525.Az

"Ulduz"un yeni sayı çıxıb


 

"Ulduz"un yeni sayı çıxıb<b style="color:red"></b>

"Ulduz" jurnalının sentyabr sayı işıq üzü görüb.

Jurnal professor Gülşən Əliyeva-Kəngərlinin "Ədəbi kübarlıq dərgisi" yazısı ilə açılır. Ekspert "Ulduz"un avqust sayı haqda qeydlərində milli mətbuatın milli-ictimai fikrə xidmətlərindən söz açıb: "Müasir kürəsəlləşmə və bundan dolayı ədəbi-ictimai hərc-mərclik dövründə də bizim müəyyən ənənələrə malik rəsmi ədəbi jurnallarımız - "Azərbaycan", "Ulduz", "Qobustan" əzmlə ədəbi prosesə rəhbərlik edir, bədii intellektual səviyyəni qorumağa çalışırlar. Bu baxımdan müstəqil Azərbaycanın ədəbi gəncliyinin doğma jurnalı olan "Ulduz" fədakarlıqla dövrün ədəbi-bədii tələbləri səviyyəsində  çap olunur".

"Ekspert" rəyini Varisin "özüylə söhbəti" və "İyirmi bir" hekayəsi izləyir.

"Şeir vaxtı" bölümündə Xəyalə Sevil, Arzu Hüseyn, Rəsmiyyə Sabirin yaradıcılıq nümunələri verilib.

Ceyhun Musaoğlunun "Təsadüfün yetimi", Səfurə Çərkəzqızının "And olsun atlara!", "Buket", Afət Viləşsoyun "Bir günlük şahzadə və ya təsadüfi təmizlik", "Qırmızı termos", "Gilənar", Vəfa Mürsəlqızının "Nana xəyanəti bağışlamadı" hekayələri "Nəsr" bölümündə yer alıb. Həmin bölümdə bu yaxınlarda dünyasını dəyişmiş yazıçı, "Təhsil" nəşriyyatının baş direktoru, Əməkdar mədəniyyət işçisi Bəhruz Axundovun "Qaranlığın işığında" romanından fəsillər verilib.

Cəlal Məmmədovun hazırladığı "Qısa fikirlər xəzinəsi"ndə "İman ətirli sətirlər" - Qazi Bürhanəddin, İmam Qəzali, İbn Sina, Xoca Əhməd Yəsəvi, Muhyiddin Ərabi və başqa klassiklərin, elm-ədəbiyyat adamlarının hikmətli sözləri var.

Vaqif Yusifli "Tənqid" bölümündə Rəşid Bərgüşadlının "Sevginin dadı" romanını təhlil edib.

Nilufər Şıxlının tərcüməsində Belarus şairi Yuliya Aleyçenkonun şeirləri "Tərcümə saatı"ndadır.

"Sənət" rubrikasında Samirə Əşrəf "Çap olunmayan roman haqda film çəkmək istəyən rejissor" - Akira Kurosavadan yazıb.

"Tribuna"da Kamil Əfsəroğludur. Yazıçı "Dilimizin saflığını qoruyaq" adlı yazıda ana dilimizlə bağlı müəyyən problemlərə toxunub.

"Debüt" bölümündə Aygün Sadiq, Ruslan Nadir və Hicran Hüseynovaya yer ayrılıb.

Adil Mirseyidin "Qardaş ölümünə ağı" poeması və Leyla Məmmədəliyevanın "Nizami Cəfərov, yaxud yeni yaşın akademik zirvəsi" yazısı da jurnalın bu sayında dərc olunub.

"Dərgidə kitab" layihəsinin budəfəki qonağı gənc yazar Şəfa Vəlidir.

MÜŞFİQ

 





04.10.2017    çap et  çap et