525.Az

Ailə - həyatın poeziyası


 

Ailə - <b style="color:red">həyatın poeziyası</b>

Uşaqlığımı və gəncliyimi düşünəndə həmişə ana nənəmlə ata nənəmin ətrafa yaydıqları sevgi, şəfqət, xoşbəxtlik və şirin-şirin söhbətləri yadıma düşür.

Özündən əmin, güclü, yaşlıların dili ilə desək, qeyrətli, işguzar, qocaqlıqdan gələn yorğunluq, ya da xəstəliklər haqda bir kəlmə deməyən, mehriban, ürəyiyuxa, amma hədsiz hörmət hissi verən görkəmləri ilə qocalan əziz böyüklərimiz (hamının nənələrinə qarşı hiss etdiyi gözəl duyğular)...

Heç vaxt incitmədən, incəliklə, yaş çoxluğunun verdiyi təcrübə ilə uşaqlarına, nəvələrinə verdikləri məsləhətlər... Oxuduqları dualar... Bizə əzbərlətdikləri dualar... Bişirdikləri yeməklər, hazırladıqları şirniyyatlar...

Boşqabımıza qoyulan yeməyin qalmaması, bircə düyü dənəsi qalsa, arxamızca ağlayacağı necə də yaxşı öyrədilmişdi (Bu da həyat dərsidir! Təklif ediləni rədd etməmək, şükr eləmək, tamahkar olmamaq, dəyər bilmək, qənaətcil olmağı öyrənmək, məsələn...).

Hətta bugün də boşqabımdakıların tamamilə bitməsinə çalışıram. Necə də xoş hissdir bu... Yemək bişirəni də bu davranışınızla sevindirərsiniz. Çünki siz yeyəsiniz deyə bişirilib. Yeyən yoxdursa, heç kəs elə-belə mətbəxə girib min cür yemək bişirməkçün əziyyət çəkməz.

Çox adi görünən, amma ailəni ailə edən xüsusiyyətlər... Axşamtərəfi qar kimi ağappaq süfrənin üstünə qoyulan boşqablar, düzülən stəkanlar, bir-birindən ləzzətli yeməklərin ətri...

Və heç nə ilə dəyişməyəcəyiniz ailənizin istiliyi... Ürəyinizin məhəbbətlə döyünməsi... Evinizin qoxusu...

Uzun illər əvvəl bir müdrik "Ailə dünyadakı ən böyük sərvətdir", - deyib. Ola bilməz ki, bu fikirlə canı-dildən razılaşmayan bir adam olsun. Elə deyilmi? Onsuz da hansı yaşda olsaq, ailəmizdən öyrəndiyimiz, gördüyümüz formada həyatımızı yaşayırıq.

Bəzən əziz böyüklərimiz indi olsaydılar, bəzi hadisələrdə necə davranardılar deyə, düşünməyimə mane ola bilmirəm. Gözümün qabağında onların sakit, məğrur dayanmaqları canlanır. Onlar kimi hərəkət etməyə çalışıram. Bəzən bacarıram, bəzən yox. Bacaranda lap uzaqdan sevinib gülümsədiklərini hiss edirəm. Ürəyim rahat olur. İçim isinir, sevinirəm.

Bacarmayandasa özümə hirslənirəm, amma sonra "öyrənməyin yaşı yoxdu" - deyib, lazım gəlsə, üzr də istəyirəm (Hətta itimiz Darçın uzun müddət tək qalıbsa, ona da "Bağışla, Darçın!" deməkdən çəkinmirəm).

Böyüklərimizin bizə ötürdüyü hər şeyi məxsusi diqqətlə etməyə, yaşatmağa çalışıram.

Oskar Uayld "Ailə həyatının gözəlliyi heç nədə yoxdur", Alfonse de Lamartin "Hər ailə bir tarixdir. Hətta oxumağı bacaran üçün dastandır" sözləri ilə ailənin vacibliyini vurğulayıblar.

Dəyərli şair Behcət Necatigilin ailə haqqında yazdığı şeiri oxumamış olmazsız, amma burda bir daha yadınıza salım.

Sağ çıxıb gündəlik savaşdan,
Evin yolunu tutmuşam.
Yemək yedik, uşaqlarım yatdı
Enir yavaşca üstümə
Allahın ağappaq buludu
Kədərlərimi unutmuşam.

lll

Həyatda olduğuma
Mən indi sevinirəm
Qovuşdum uşaqlarıma
Divanıma uzandım, rahatam
Ürəyimə yatdı qəhvəm
Başladı gecəlik səltənətim.

Sahib olduğumuz və davam etməsi üçün əlimizdən gələni etdiyimiz ailə olma hissi, ailə düşüncəsi bir çox xarici ölkənin həsəd apardığı vacib dəyərdir.

Millət kimi sahib olduğumuz dəyərlərin zənginliyini tez-tez düşünmək, onları davam etdirə bilmək, nəsildən nəsilə ötürə bilmək üçün bəzən həyatın orkestr dirijorluğuna nail olmaq lazımdır. Təkcə öz ailəmiz üçün deyil, cəmiyyətimizin, ölkəmizin də xoşbəxtliyinin xətrinə.

Tərcümə: Cavid QƏDİR

 





05.10.2017    çap et  çap et