525.Az

Vaqifin dünyası, dünyanın Vaqifi...


 

Vaqifin dünyası, dünyanın Vaqifi...<b style="color:red"></b>

Ölkəmizdə çox məşhur Vaqiflər var. Həmin məşhurlardan biridir.

Tərtərin Cəmilli kəndində müəllim ailəsində anadan olub, adını atasından alıb, hər şeyi taleyin üstünə atmayıb, kitaba Məcnun kimi vurulub, ondan ikiəlli yapışıb, dahilərin dərsini, dünyanın sirlərini öyrənib, qərar verəndə tələsməyib, “zamanında və düzgün qərar” verməyi bacarıb, özünü, Allahı və bütün kainatı dərk edib, buna görə də heç vaxt dörd yol ayrıcında aciz qalmayıb, vaxtdan və zamandan da əla qiymət alıb. Nəhayət, Vaqifliyi üzə çıxıb, bu dünyaya Vaqif olub və bu dünyanın Vaqifi olub...

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, Əməkdar müəllim, “Şöhrət” ordenli, 11 elmlər doktoru və 33 fəlsəfə doktoru yetişdirmiş, 1073 elmi əsərin, o cümlədən 529 məqalənin, 64 kitabın (biri Almaniyada nəşr olunub), 56 patentin müəllifi, 1999-2013-cü illərdə TQDK-da kimyadan seminarın və ekspert şurasının sədri, 1992-2013-cü illərdə məktəblilərin kimya üzrə olimpiadasını keçirən münsiflər heyətinin sədri, 2003-cü ildən nəşr olunan “Neft Kimyası və Neft Emalı Prosesləri” elmi jurnalının baş redaktoru, “Kimya məktəbdə” elmi-metodiki jurnalının təsisçisi və baş redaktoru. 2005-2011-ci illərdə ictimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, akademik Vaqif Abbasov... Təkcə bu təqdimat onu tanımayanlara da onun haqqında hər şeyi çox gözəl anladır...

Saya gəlməyən xidmətlərinə, uğurlarına, titullarına, mükafatlarına bütövlükdə nəzər salanda düşünürsən ki, o, zirvələri çoxdan aşıb və tarixdə yer alanların sırasına düşüb. Tarix isə hər kəsə bu sırada yer ayırmır...

Amma bu günün özündə də daim axtarışdadır, bir yerdə dayanmır. Bu dürüst, səmimi, təvazökar İNSAN mənə klassik aydınlarımızı, maarifçi ziyalılarımızı xatırladır. Onunla hər görüşəndə mənə elə gəlir ki, dünyamız xeyli saflaşır, paklaşır, aydınlaşır. Çünki ətrafında heç kimə və heç nəyə biganə deyil, ürəyi insan xoşbəxtliyi üçün taybatay açıqdır...

65 yaşı tamam olur Vaqif müəllimin. Adını doğmalarımın sırasına yazdığım bu İNSANa yenidən eyni məhəbbətlə müraciət edirəm. Amma alimliyindən, elmi işlərindən danışmayacağam, bu barədə kimyaçı alimlər, mütəxəssislər danışsalar, yaxşıdır. Bioqrafiyasını da təkrarlamayacağam, bunu da hamıdan gözəl özü bilir. Bu dəfə onun mənəvi dünyası ilə bağlı bəzi fraqmentləri xatırladacağam... 

“Bizim Vaqif müəllim...”

Yolum Tərtərə düşmüşdü. Bu rayonun adı gələndə ağlıma gələn ilk insan o olur. “Tərtər kimi bir diyarın oğluyam” deyən akademik Vaqif Abbasov. Bura onun doğmaca ata-baba yurdudur. Neçə dəfə olmuşam o müqəddəs ocaqda. Bəli, məhz “müqəddəs ocaq”...

Məclisdəkilərdən Cəmilli kəndini soruşuram, bilərəkdən soruşuram. O saat, sanki “çiçəkləri çırtlayır”, üz-gözlərinə nur qonur, sualıma sualla cavab verirlər: “Bizim Vaqif müəllimin kəndini deyirsiz?..” Başımı tərpədirəm, daha heç nə soruşmuram. Cavab əvəzinə verilən bu “sual” kifayətdir, əslində, elə eşitmək istədiyim cavab da budur. Və bu cavab onun ən böyük tərifidir...

Yerliləri onunla qürur duyur, başına and içirlər. Bu fəxarəti ilk dəfə 15 il əvvəl rayonda keçirilən 50 illik yubileyində hiss etmişdim. Tərtərlilərin ona sevgisi ağzınacan dolub-daşan salona sığmırdı! Sələfi, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun o vaxtkı direktoru, uzun yol qət edərək Bakıdan yubileyə gələn akademik Musa Rüstəmov “Vaqif Abbasov Tərtərin Azəbaycana verdiyi böyük alim-şəxsiyyətdir, görkəmli kimyaçı alimdir, unikal Azərbaycan neftinin tədqiqi sahəsində tanınmış mütəxəssisdir, professordur, çox zəngin və xeyirxah insandır, gözəl atadır. Onunla öyünməyə haqqınız var!..” fikrinə salonun reaksiyası indiki kimi yadımdadır. Kəsilməyən alqış sədaları natiqin nitqinə əməlli-başlı ara vermişdi. 15 il əvvəl!.. İndi bu sevgi və fəxarət hissi 15 ilin özü boyda böyüyüb! Uğur pillələri illərin sayı qədər çoxalıb! “Akademik” zirvəsinə gedən yol qədər ucalıb! Qazandığı mükafatların sırası da o qədər artıb!..

Onu el-obasının gözündə Tur dağına, nur çırağına döndərən, bu qədər sevdirən təkcə alim kimi uğurları deyil. Yurdsevərliyidir, insansevərliyidir, onu yetirən torpağa, böyüdüyü mühitə, aldığı tərbiyəyə, dəyərlərə sadiqliyidir, bir sözlə, elin adamı olmasıdır. 17 yaşından kənddən çıxandı. Amma indi də Tərtərdə heç kimə ögey, yad deyil, heç kimin sevincinə, dərd-sərinə biganə deyil. Yaxşı bilir ki, el-oba yetirdiyi övladlara güvənir, onlardan umur, onlara ərk edir. Şəhərdə həmişə məşğuldur, iş-gücü başından aşır, amma bu, onu el-obasından qopara bilmir. Tutduğu mövqedən asılı olmayaraq kəndi unutmur, kəndə tez-tez gəlir, kimin ayağına daş dəysə, hamıdan tez kəsdirər başının üstünü, kimin problemi olsa, tez harayına çatar. Tərtərə gəldimi, rayondakı vəziyyətlə, insanların gün-güzəranı ilə maraqlanacaq, cəbhə bölgəsinə baş çəkəcək, xeyir-şərə yarayacaq, bilikli, istedadlı bir uşaq gördümü, əlindən tutub Bakıya gətirəcək, elmə, incəsənətə, musiqiyə yönləndirəcək, qayğısına qalacaq, arxa-dayaq olacaq...

Vaqif müəllim Cəmilli kəndindən başlayan böyük bir Azərbaycan sevgisi gəzdirir özü ilə. Vətəni babaların əmanəti kimi qəbul edir, kişi kimi yaşamaq məskəni sayır. Onun üçün Azərbaycanın dörd bir yanı əzizdir. Tərtər də, Naxçıvan da, Ordubad da, Kəlbəcər də, Şuşa da, Xınalıq da... Ordubadın alimləri ilə fəxr edir, Ağdamın, Kəlbəcərin, Şuşanın dərdini çəkir, Xınalığın bu günü ilə öyünür... Hətta Xınalıqda öz övladı ilə yox, xınalıqlı uşaqla şəkil çəkdirir, həmin şəkli “bioqrafiya”sına salır. Ana dilimiz, onun fikrincə, böyük sərvətdir, “min illərin yaddaşı”dır, “Ana laylası”dır, “millətin söz heykəli”dir. Muğam isə “Allah sevgisinin yolu”dur, “dünyanın musiqi tacı”dır, “Azərbaycanın sədasıdır”, “insanı qandıran sirdir”. Onun üçün muğam dinləmək, sanki anasının ruhu ilə “görüşmək” deməkdir. Mən bu bənzətməni muğamsevərlərin heç birinin dilindən eşitməmişəm. O, Ata-Ana haqqını Tanrı haqqı bilir, elmi, biliyi qızıl açar, savadlı insanı, alimi dünyanın zinəti sayır, müəllimə, ustada sevgini sevgilərin əzəli hesab edir, şagirdlərə “sirli zərrəcik”, “müəllimə görən gözümüz”, şəhidlik məzarına “şahlıq taxtı” deyir. Vaqif müəllimin insan, onun mənəvi aləmi, həyatının ən başlıca dəyərləri haqqında düşüncələri olduqca fərqlidir. Alimin nəzərində hər kəsin, hər şeyin öz rəngi var və bu rənglər heç vaxt dəyişmir. Bu dəyərlər onun üçün müqəddəs və toxunulmazdır...  

Müqəddəs ocaq...

Belə dedim onun ata ocağına. Gəlişigözəl söz kimi söyləmədim...

Vaqif müəllim 5 müqəddəs varlığı qibləgah sayır: Allah, onun peyğəmbərləri, Ana, Ata, müəllim. Həmin müqəddəslərdən üçünü bu ocaqda görüb. Adının mənası kimi özü də “qızıl” dəyərli bir qadının – Abuzər Ananın südü ilə böyüyüb. O qadın ki, bəy qızı olsa da, 55 il kolxozçu işləyib, ailə-ər-uşaq qayğısı da öz yerində. Çox ağrılar yaşayıb həyatında, amma qürurunu itirməyib. Taleyindəki hər acıya mərdliklə dözüb. Bir fədakarlığı da unudulmazdır: 16 yaşında ərə gəlib, altı ay sonra ərini müharibəyə yola salıb. Çox keçmir, qara kağız gəlir üstünə. İnanmır bu xəbərə, bəlkə, inanmaq istəmir... Yol gözləyir. 1946-cı ildə möcüzə baş verir, əri geri dönür... Müqəddəs deyilmi bu qadın?..

Atası Məhərrəm Qurban oğlu – fədakar Ata və müəllim obrazı. 58 il dərs deyib. Tərtərdə 4 məktəbin yaradıcısı kimi əbədiləşib. Azərbaycana Azərbaycana şərəf gətirən 4 alim övlad bəxş edib, hələ bu sıranı genişləndirən nəvələrini demirəm. 4 müəllim övlad, 4 alim: üç elmlər doktoru, bir akademik və üç Əməkdar müəllim... Müqəddəs deyilmi bu kişi?..

“Anama yazdığım şeirimdə bir misra var: “Atamın son busəsində mələk köçdü anam mənim”. Söz xatirinə demədim, Anam dünyasını dəyişəndə minə yaxın adam vardı cənazə namazında. Namaz qurtarandan sonra 86 yaşlı Atam dizini qoydu yerə, Anamın üzündən öpdü. Ondan sonra cənazəni qaldırdılar... Bu, bəlkə də, cənazə namazına duranlara atamın bir müəllim dərsi idi, bəlkə də, 58 illik müqəddəs ailə həyatındakı ali məhəbbətə bir ehtiram idi, bəlkə də, anamla ünsiyyətindəki hansısa qüsura görə üzrxahlıq idi...”

...Onların evi Cəmillidə yeganə evdir ki, çal-çəpəri yoxdur. Nəhəng ağaclar kök salıb bu həyətdə, hər yanı bağ-bağatdır, yaz fəslində gül-çiçəyə bürünər. Amma hasarlanmayıb. İndiki zəmanədə kiminsə evinin qapısını, darvazasını qonşusuna belə açmadığı halda, bu boyda həyət-bacanı, bağ-bağatı açıq qoymağa səbəb nədir? Adama qəribə gəlir, deyilmi? Bəlkə, onu çəpərləməyə, hasara almağa imkanları çatmır? Yox, təbii ki... Səbəb bu, deyil. Səbəb rəhmətlik Məhərrəm müəllimdən qalan ənənədir. Bunun tarixçəsini də 15 il əvvəl Cəmilliyə ilk dəfə gedəndə öyrənmişdim. Sözün düzü, o böyüklükdə həyət-bacanı çal-çəpərsiz görəndə heyrətlənmişdim. Hətta bu həyət Vaqif müəllimin özünün də çox sevdiyi dahi Nizamini, onun “İsgəndərnamə”sindəki “ideal cəmiyyət arzusu”nu xatırlatmışdı mənə. Nizaminin ədalətli cəmiyyət arzusu cəzbedici olduğu qədər də utopiya idi, şair təxəyyülünün məhsulu idi. Mənim Cəmillidə gördüyüm mənzərə isə xəyal deyildi. Bu reallığın səbəbi Məhərrəm müəllimin böyük ürəyi idi. O, sağlığında çəpərləri, məhz ona görə söküb-dağıtmışdı ki, uşaqlar qışın soyuğunda, yayın istisində kəndin bu başından o başına məktəbə dolayı yolla yox, əziyyət çəkmədən, birbaşa bu həyətdən keçib getsinlər. Onun taybatay açdığı qapı-bacanı isə ölümündən sonra çəpərləməyə heç kimin əli gəlməyib. Bir vacib məqam da var: günü bu gün həmin həyətə qızıl səpsən, kimsə gözünün ucu ilə də dönüb baxmaz! Çünki cəmillilər də bu ocağı müqəddəs hesab edirlər...

İndi bu yurdun işığı daha gur yanır. Onu yandıran isə ailənin böyük oğlu, alim oğlu, rəhmətlik Şirin müəllimin Bakıda doğulub, Bakıda böyüyən, ali təhsilli övladıdır – Elnur. Çoxlarının şəhərə qaçdığı vaxtda o, şəhərdən kəndə qayıdıb: dədə-baba yurdunu başlı-başına qoymaq olmaz, onun çırağı sönməməlidir!..

Bu ocağa “müqəddəs” deməkdə yanılmadım ki?..

Vaqif müəllim üçün ailədə hər kəsin öz yeri var: bacılar Ana əmanətidir, Ana əvəzidir, qardaşlar insanın özü qədər əzizdir. Heç yadımdan çıxmaz. Böyük qardaşı, rəhmətlik Şirin müəllimin ölümündən xəbərsiz idim. O ərəfədə əməliyyat olunmuşdum, heç işə də çıxmırdım... Xəbəri eşidən kimi əvvəlcə İnstituta getdim. Bunu xatırlatmaqda məqsədim var. Mən o cür möhkəm iradəli insanın, belə ağır məqamlarda başqalarına təsəlli verən Vaqif müəllimin hadisədən neçə ay keçməsinə baxmayaraq, necə hönkürtü ilə ağlamağını ömrüm boyu unutmaram. Şirin müəllimə yazdığı şeiri də göz yaşı içində oxudu mənə... 

Getdin həyatımdan dünyam qaraldı,
Səni qaytarmağım dəli xəyaldı.
İndi bilirəm ki, kimi itirdim,
Səni qaytarmaqçün nələr verərdim!..

Şirin müəllimin nəvəsi, 6 yaşlı qızcığaz qəflətən dünyasını dəyişəndə də o cür hönkürtü ilə ağlamışdı. Öz etirafıdır: “Zahirən sərt görünsəm də, ürəyim çox kövrəkdir, lap dünyanın o başında olsun, görəndə ki, hardasa insanlara fəlakət üz verib, insanlar əzab çəkir, çox kövrəlirəm. Mən, hətta sakit ağlaya bilmirəm, hönkürtü ilə ağlayıram.”...

Vaqif müəllimin sözü ilə desəm, Cəmilli “diplomsuz savadlılar” kəndidir, burada ali təhsil görməyən, amma mənən zəngin insanlar çoxdur. “Bioloji varlıqdan şəxsiyyətə ucalmaq yolu. Müdrik kəlamlar” kitabında onlardan da söz açıb... 

“Bəzən diplomsuz adamlara savadsız deyəndə acığım tutur. Adam var ki, bir neçə diplomu var, amma savadı yoxdur. Adam var ki, heç bir diplomu da yoxdur, amma çox zəngindir. İnsan savadsız ola bilər, insanın biliyi az ola bilər, ən qorxulusu odur ki, insanın mədəniyyəti olmasın, mənən dayaz olsun. Ən vacib atribut insanın tərbiyəsidir. Bəzən savadsız saydığımız sürücülərdə, kolxozçularda, sadə insanlarda o qədər öyrəniləsi  şeylər var ki...”

“Bioloji varlıqdan şəxsiyyətə ucalmaq yolu. Müdrik kəlamlar” kitabı da, əslində onun mənəviyyat dərsliyidir. Elə 2004-cü ildə yazdığım məqaləyə də belə sərlövhə seçmişdim: “Mənəviyyat dərsliyi”...

Kənd müəlliminin ayağına gedən akademik...

Sadə bir kənd müəlliminin Vaqif Abbasova məktubu və akademikin ona reaksiyası isə bir “mənəviyyat dərsi”dir...

“Çox səmimi və mehriban professor Vaqif Abbasov, Sizə səmimi salamlar olsun! 1962-ci ildə Pedaqoji Universitetin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Akademiyanın Qeyri-üzvi Kimya İnstitutunun aspiranturasına daxil oldum. Ailəmizdəki faciə təhsilimi yarımçıq qoydu, rayona qayıtdım. 15 nəfər mənim ümidimə qalmışdı. Lerikin ən ucqar, balaca bir kəndində müəllim işləməyə başladım... İndi ürək-damar, mədə-bağırsaq xəstəliyi, ayaq barmaqlarımda göbələk xəstəliyi məni incidir. Sizin televiziyadakı mühazirələriniz məni valeh edir. Kitablarınızı almaq mənim üçün əlçatmazdır. Sizə əziyyət vermək istəyirəm. Qabaqcadan Sizdən üzr istəyirəm. Xahiş edirəm, mümkün olsa, “Həyat kimyasının möcüzələri”, “Kimya və həyat” kitablarını və Naftalan neftindən alınmış yağları mənə göndərin. Sizə can sağlığı, işinizdə müvəffəqiyyətlər və şəxsi həyatınızda xoşbəxtlik arzulayıram. 74 yaşım olmasına baxmayaraq, sizin qarşınızda baş əyirəm. Hörmətlə, Əziz Əli oğlu Əliyev. Lerik rayonu, Çayrud ərazisi, Piyəkücə kəndi.”

Böyük hörmətlə yazılan bu məktubdakı ən təsirli məqam, məncə, Vaqif müəllimə edilən ərkdir. Hər kəsə ərk edilməz ki! Hər kəsə ürək açılmaz ki! Dərd hər kəsə söylənməz ki! Əziz müəllim isə ünvanı düz seçmişdi!..

Və bu məktub Vaqif müəllimi 355 km-lik yolla Lerikə aparır. Ardı ilə onun öz qeydlərində tanış olaq...   

“Xəbər vermədən səhər saat 5-də yola düşdüm, saat 9-da Lerikdə idim. İki saat da dağ yollarını keçib Piyəküçə kəndinə çatdım. Əziz müəllim həyətyanı sahədə çalışırdı. Məni görəndə gözlərinə inanmadı. İnanmırdı ki, Bakıdan kimsə təqaüdçü müəllimin yanına gələr. (Heç mən də inanmazdım! – F.N.) Mən mənim qarşımda baş əymək istəyən müəllimin ayağına getməyi özümə mənəvi borc bildim. Az da olsa, onun arzusunu yerinə yetirmək üçün getmişdim o yolu. Ona dərman və kitablar aparmışdım. Amma o elə bilirdi ki, ona dünyanı bağışlamışam. Kasıb müəllim süfrəsində birgə çay içdik, xeyli dərdləşdik. Aydın səma, əzəmətli dağlar, büllur kimi təmiz bulaq suyu və iki kimya müəllimi – bu, həmahənglik möhtəşəm mənzərə yaratmışdı. Sadəcə, bunu görmək lazım idi! Bu bütövlük və paklıq anı üçün 355 km yolu getməyə dəyərdi! Əziz müəllim kimi yüzlərlə müəllimin ayağına getməyə dəyər!..”

Dəyər, Vaqif müəllim, dəyər!.. Və sadə kənd müəlliminin ayağına gedən akademikin qarşısında da baş əyməyə dəyər!.. 

Daha bir məktub...  

“Hörmətli Vaqif müəllim! Siz məni və şagirdlərimi kimya elmi üzrə inkişaf etdirib formalaşdırdınız. Başqalarından fərqli olaraq təmənna ummadınız. Əksinə, bizə min qat kömək etdiniz. Obyektivliyin real güzgüsü oldunuz, qəlblərdə kök saldınız. Ürəyimde özünüzə yuva qurdunuz. Sizin mənəvi və iqtisadi köməyinizi hər yerdə, hər məclisdə, rəsmi yerlərdə sadalamış və sadalayacağam (əgər yaşasam...).

Sizin "Mən Yardımlını Heybət müəllimlə tanımışam" fikrinizi, şagirdlərimə və özümə sadalamaqla bitməyən maddi və mənəvi dəstəyinizi unutmaq mümkün deyil! Bunun məsuliyyətini də dərk edirəm... Xatırlatmaq istəyirəm ki, yenə respublika səviyyəli uşaqlarım var. Bu il qəbulda 29 sual yerinə yetirən şagirdim oldu... Hörmətlə, Heybət Qədirov. Yardımlı rayonu, Alçabulaq kəndi”. 

Bu aydınlığın, bu saflığın, bu xeyirxahlığın əlavə şərhə ehtiyacı yoxdur. Əziz müəllimin görüşünə getmək, “görüş” yox, “ziyarət”dir! Heybət müəllimə və şagirdlərinə xeyirxahlıq da bir “ziyarət”dir! Kimisə sevindirməsi, kiminsə sevinməsi Vaqif müəllimi çox xoşbəxt edir. “Bir qəlbi ələ almaq min Kəbə ziyarətindən yaxşıdır” misalı... Amma, sözün düzü, heç bilmirəm, Vaqif müəllim Kəbə ziyarətində olubmu?..

“Atamın xəritə çubuğunun dadı, ədəbiyyat müəllimimin ədalətsizliyi, Cəlal əmimin “zülm”ü, içimdəki kimya sevgisi...” 

Tərtərin ilk və nüfuzlu məktəblərindən birində təhsil alıb. Atası həmin məktəbdə coğrafiyanı tədris edib. Amma qəribədir, nə o, nə qardaşı Mütəllim, nə də bacısı Almaz (hər ikisi kimya elmləri doktorudur – F.N.) coğrafiyanı seçib. O, 68-də məktəbi bitirir, sənədlərini BDU-nun kimya fakültəsinə verir. Həmin il 75 yerdən 52-sini “qızıl medal”lılar tutur, o, müsabiqədən keçə bilmir. Ədəbiyyat müəlliminin ədalətsizliyi onu medalsız qoymuşdu. Amma illər keçəcək, o, medallılardan daha böyük uğur qazanacaqdı...

İçindəki “kimya sevgisi”ni isə dünyaşöhrətli alim, yüksək titulların sahibi Yusif Məmmədəliyev işıqlandırıb. Deyir, “Kimyanı mənə onun “böyük kimya”sı sevdirib. Kimyaya gəlişim üçün ona borcluyam, o ad, o san, o şöhrət gətirdi məni kimyaya, baxmayaraq ki, Yusif Məmmədəliyevi bir dəfə də olsun üzbəüz görməmişəm...”

Məncə, bu, bir alim kimi Yusif Məmmədəliyevin, “tələbə” kimi Vaqif Abbasovun böyüklüyüdür...   

“Atam zəhmli, çox sərt, ciddi adam idi, elə müəllim kimi də. Xəritə çubuğından bəzən tərbiyə vasitəsi kimi də istifadə edirdi. Bu çubuğun dadını mən də bilirdim. Amma yaxşı oxumadığıma gorə yox! Onsuz da yaxşı oxuyurdum, mənə heç kim “oxu” demirdi, kitab əlimdən düşmürdü. Beşinci sinifdə bir sinif yoldaşım vardı, molla oğluydu, uşaqlıqdı də, aramızda söz olmuşdu. Atam mənə çox ciddi cəza verdi... Ondan  sonra həyatım boyu heç kimlə dalaşmadım. Atam məni başa saldı ki, heç kimə qarşı kobudluq etmək olmaz, hətta sənə bu cür rəftar etsələr də...

Taleyimdə mənfi rol oynayan adam təkcə ədəbiyyat müəllimim olub. Anamın rəfiqəsinin qızı mənimlə oxuyurdu, çox ağıllı qız idi. Analarımızın ünsiyyəti bizə də keçmişdi. Ədəbiyyat müəllimim isə o qızı istəyirdi. Səmimi münasibətimizi görəndə qısqanıb. Buna görə qızıl medal almağıma mane oldu. Bütün sənədlər hazır idi, qol çəkməmək üçün çıxıb kənddən getdi...

Həmin il müsabiqədən keçmədim. Bir il kolxozda əmimin üzümçülük briqadasında işlədim. Təsəvvür edin, gedib Ağdamın Şahbulaq türməsində üzüm tənəkləri üçün hazırlanan beton dirəkləri gətirirdik, onların biri 70 kq idi. Həmin dirəkləri 100 metrlik cərgələr boyunca çiynimizdə aparırdıq... Beləcə, Cəlal əmim mənə çox “zülm” elədi, əlbəttə, istəsəydi, məni işlətməzdi. Kolxozda normativ, saat rejimi yox idi, amma o, qocanın da, cavanın da yerinə buyururdu məni. İndi həmişə ona rəhmət oxuyuram ki, məni zəhmətə öyrətdi. Cəlal əmim Qarabağ müharibəsində minaya düşdü. Bu hadisə çox sarsıtdı məni... Bir il sonra gəldim Pedaqoji İnstituta. Kimyanın metodikasını Rəcəb Əliyev, fiziki kimyanı Telman Ağdamski, üzvi kimyanın sirlərini Rafiq Ələkbərov, Xeyrulla Şamilov, üzvi sintezi Əbdül Rzayev, qeyri-üzvi kimyanı Təzəxan müəllim öyrətdi mənə. Akademik Əşrəf Hüseynov böyük mədəniyyət, davranış dərsi, elmə bağlılıq öyrətdi. Heç birinin əziyyətini unutmuram. Ən vacibini deyim. 69-da İnstituta qəbul olmağım Heydər Əliyevin  respublika rəhbərliyinə gəlişinə təsadüf elədi. Mən onun idarəçiliyi dövründə hər şey qazandım. O vaxt ölkədə yaradılan sağlam mühit, elmə, təhsilə verilən önəm onun adı ilə bağlıdır...”

Vaqif Abbasov Heydər Əliyev dövrünün yetirməsidir, Heydər Əliyev zəmanəsinin övladıdır, öz təbirincə desəm, onun liderlik məktəbinin “məzun”udur. Alim “Liderlik fəlsəfəsi” kitabını da, məhz Ümummilli liderə həsr edib... 

İlk milli kimya dərsliyi, “Liderlik fəlsəfəsi”, dahilər, müdriklər və fatehlərlə söhbət...

“Liderlik fəlsəfəsi” kitabı eyni mövzulu kitablar arasında səmimiliyi, baxış bucağı ilə çox seçilir. Böyük zəhmət, intellektual enerji hesabına ərsəyə gələn bu kitab xalqına, dövlətinə və Ümummilli liderinə ürəkdən bağlı olan bir alim tərəfindən yazılıb. Heydər Əliyev fenomenini sosiologiya və politalogiya elmində liderliyi müəyyənləşdirən 21 qanuna əsasən təhlil və tədqiq edən, bu təhlil və tədqiqi elmi cəhətdən əsaslandıran müəllif onun liderliyini çox incəlik və həssaslıqla, dəqiqliklə oxucuya çatdırır. Ulu öndərin yüksək liderlik keyfiyyətlərindən heyranlıqla, özü də sübutlarla, tutarlı arqumentlərlə danışır. Onu dünya siyasətçiləri, sərkərdələri, elm adamları ilə müqayisə edir, titanik fəaliyyətini tarixin prizmasından keçirərək təhlil edir, şəxsiyyətini bütün aspektlərdən açıqlayır. Taleyüklü məsələlərdən danışanda isə sabaha inamını qətiyyətlə ifadə edir. Bu inam Prezident İlham Əliyevə, onun strateji xəttinə, çoxşaxəli, irimiqyaslı fəaliyyətinə inamdır. İlham Əliyevin varisliyinin qanunauyğunluq olduğunu əsaslandıran alim Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə də kitabda geniş yer ayırır...     

“Peyğəmbərimizin Əliyə nəsihətləri var. Onun birində deyilir ki, gələcəkdə o dövlət hakim olacaq ki, onun başçısı bilikdir. Hesab edirəm ki, Azərbaycanın bu günkü səviyyəsi, inkişafı, tanınması, dünya ölkələri sırasına çıxması, məhz böyük Allahın bizə göndərdiyi o bilikli rəhbərin xidmətidir... Bu, Ulu öndər Heydər Əliyevin və onun davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır...”

“Liderlik fəlsəfəsi”, əslində dərslik qədər dəyərli kitabdır...

Vaqif müəllimin adı müstəqil Azərbaycanın ilk milli kimya dərsliyini yaradan alim kimi də tarixə düşüb. Böyük ixtiraları var, çox qiymətli dərsliklərin müəllifidir. Davamçılarını yetişdirib. Bir mühüm xidmətini də mütləq xatırlatmaq lazımdır: şagirdlərimiz onun rəhbərliyi ilə kimyadan dünya olimpiadalarında ən nəhəng dövlətlərin şagirdlərinə qalib gəliblər. O, qardaşı, pedaqoji elmlər doktoru, professor Mütəllim Abbasovla əl-ələ verib Azərbaycan balalarını beynəlxalq kimya olimpiadadlarına hazırlayanda da, bu uşaqları öz vəsaiti hesabına dünyanın o başına aparanda da, onların uğurlarına öz övladının uğuru kimi sevinəndə də, yüksək balla ali məktəblərə qəbul olunanlara, Moskvada təhsil alan azərbaycanlı tələbələrə təqaüd kəsəndə də, kənddə bir istedadlı uşağı “kəşf edib” Bakıya gətirəndə, geniş auditoriyaya tanıdanda da, Naftalan neftinin əsl dəyərini ortaya qoyanda da eyni dərəcədə vətənpərvərdir. Olimpiada qalibləri üçün üzərində Yusif Məmmədəliyev və Nəsirəddin Tusinin barelyefi olan xatirə medallarını hazırlatması isə onun, həm də görkəmli elm adamlarına, fikir sahiblərinə hörmət və ehtiramının nümunəsidir...

Kimya ilə bağlı olmayan, amma böyük əhəmiyyət kəsb edən bu kitablar da alimin vətənpərvərliyinin nəticəsidir. Onun nəzərində, müdriklərin fikir xəzinəsi ilə tanış olmadan mənən zənginləşmək mümkün deyil. Bu məqsədlə də onların ömür yoluna müraciət edib, iki kitab ərsəyə gətirib: “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri”. Bu kitabları tez-tez vərəqləyirəm. Onlar təsdiq edir ki, Vaqif müəllim mənəvi dəyərlərimizin qayğıkeşidir. Bu qarmaqarışıq dünyada Azərbaycan gənclərinin mənəvi sağlamlığı, ictimai əxlaqı üçün narahatlıq keçirdiyinə görə bu kitabları yazır. Hər iki kitabda tarixin müxtəlif dövrlərində yaşamış, bəşər xəzinəsini öz kəşfləri, ideyaları, dəyərli əsərləri, ibrətamiz fikirləri ilə zənginləşdirmiş müdrik insanların həyat və yaradıcılığı haqqında oçerklər toplanıb. Alim oxucuların Məhəmməd peyğəmbər, Attila, İbn Sina, Keykavus, Konfusi, Sokrat, Nizami Gəncəvi, Çingizxan, Əbu Həmid əl-Qəzəli, Nəsirəddin Tusi, Əmir Teymur, İsaak Nyuton, Atatürk, Uinston Çerçill, Heydər Əliyev, Lütfi Zadə, Vasim Məmmədəliyev, Abas Çayxorski, Hüseyn Cavid, Xudu Məmmədov və digər dahilərin həyat dərslərindən faydalanacağına əmindir. Yaxşı bilir ki, sıradan insanlar sıradan həyat yaşarlar və öz taleyini, öz həyatını yaşamaq çox asandır. İdeyaları, prinsipləri ilə insanları səfərbər etmək, axarı, düzəni dəyişmək, cəmiyyəti istiqamətləndirmək, tarixin inkişafına təkan vermək isə çox çətindir və bunu bacarmaq lazımdır. Onun qəhrəmanları isə məhz bu çox çətin olanı bacarıblar. Onlar sıra nəfəri yox, sıranı düzənlərdir, zəkaları ilə Yer üzünü işıqlandıran, mənsub olduqları xalqın, bütövlükdə bəşəriyyətin, insanlığın taleyini öz taleyinə çevirənlərdir. Onlar dahiliyi qazanmaq üçün bütöv bir ömür sərf ediblər. Bu kitablar dahilərin zaman-zaman dəyişən nəsillərə keçdikləri müdriklik dərsləridir. Bu dərsləri təqdim edən isə odur – özü də çoxdan bu dahilərin sırasında yer alan akademik Vaqif Abbasov... 

Vaqif müəllimin 60 illik yubileyi münasibətilə AMEA-nın “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından çap olunan “Biblioqrafiya”sında maraqlı bir məqamla qarşılaşdım. “Nobel mükafatı laureatı, bioloq Ceyms Uotsonun elmdə yaşadığı həyatın dərsləri” də kitaba daxil edilib. Vaqif müəllimin seçdiyi bu dərsdən çox ibrətamiz bir nümunə: "Qoy həmişə sizi xilas edə bilən adamınız olsun.". 

“Məni ucaldan kollektivim var...”

İnsanı xilas edən, onu ucaldan həm də kollektividir. Maşallah, Vaqif müəllimin bu sarıdan da bəxti gətirib...

İlk elmi addımlarını indi rəhbərlik etdiyi İnstitutda atıb. Və burada keçdiyi uzun və çox şərəfli yol davam edir...

O, bu kollektivə ailəsi kimi baxır. Direktor olandan sonra bu doğmalığa bir məsuliyyət hissi də əlavə olunub. “Ailə başçısı” kimi hər kəsin qayğısını çəkməlidir. Həyat tərzi ətrafındakı gənclərə örnəkdir. Onlarla birgə yemək yeyir, istirahət edir, laboratoriyada elmi rəhbər, direktor kimi yox, dost kimi davranır. Bu, gənclərə mənəvi güc, ruh verir. Sülhsevərdir, münaqişələrə imkan yaratmır, söz-söhbətdən uzaqdır. Ən çətin məqamlarda da gərgin, acıqlı görünmür, hər zaman pozitivdir. Əgər problemin varsa, çəkinmədən Vaqif müəllimə müraciət etmək olar, o, mütləq yaxşı məsləhət verəcək. Bu, kollektiv üzvlərinin də fikridir... 

“Ən böyük xoşbəxtliyim düşdüyüm mühitdir. Məni bu kollektiv ucaldıb. Tanrıma borcluyam, məni əməli saleh insanlara tuş eləyib. Bu İnstitutun qapısından girən kəs əgər öz səviyyəsini yüksəltmirsə, günah özündədir. Çünki burada təmənnasız, diqqətli, yolgöstərən, qiymətləndirən mühit var... Üç adamı da xatırlayacağam. 32 il Neft-Kimya Prosesləri İnstitutunun direktoru olmuş akademik Vahab Əliyev. Onun üçün kiminsə oğlu-qızı olmaq əsas deyildi, ağıllı, savadlı olmaq bəs idi. Uzun illər İnstitutumuzun direktoru olan akademik Musa Rüstəmov. Ondan alicənablıq, idarəçilik mədəniyyəti, idarəetmə etikası, elmi dəqiqlik, elmi proqnozlaşdırma qabiliyyəti əxz eləmişəm. Akademik Məhərrəm Məmmədyarov. Mən İnstitutu bitirəndə o, dövlət imtahan komissiyasının sədri idi, cavabımdan çox xoşu gəldi və məni bu İnstituta dəvət etdi. Mənə mənəvi ata olub. Bu gün də ondan məsləhət alıram. Əsas elmi rəhbərim isə Akademiyanın müxbir üzvü, rəhmətlik Məcid Mərdanov olub. Mən onun ömrünü sovet ədəbiyyatında ideallaşdırılan Ostrovskinin həyatı ilə müqayisə edirəm. Çünki bu şəxs müharibədən bir ayağı şikəst qayıdıb, amma sonra Akademiyanın müxbir üzvü olub. Dəmir iradə sahibi idi. Belə təmənnasız, umacaqsız insanlar az olur. Bir də, bu cür insanlar hamının qarşısına çıxmır axı...

İnsan dahi olar, dahi yanında,
Dahi adiləşər nadan yanında... 

Taleyimizdə rolu olan insanları dəyərləndirməmək nadanlıqdır. Görün, müdriklər nə deyib: “Kiməsə yaxşılıq etdinsə, həmin an unut, kimsə sənə zərrə qədər yaxşılıq edibsə, bütün ömrün boyu xatırla”. Bax, o böyük kişilər olmasaydı, mən bu günə gələ bilməzdim axı. İndi də onların ruhu başımın üstündədi... Bilirsiniz, Yusif Məmmədəliyev Moskvaya gedəndə bütün aspirantları yığıb ən ləziz yeməkləri düzürdü stolun üstünə, özü də xanımı ilə ayrı otağa keçirdi ki, birdən utanıb yeməzlər. Bu kişi tələbələri yataqxanada yerləşdirməsə, onların elmi rəhbərlərini tapıb görüşməsə, Bakıya qayıtmazdı. Bunları necə unutmaq olar?..

“Müdrik adamların sərvəti onların özləridir, onlar öz sərvətlərini özləri ilə gəzdirirlər...”

Vaqif müəllim unikal insandır, elmimizin, mənəviyyatımızın təəssübkeşidir, alicənabdır, xeyirxahdır, ədalətli insandır. Məntiq və sağlam düşüncəyə malik insandır. O, həyatını, varlığını Azərbaycan elminə, təhsilinə həsr edən alimdir. Onun xarakterindəki bütövlük, prinsipiallıq, zənginlik, sözü ilə əməlindəki vəhdət insana çox şey öyrədir. Hətta onunla ünsiyyət də insanı zənginləşdirir. Çox maraqlı həmsöhbətdir, söhbətlərindən zövq alırsan. Həm də gözəl natiqdir (yəqin bunu hamı etiraf edər – F.N.). Nitqində böyük cazibə qüvvəsi var – dəfələrlə bunun şahidi olmuşam, çox fərqli auditoriyalarda dinləmişəm onu. Eyni mövzulu, lakin dəqiq fakt və dəlilərlə zəngin, tutarlı arqumentlərə söykənən fəqli çıxışının yaratdığı alqışlar həmişə auditoriyanın yorğunluq sükutunu parçalayıb. O, hər dəfə söz mülkünün sultanı kimi çıxış edir, səmimiliyi ilə insanları ovsunlayır. Hər kəlməsində ziyalılıq, ucalıq var. Çünki bu insanın böyük ürəyi var. Və bu ürək sevgi ilə doludur. Nitqlərində elmi və mədəni mühiti eyni dərəcədə ehtiva edir. Ondan sonra çıxış edənlər üçün çətin olur... Və mənə elə gəlir ki, bu mükəmməl nitq üçün o, əvvəlcədən hazırlaşmır. Nitqindəki cazibə, ovsun, gözəllik onun daxili aləmindən, zəngin mütaliəsindən, “dahilər, fatehlər, müdriklərlə ünsiyyəti”ndən gəlir. O, hər gün dahilərlə “söhbət edir”...

Alimin teleçıxışları, “telemühazirə”ləri də hər zaman diqqət çəkir. Bu çıxışlar cəmiyyətin, auditoriyanın da qazancıdır, kimyaya verdiyi töhfələr qədər dəyərlidir. Onun həyat, insan, cəmiyyət haqqında dərin, fəlsəfi fikirləri original olduğu üçün insanı düşündürür, böyük təsir bağışlayır, müsbət enerji verir...

Bu xarakter, bu kamillik, bu “böyük ürək” onun ən qiymətli sərvətidir – hər zaman özü ilə gəzdirdiyi “misilsiz sərvət”... 

İnsanın Ana dilində öz hisslərini ifadə etməsinin nəyi qəbahətdir?.. 

Vaqif müəllim kimyanın qüvvəsinə inandığı kimi, sözün də qüvvəsinə  inanır, inanır ki, sözlə dəmir qapıları belə açmaq olar. Özü də sözlə dostluq edir, şeir yazır. Amma bu, birmənalı qarşılanmır, bəzən onu tənqid edirlər. O isə dəfələrlə deyib ki: “Şeir içimdən gələn səsdir, duyğularımın ifadəsidir.”. Elə isə, insanın Ana dilində öz hisslərini ifadə etməsinin nəyi qəbahətdir?..

Haqlıdır. O, şairlik iddiaslında deyil. Heç yazdıqlarını da “şeir” adlandırmır, onlara “söz düzümlərim” deyir. Müdrikləri, dahiləri sevə-sevə, öyrənə-öyrənə özü də müdrikləşib, özü də şairləşib, maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib. Şeirlərində öz obrazı da var. O, haram tikəyə əl uzatmayan adamdır, şeirləri ilə bağlı halallığını da hələ 1996-cı ildə ilk şeirini yazanda dilə gətirib, sözün dahilərindən “halallıq” alıb... 

“Şeir, poeziya ruhun musiqisidir. Klassiklərimizə səcdə edirəm, xüsusən qəzəllərə vurğunam. Qəzəl ürək yanğımız, nisgilimiz, həm də tariximizin səsi, babalarımızın acı nəğməsidir. Amma mən şeir yazan deyiləm, qorxuram o sözü deməyə. Sadəcə, söz düzümlərim var... Yusif Məmmədəliyev də bir vaxtlar bir neçə şeir yazmışdı, düzü, o da mənə sirayət etdi. Bir də, çox gözəl, ancaq  tanınmayan bir şair var, Ələmdar İsa. Otuz il “Qlavlit”də senzor işləyib. Bəzən səhərədək onun şeirlərinə qulaq asmışıq. O, Höteni orijinaldan tərcümə edib. Hötenin Məhəmməd peyğəmbər haqqında 15 səhifəlik şeirini Ana dilimizə o qədər səlis tərcümə edib ki! Mən o şeiri oxuyanda bir daha bildim ki, Məhəmməd peyğəmbər kimdir. Bəlkə, elə bu təsir məni qələmlə dost elədi, amma mən söz düzümlərini yazmadan əvvəl söz sərraflarımızdan halallıq istədim: 

Ey şeir dünyamız, söz Allahımız,
Nizami babamız, bağışla məni.
Hürufi məsləkli söz peyğəmbəri,
Nəsimi babamız, bağışla məni. 

Ələmdar İsanın uydum sözünə,
Döndüm gəncliyimin şeir mülkünə.
Necə yanaşdım mən Allah sözünə,
Füzuli babamız, bağışla məni...”

Vaqif müəllimin “Bənövşə” adlı çox gözəl bir şeiri var. Həmin şeir bu zərif çiçəyə həsr olunan ən oxunaqlı şeirlərdən biridir, bəlkə də...           

Tikansız güllərin şahı sənsən, sən,
Sevənin sevənə hədiyyəsisən.
Sən əhdi-peymanın nişanəsisən,
Qızlara elçisən, elçi, bənövşə. 

...Dinlə sözlərimi, unutma bunu,
Kolların dibində bükmə boynunu.
Bu qədər utanma, söylə arzunu
Sən də gözlərmisən elçi, bənövşə?..

“Bir xasiyyətim də var. Bunu mənə Allahdan gələn hökm hesab edirəm. Birinci kursda oxuyandan nə yazmışamsa, hamısının əlyazmasını saxlayıram. Mənim tələbəlik dəftərlərim də arxivimdə qalır. Əlyazmalarımda, bir qayda olaraq tarix, gün, saat, dəqiqə mütləq qeyd olunur. Bir neçə il əvvəl əlyazmamı makinada yazan xanım pəncərəni örtməyi unudub, yağış yağıb və əlyazmam islanıb. Tənbəllik etmədim, islanmış əlyazmanın küncünə belə yazdım: “Nə vaxtsa bu əlyazmanı oxuyacaq insanlar, məni pinti, səliqəsiz hesab etməyin. Sadəcə, bilin ki, bunu makinaçının səhlənkarlığı üzündən yağış suyu isladıb...”

“Yaxşı ki, sən vardın mənim yanımda...”

Bir əcnəbi alimin Vaqif müəllimə yubiley təbrikindəki fikrini xatırlayıram: “Siz, işinizdə xoşbəxt insansınız. Sizin elmi fəaliyyətiniz cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Sizin davamlı peşəkar inkişafınız bunun sübutudur: professor, AMEA-nın akademiki, AMEA-nın mükafatı laureatı. Şəxsi həyatınızda da xoşbəxtsiniz. Gözəl həyat yoldaşınız var. Zəngin bir atasınız: iki qızınız, bir oğlunuz var. Sizin çətin və uğurlu həyat yolunuza hörmətlə yanaşılır...”

Ailə onun üçün ali dövlətdir. Bu “dövlət”ə görə özünü ən çox Zemfira xanıma borclu bilir. 41 ildir birgə yol gəlirlər, yaxşı gündə də, pis gündə də bir-birindən bərk tutublar...

Dar günüm çox oldu bu gen dünyada,
Yaxşı ki, sən vardın mənim yanımda... 

“Uğurlarımda xanımının xidməti əvəzsizdir. Onun həyatımdakı rolu barədə nə desəm, kifayət etməz. Çox böyük mənəvi dayaq olub mənə. 25 il sovet hərbi sisteminə xidmət edən elmi işlə məşğul olmuşam və təqribən hər ilin 6-8 ayını Rusiyanın şəhərlərində ezamiyyətdə keçirmişəm. Üstəlik, ailə həyatımızın 13 ili yataqxanada keçib, övladlarımız orada dünyaya gəlib: 16 kvadrat metrlik otaqda. Yəni o, mənə silahdaş olub, əsəbi vaxtlarımda məni ovudub. Məsələn, gecə saat üçə, dördə qədər işıq yanılı qalıb, mən işləmişəm. Hər şeyi qəbul edib. Zemfira xanım öz dayım qızıdı. Onların ailəsində 10 uşaq böyüyüb və bu ailə bütün nəslimiz üçün ümid, məsləhət yeri idi. Dayım nəslin ağsaqqalı olub, xanımı da ağbirçəyi. Yoldaşıma da alicənablıq valideynlərindən keçib. Zemfira xanımın bir xidmətini isə həyatım boyu unutmaram. Biz yataqxanada yaşayanda anamın gözləri qəflətən tutuldu. Yoldaşım altı ay uşaq kimi o balaca otaqda anamın qulluğunda durdu, bir dəfə də üz-gözünü turşutmadı... Mən bunları ona görə danışmıram ki, ailəmi tərifləyim. Dediyim odur ki, qoy gənclərimizə görk olsun. Hər xırda söz-söhbətin üstündə ailələrini dağıtmasınlar. Mən valideynlərimə, dayıma, dayımın xanımına, nəslimizə borcluyam. Heç kim istəyimə qarşı çıxmadı. Bizim nəslin yazılmamış çox sərt qanunları var, sərt, o mənada ki, artıq hərəkətə yol verə bilməzsən. Elə ona görə də nəslimizdə hamı böyük nüfuz sahibidir...” 

Övladları ömrünə qürur, nəvələri gözlərinə nurdur. Onların isə Vaqif müəllimin həyat yolu ilə fəxr etməyə mənəvi haqqı var...  

“Müəllim “zərrəciklər” sərrafıdır…” 

“Müəllimdir zərrəciklər sərrafı,
Özü ümman, zərrəciklər ətrafı,
Aliliyi bir sirlicə zərrəcik,
Ona görə sevdiyim şey zərrəcik,
O sehirli, həm də sirli zərrəcik... 

Bu misraları mənim üçün müqəddəs müəllim simvolu olan atamın xəyalı ilə söhbətdən sonra yazmışam... İndi kimə gəldi “müəllim” deyirlər, belə olmaz, o sözün çəkisi çox ağırdır. İnsandan böyük varlıq yoxdur dünyada, müəllim isə bu ali varlığın ən alisidir. Ziyalı olan hər kəs ona edilən “müəllim” müraciətindən qürur duymalıdır. Əgər məndən soruşsalar ki, ömrünün qalan hissəsini nəyə həsr edərdin, deyərəm müəllimliyə... Əgər insan özünü yaşatmaq istəyirsə, layiqli əvəzedicilər yetişdirməlidir. Şagirdlər “zərrəcik”lərdir, müəllimlər isə bu zərrəciklərin sərrafı. Zərrəciklərdə alilik axtarmaq lazımdır. Böyük valideyn, böyük insan, böyük məktəb odur ki, o kiçik zərrəciklərdə aliliyi görə bilsin...” 

“Nə qədər ömrüm var, elmimizin, təhsilimizin inkişafına xidmət edəcəyəm...” 

“Bilikli, elmli insan zindanda da xoşbəxtdir. Məhəmməd peyğəmbərimiz deyir ki, elm öyrənmək izzətli və cəlallı Allahın yanında namaz, Oruc, Həcc və cihaddan üstündür. Fikir verin, o, elmi İslamın bütün atributlarından üstün görür. Ümumiyyətlə, “Qurani-Kərim”də beş yüzə yaxın hikmətli fikir var elm haqqında...Və bunların hər birinin öz fəlsəfəsi var. Mən hesab edirəm ki, islamşünasların həll etməli olduqları ən böyük problemlərdən biri də elmə verilən qiymətin düzgün şərhidir... Bir amerikalı xristian “Dünyanın yüz dahi adamı” adlı kitab yazıb, təsəvvür edin, o kitabda birinci yerdə Məhəmməd peyğəmbərin adı gəlir. İsa peyğəmbər isə hətta ikinci yox, üçüncüdür. Və müəllif yazır ki, xristianlar bu məsələdə məni söyəcəklər, ancaq istəyirəm həqiqəti biləsiniz... O, fikrini belə əsaslandırır ki, Məhəmməd peyğəmbərin yaratdığı islam dünyası bu gün kiçilmir. Amerika konstitusiyasının 200-dən çox yaşı var, amma İslam dünyasının konstitusiyasının 1400 il yaşı var və o heç vaxt dəyişmir. O, insanlıq konstitusiyasıdır, cəmiyyət konstitusiyasıdır. Yəni bu elə bir konstitusiyadır ki, onun heç bir nöqtəsinə dəymək olmaz, orda hər şey həmahəngdir, dəqiqdir. Bu, Allah tərəfindən nizamlı şəkildə diqtə olunmuş bir sistemdir...

Yəni dediyim odur ki, nə qədər ömrüm var, elmimizin, təhsilimizin inkişafına xidmət edəcəyəm, gördüyüm işlər həyatımın mənasıdır. Naftalan neftinin yeni təmizlənmə texnologiyasının yaradılması və onun əsasında dərman  preparatlarının istehsalı da fəxr etdiyim işlərimin sırasındadır...” 

İnsan öz qəlbinin istisini heç kimdən əsirgəməməlidir... 

“99-cu ildə kəndə gedəndə atam dedi ki, sənə ata kimi neyləmişəm, halal eləyirəm. Hərdən mənə elə gəlir ki, nə qazanmışamsa, bax, o halallıqla bağlıdır. Təbii ki, o alqış həmişə mənim üstümdə olub, amma ilk dəfə atam onu məhz 99-da dilinə gətirdi... Atam rəhmətə gedəndə mən uşaqları Danimarkaya dünya olimpiadasına aparmışdım. Hətta evdə tapşırmışdım ki, bir şey olsa, məni gözləsinlər. Atamdan nigaran getmişdim. Qorxduğum başıma gəldi... Mən 13 iyulda qayıtdım, atam 12-sində rəhmətə getmişdi, 2000-ci ilin... Həmişə deyirdi ki, insan öz qəlbinin istisini heç kimdən əsirgəməməlidir. O, çox xeyirxah idi, həmişə onu belə gördüm. Hətta biz kasıb yaşamışıq, amma bölməyi bacarmışıq. Bağımız çox böyük idi, atam isə meyvə ağaclarını bacı-qardaşının uşaqları arasında bölərdi... İxtiyarımız yox idi o meyvələrdən dərməyə... Atamın xeyirxahlığına hər zaman sadiq qalacağam. Görün, aqillər nə deyib: “Ən böyük elm müdriklik, ən böyük müdriklik isə xeyirxahlıqdır”. Dahilərin aforizmlərini çox sevirəm, çünki onlar illərin, əsrlərin süzgəcindən keçib, sınanıb. Həm də onları adi adamlar yox, məhz dahilər deyib...

İnsan taleyinə biganəlik, bəlkə də, ən böyük cinayətdir. Kim olursa-olsun, əgər taleyində ağrılı nəsə varsa, onu bölüşməyə çalışıram...           

Təkcə arzular və illər qayıtmır, amma ötən günlərin xatirələri həmişə canlıdır... 

“Vaxtı nə tələsdirmək, nə də ləngitmək istəyirəm. Zaman elə məfhumdur ki, bizdən asılı deyil. İnsan öz işini düz qurmayanda vaxtdan gileylənir. Çox təəssüf ki, təkcə arzular və illər qayıtmır, amma xatirələr həmişə canlıdır. Mümkün olsaydı, ancaq uşaqlığıma qayıtmaq istərdim. Onlar elə əlçatmaz günlər, elə yaşantılardır ki, onları, həqiqətən, yenidən yaşamağa dəyər. Orada hər şey çox təmizdir, idealdır, safdır. İstəyirsən o saflıqda qalasan... Həyatımda heç nəyi dəyişmək istəməzdim. Allahıma çox inanıram və bilirəm ki, onun qarşımda açdığı “marşrutlardan” ən optimalını yaşamışam. Gözəl ailəm, hər anımda mənə sirdaş, dost olan həyat yoldaşım, ağıllı övladlarım, ağıllı nəvələrim var...

Həyatım boyu o cür böyük dahilərlə, şəxsiyyətlərlə təmasda oldum. İnsana bundan artıq nə lazımdır ki! Heç nəyi bir də ona görə dəyişmək istəməzdim ki, heç kimə pislik etmədim, heç kimin yolunu kəsmədim, heç kimin haqqını əlindən almadım, vaxtımı boş şeylərə sərf etmədim, valideynlərimin, müəllimlərimin, üstümdə haqq-sayı olan adamların üzünə ağ olmadım...

Qəbahətsizlik təkcə Allaha məxsusdur. Səhvlərdən sığortalanmaq mümkün deyil. Kimsə düşünürsə ki, günahı, səhvi yoxdur, demək, o yaxşı insan deyil. Mən, hətta elə olur ki, öz işçilərimdən üzr istəyirəm, səhvimi etiraf edirəm. İşdir, hər şey olur. Etiraf rahatlıq gətirir...

Deyirlər, insan qəlbinin 40 qapısı var. Onun yalnız 39-nu açmaq mümkündür. Mən düşünürəm ki, o 40-cı qapını heç açmaq lazım deyil. Məşhur bir siyasətçinin dediyi kimi, elə şeylər var ki, onlar insanla qəbrə getməlidir, o sənin öz içində yaşamalıdır. 40 qapının nəinki biri, hətta bir neçəsi bağlı olsa yaxşıdır...

Və bu dünyanın nemətləri şimşək qədər davamsız və ötəridir, şan-şöhrət də, milyardlar da əfsanədir, insana qalan can sağlığı və yaxşılıqdır. Hər kəsə və təbii ki, həm də özümə ən əvvəl bunu arzu edirəm...” 

... "Ömrümüzdən ömür qoparır, yaşımıza yaş gətirir sevinclə qeyd etdiyimiz ad günləri". Nə vaxtsa belə demişdim. Yenə deyirəm, amma indi təəssüflə yox, sevinclə. Çünki tarixə dönən 65 il hədər getməyib. Bu illərin sevinci daha böyükdür. Aşağıdakı mükafatlarınız da dediklərimi təsdiq edir: SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı (1987), “SSRİ-nin qabaqcıl ixtiraçısı” döş nişanı (1987), SSRİ Neft-Kimya Sənaye nazirliyinin Fəxri fərmanı (1989), akad. Y.H.Məmmədəliyev adına medal (1996), AMEA-nın Fəxri fərmanı (2000), Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı (2004), “Əməkdar müəllim” (2005), “Şöhrət” ordeni (2005), İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) “Elm və texnologiya” üzrə mükafatı (2009), NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyasının (Oksford, İngiltərə) “Avropa Keyfiyyəti” mükafatı (2009), The Name in Science" (Elmdə Ad) fəxri adı (2013), Dünya elminə verdiyi töhfələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ((İngiltərə-2013), Uluslararası Altın Yıldız Madalyası (Türkiyə, Ankara-2013), Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu (2013), Atatürk Uluslararası Ödülü (2014), Xudu Məmmədov adına Beynalxalq mükafat (2014), Avropa Təbiət Elmləri Akademiyasının “Xidmətə Görə” Böyük Gümüş Xaç Ordeni (2014), Türk Dünyası Araşdirmaları Uluslararası İlimlər tərəfindən Türk Dünyası Elminə, Təhsilinə və İqtisadiyyatına verdiyi üstün xidmətlərinə görə Uluslararası Atatürk ödülü (2014)...

Elə isə, sevinməyə dəyər, Vaqif müəllim! Yubileyiniz mübarək! Yaxşı ki, varsınız! Ata-bala yaşında olmasaq da, hər dəfə böyük ürəklə, “sən mənim böyük qızımsan” deyən, zəng etdiyimdə telefonun o başında “Hay can, qızım” söyləyən və bu deyimi ilə özü də hiss etmədən mənə bir dünya yaşadan əziz və doğma İNSAN!..

 

 





04.10.2017    çap et  çap et