, digər mötəbər reytinqlərdə də Azərbaycanın mövqeləri daha da güclənəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması bir daha isbatladı ki, ölkəmizin inkişafı və nailiyyətləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. O, SİA-ya bildirib ki, Azərbaycanın dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruması, İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə qabaqlaması onu sübut edir ki, respublikamız ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəyə çevrilib: "Bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsində iqtisadiyyat liberallaşdırılır, şaxələndirilir, bunun nəticəsi olaraq kiçik və orta sahibkarlıq inkişaf edir, qeyri-neft sektorunun ümumi daxili məhsulda çəkisi getdikcə artır, ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradılır. Azərbaycan bundan sonra da dinamik inkişafını davam etdirəcək, beynəlxalq hesabatlarda irəliləyəcək, hətta G20 ölkələrinin səviyyəsinə çata biləcək".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, Azərbaycanın beynəlxalq siyasi-iqtisadi aləmdəki yerinin möhkəmləndirilməsi əsasında dayanan mühüm faktor ilk növbədə ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin məntiqi nəticəsidir. O, "Trend"ə bildirib ki, sözügedən hesabatda Azərbaycanın mövqeyinin daha iki pillə artması, yəni 35-ci yerə qərarlaşması, MDB ölkələri arasında lider olması, həmçinin, G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələri də geridə qoyması qeyd edilən fikirləri kifayət qədər təsdiq etmiş olur: "Əlbəttə, əgər nəzərə alsaq ki, dünya bazarında neftin qiymətinin aşağı olduğu dövrdə ölkəmizin rəqabətədavamlılığı yüksəlib və nüfuzlu qurum hesab edilən Dünya İqtisadi Forumu tərəfindən qiymətləndirilib, bu zaman əminliklə deyə bilərik ki, Azərbaycan qısa zaman kəsimində daha böyük uğurlara imza atmaq gücündədir. Yəni ölkəmizin dünya iqtisadiyyatı fonundakı yüksəlişi, rəqabətədavamlığı və rəqabətqabiliyyəti ölkə prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı fonunda reallaşdırdığı islahatları ilə də əlaqələndirilməlidir. Beynəlxalq layihələr çərçivəsində TAP, TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası, İpək Yolu və s. layihələrlə yanaşı, ölkədaxili iqtisadiyyatımızın inkişafı məqsədilə imzalanan əhəmiyyətli sərəncamların hər biri bilavasitə Azərbaycanın iqtisadi reytinqdəki yüksəlişini təmin edir. Məhz sonuncu hesabat da bu gerçəklikləri sübuta yetirmiş olur. O cümlədən, bu yaxınlarda imzalanan yeni "Əsrin müqaviləsi" hesabatda irəliləməmizə təkan verən faktorlardandır. Xüsusilə, Prezident İlham Əliyevin 2016-cı il dekabrın 6-da təsdiqlədiyi Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri də sübut edir ki, aparılan sistemli iqtisadi siyasət kursu öz bəhrələrini verməkdədir".

"Ümumiyyətlə, Azərbaycan bir çox önəmli layihələrdə həm təşəbbüskar, həm də iştirakçı rolunu oynamaqla istər xarici sərmayələrin cəlb edilməsində, istərsə də özünün sərmayələr yatırması baxımından aparıcı ölkələr sırasında yer almaqdadır", - deyə qeyd edən siyasi ekspertin fikrincə, dünyanın bir çox aparıcı şirkət və konsernləri, nüfuzlu korporasiyalar ilk növbədə iş qurmaq istədikləri ölkələrin mövqeləri ilə maraqlanırlar. Azərbaycan isə ən münbit və ən etibarlı tərəfdaş olaraq daim aparıcı layihələrin iştirakçısı yerini tutur.

B.Quliyev əldə edilən iqtisadi nailiyyətlərin bilavasitə Azərbaycan xalqının rifahına doğru atılmış mütərəqqi addım olduğunu qeyd edib: "Əbəs deyil ki, cənab Prezident bütün çıxışlarında əsas olaraq, insan faktorunu diqqətdə saxladığını vurğulayır. Çünki dövlətin əsas marağı Azərbaycan vətəndaşının daha yaxşı yaşamasına hesablanıb. Əlbəttə, xalqın hakimiyyətə verdiyi dəstək də bu konteksti əhatə etdir və xalq-hakimiyyət birliyi Azərbaycanın dünyanın siyasi-iqtisadi arenasında əldə etdiyi uğurları daha da artırmış olur".

Ceyhun ABASOV

 





03.10.2017    çap et  çap et