525.Az

Şahin Mustafayev Avropa İttifaqı nümayəndəliyinin yeni rəhbəriylə görüşdü


 

"AZƏRBAYCAN İTTİFAQLA QEYRİ-NEFT SEKTORU SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİNDƏ MARAQLIDIR"

Şahin Mustafayev Avropa İttifaqı nümayəndəliyinin yeni rəhbəriylə görüşdü<b style="color:red"></b>

İqtisadiyyat naziri Şahin Mustafayev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri təyin olunması münasibətilə təbrik edib, fəaliyyəti dövründə ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.

Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında iqtisadi əlaqələr uğurla davam edir: "Azərbaycan Avropa İttifaqı ilə prioritet istiqamət olan qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır".

Vurğulanıb ki, Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər və keçirilən görüşlər xüsusilə önəmlidir: "Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Avropa İttifaqı ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35 faizdir. Azərbaycanda əsas kapitala yönəlmiş investisiyalarının ümumi həcmində Avropa İttifaqı ölkələrinın payı son 10 ildə 46 faiz, qeyri-neft sektoruna birbaşa investisiyalarda isə 35 faizdir. Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1300-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində də səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan Tvinninq alətindən ən çox istifadə edən ölkələrdəndir. İndiyədək Avropa İttifaqı tərəfindən ölkəmizə 582 milyon avro məbləğində texniki yardım da göstərilib".

Görüşdə Azərbaycanın nəqliyyat və energetika sahələrində də Avropa İttifaqı ilə əməkdaşlığa önəm verdiyi, bu istiqamətdə Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyəti, eləcə də Azərbaycanın böyük tranzit potensialından istifadə imkanları diqqətə çatdırılıb. Həmçinin, yeni Avropa İttifaqı-Azərbaycan Sazişinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın bu sənədə önəm verdiyi qeyd edilib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas əlaqələrin genişlənməsi üçün qarşılıqlı marağın olduğunu vurğulayaraq, bu sahədə fikirlərini bölüşüb. Qeyd olunub ki, yeni Avropa İttifaqı-Azərbaycan Sazişi üzərində intensiv iş aparılır. Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində səmərəli əməkdaşlığın olduğunu vurğulayan K.Yankauskas qeyri-neft sektorunun ölkəmiz üçün prioritetliyi barədə məlumatlı olduğunu, Azərbaycanın zəngin turizm potensialı hesabına ölkəyə daha çox avropalı turistin cəlb oluna biləcəyini, ölkəmizin geniş ixrac imkanlarının olduğunu bildirib. O, Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın Azərbaycanın İqtisadiyyat nazirini Brüssəle dəvət etdiyini də diqqətə çatdırıb.

Ceyhun ABASOV

 





04.10.2017    çap et  çap et