525.Az

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatdı


 

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatdı<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman sarayında keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının son günü- sentyabrın 30-u da maraqlı tədbirlər, görüşlər və imza günləri ilə yadda qalıb.

Son günün ilk görüşü tanınmış şair və yazıçı Əjdər Olun iştirakı ilə keçirilib. O, "Hədəf" nəşriyyatının stendində özünün "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" adlı yeni kitabını oxucular üçün imzalayıb. Böyük oxucu marağı ilə seçilən görüşün ardından Əjdər Ol təəssüratlarını bölüşüb: "Bu cür sərgilərdən, yarmarkalardan gözləntimiz kitabın təbliğatı, xalqımızda kitaba, mütaliəyə marağın bir az da artmasıdır. Kitabla bağlı hər bir tədbir bu sahədə uğurlara yol açılmasına səbəb olur. Dünyayla ünsiyyət qurmağın ən vacib vasitələrindən biri də kitabdır. Çünki kitablar zamanın özündən yüz il, min il sonraya ünvanlanan daşıyıcılarıdır. Bu mənada üç gün davam edən bu sərgi-yarmarka da məhz belə bir müqəddəs bir amala xidmət edir".

Əjdər Ol bu sərgi-yarmarkanın təşkilatçılıq səviyyəsi, rəngarəngliyi, iştirakçıların, sərgilənən kitabların çeşidlərinin çoxluğu ilə müsbət mənada fərqləndiyini qeyd edib.

Sonda Əjdər Ol mütaliəyə yeni başlayan insanlar üçün öz tövsiyələrini də verib: "Hər şeydən öncə sistemli mütaliə lazımdır. Məktəb yaşlarında uşaqlar onsuz da tədris proqramı çərçivəsində ədəbiyyatı oxuyurlar. Amma ondan sonra gənclərimiz mütaliədən ayrı düşməməlidirlər. Öncə Azərbaycan, sonra xarici ədəbiyyatı sistemli şəkildə oxumalıdırlar".

Sərgi çərçivəsində keçirilən ən yaddaqalan görüşlərindən biri də şair Ramiz Rövşənlə olub. "Qanun" nəşriyyatının stendində özünün "Nəfəs" kitabını oxucular üçün imzalayan şairlə bu görüş də izdihamlı keçib: "Azərbaycan mədəniyyəti üçün çox əlamətdar bir gündür. Kitabların sərgisi, təbliğatı çox müsbət hadisədir. Bu üç gündə buraya olan maraq "oxucu yoxdur", "insanlarımız kitab oxumur" kimi fikirləri alt-üst etdi, göstərdi ki, bu yanaşma haqsızdır. Gərək əvvəl əsl kitab olsun, sonra oxucu. Əsl kitabın hər zaman oxucusu olacaq. Bu gün buradakı izdiham bizim yazdıqlarımızın əks-sədasıdır. Şair üçün bu cür xoş münasibət, kitaba sevgi görmək hər zaman sevindiricidir. Söhbət yalnız mənim yaradıcılığımdan getmir, bu, insanların sözə, şeirə olan sevgisidir. Demək ki, onlar bu şeirlərdə özlərini tapa bilirlər. Oxucu şeirə şairin özü qədər haqqı çatan adamdır".

Həmin gün V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində gənc müəlliflər - yazıçı Pərvin, şairlər Şəhriyar del Gerani və Fərid Hüseynlə də görüş keçirilib. Görüşdə ziyalılar, sənət adamları, gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

AYB katibi Rəşad Məcid qonaqları salamladıqdan sonra, üç gün boyunca paytaxtımızda keçirilən kitab sərgi-yarmarkası haqqında təəssüratlarını bölüşüb: "Kitab sərgisi ənənəvi qaydada dünyanın bir sıra ölkələrində keçirilir. Azərbaycanda da artıq beşinci dəfədir ki, bu sərgi təşkil olunur. Kitabın təbliği, mütaliə vərdişlərinin formalaşması, oxu mədəniyyətinin bərpası üçün bu cür tədbirlər təqdirəlayiqdir".

Daha sonra R.Məcid görüş iştirakçılarına hər üç gənc yazar haqqında məlumat verib, onların yeni ədəbi nəslin ən istedadlı nümayəndələrindən olduqlarını bildirib.

Yazıçı Pərvin Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının onun həyat və yaradıcılıq yolundakı mühüm rolundan söz açıb: "Bu sərginin mənim həyatımda çox böyük rolu var. Bir sirri aça bilərəm ki, hər Bakı Beynəlxalq Kitab sərgisində mənim həyatımda fövqəladə hadisələr baş verir. Bu alver zəmanəsində insanların heç olmasa bir neçə gün kitab almaqdan, kitab satmaqdan, kitabın qiymətindən danışması, onunla maraqlanmasının özü belə böyük işdir. Bundan təkcə yazar kimi yox, həm də bir müəllim kimi son dərəcə xoşbəxtəm. İnsan ədəbiyyat haqqında düşündükcə ədəbiyyatın çevrəsində olduqca özünün insan olduğunu anlayır, hisslərini dərk edir. Bu baxımdan bizim oxucularla görüşlərimiz son dərəcə vacibdir".

Tədbirin keçirilməsindən son dərəcə məmnunluq duyduğunu deyən şair Şəhriyar del Gerani "Bir daş altda, bir daş üstə", "Bağışla", "Qəfil qəribsəyir adam" kimi oxucu rəğbəti qazanmış şeirlərini oxuyub.

Şair Fərid Hüseyn özünün şeir çələngini "Terrora ithaf" şeiri ilə başlayıb və məşhur rus yazıçısı Lev Tolstoya ithaf etdiyi "Susa bilmirəm" şeiri ilə davam etdirib.

Daha sonra gənc yazarlar sualları cavablandırıblar, görüş disskusiya şəklində davam edib.

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bağlanış mərasimi ilə öz işinə yekun vurub. Mərasimə sərgi iştirakçıları, yerli və xarici nəşriyyat, kitabxana, çap, poliqrafiya müəssisələrinin təmsilçiləri, yazarlar və media nümayəndələri qatılıblar.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aslan Cəfərov çıxış edərək sərgi-yarmarkanın işini yüksək qiymətləndirib, bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb. Sərgi-yarmarka çərçivəsində ümumilikdə 53 tədbir - kitab təqdimatları, müəlliflərlə görüşlər keçirildiyini söyləyən A.Cəfərov qeyd edib ki, bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qeyd edilib ki, Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkaya 150-dən çox yerli, 40 xarici olmaqla ümumilikdə 40 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisəsi, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri qatılıblar. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Türkiyə səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi çıxış edərək sərgi-yarmarkanı yüksək qiymətləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Sonda V Bakı Beynəlxalq Kitab-Sərgi yarmarkasında fəal iştiraka görə diplomlar təqdim edilib.

Şahanə MÜŞFİQ

 





03.10.2017    çap et  çap et