525.Az

Slavyan Universitetində Müəllimlər günü


 

Slavyan Universitetində Müəllimlər günü <b style="color:red"></b>

Dünən Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edib.
 
O, Bakı Slavyan Universitetinin təhsildə qazandığı uğurların məhz universitetdə çalışan müəllimlərin sayəsində ərsəyə gəldiyini bildirib. O, müəllimi olmayan millətin gələcəyinin olmadığını vurğulayıb. BSU rektoru Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğının xüsusi yer tutduğunu nəzərə çatdırıb. O, Ümumilli lider Heydər Əliyevin "Mən həyatda qazandığım bütün urlara görə müəllimlərimə borcluyam" fikrini xatırladıb. N.Əliyeva çıxışının sonunda  ölkəmizin parlaq gələcəyi üçün sağlam düşüncəli gənclərin yetişməsində əvəzsiz xidməti olan müəllimlərə  bir daha minnətdarlığını bildirib.

Sonra Respublika Veteranlar Təşkilatının üzvü Hacı Tofiq Seyidzadə çıxış edərək BSU-nun professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib və müəllimlərə həsr etdiyi şeirini səsləndirib.

Tədbir konsert proqramı ilə davam edib. Universitetin "Arzu" rəqs ansamblının  hazırladığı rəqslər nümayiş olunub, tələbələrin ifasında şeir və mahnılar səsləndirilib.

Sonda BSU-nun foyesində universitetin Gənc Rəssamlar Klubu tərəfindən müəllimlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 





06.10.2017    çap et  çap et