525.Az

Yüksək bal toplayan abituriyentlər Azərbaycan Dillər Universitetini seçir


 

Yüksək bal toplayan abituriyentlər Azərbaycan Dillər Universitetini seçir<b style="color:red"></b>

2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, 600-dən yüksək bal toplayan 204 abituriyent Azərbaycanda dilçilik və beynəlxalq münasibətlər üzrə peşəkar mütəxəssislər hazırlayan, ölkənin aparıcı ali təhsil müəssisələrindən biri sayılan Azərbaycan Dillər Universitetini (ADU) seçib.

Bu il universitetdə qəbul planı ötən iki illə müqayisədə daha yüksək nəticə ilə yerinə yetirilib.

ADU-ya QƏBUL OLUNAN ABİTURİYENTLƏRİN ÜMUMİ ORTA BALINDA ARTIM 

Bu il ali təhsilin bakalavriat səviyyəsində Azərbaycan Dillər Universitetinə 1420 plan yeri ayrılıb. Birinci mərhələdə 1333 abituriyent ali təhsil müəssisəsinə qəbul olunub. Onlardan 1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə universitetə 8 abituriyent qəbul olunub və onların hamısı qeydiyyatdan keçib. Ümumilikdə, 204 nəfər 600-dan yuxarı, 274 nəfər isə 500-600 arası bal toplayıb. Bu il Azərbaycan Dillər Universitetinə qəbul olan abituriyentlərin ümumi orta balı 457.5-dir ki, bu da ən yüksək göstərici sayılır. 

ƏN YÜKSƏK NƏTİCƏ GÖSTƏRƏN ABİTURİYENT TƏRCÜMƏ VƏ MƏDƏNİYYƏTŞÜNASLIQ FAKÜLTƏSİNİ SEÇİB 

Ən yüksək nəticə göstərən abituriyent 687 bal toplayıb və Tərcümə və mədəniyyətşünaslıq fakültəsinə qəbul olub.

Qeyd edək ki, 2000-ci ildən müstəqil fəaliyyət göstərən bu fakültə bakalavr və magistr dərəcəli qabaqcıl mütəxəssislər hazırlayır. Burada əsasən ümumi aspektdə müxtəlif sahələri əhatə edən tərcüməçilər hazırlanır. Bu o deməkdir ki, fakültənin tədris planını ictimai-siyasi, elmi-texniki, iqtisadi-maliyyə, inzibati-hüquqi sahələr, eləcə də bədii tərcümə üzrə keçirilən məşğələlər təşkil edir. Daima yeniləşdirilərək dünyanın aparıcı universitetlərinin tədris planları ilə uyğunlaşdırılan bu plan tələbələrə tərcümə və interpretasiya sahəsində yüksək səviyyəli vərdişlərin aşılanmasını nəzərdə tutur.

Fakültənin dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikitərəfli əlaqələri var və Fransanın Strasburq Universiteti (ikitərəfli diplom), Türkiyənin Hacəttəpə Universiteti ilə sıx əməkdaşlığı mövcuddur. 

2016-2017-ci TƏDRİS İLİNİN YAZ İMTAHAN SESSİYASI YENİ QAYDALARA ƏSASƏN TƏŞKİL OLUNUB 

Azərbaycan Dillər Universitetində tələbə mühiti yaratmaq və onların yüksək ixtisaslı kadr kimi yetişməsini təmin etmək məqsədilə son vaxtlar universitetdə bir çox mühüm yeniliklər edilib. Akademik Kamal Abdulla ADU-ya rektor təyin edildikdən sonra universitetdə ciddi islahatlar aparılıb, yeni qaydalar müəyyənləşdirilib.

Rektorun müvafiq qərarı ilə 2016-2017-ci tədris ilinin yaz imtahan sessiyası yeni qaydalara əsasən təşkil olunub. Azərbaycan Dillər Universitetində yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərib. Tələbələr istədikləri vaxt, sərbəst şəkildə, çəkinmədən Operativ Qərargaha müraciət edə biliblər. Eyni zamanda, universitetdə sessiya boyu “Qaynar xətt” də fəaliyyət göstərib. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular da yerləşdirilib.

Yeni qaydalara əsasən, imtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olub.

Rektor Kamal Abdulla hesab edir ki, imtahan nəzarətçilərinin otaqda gəzməsi, tələbənin başının üstündə dayanmasına ehtiyac yoxdur. Digər tərəfdən də bu cür hallar istər-istəməz tələbələrə psixoloji təsir edir və onların diqqətini yayındırır. Onlara göstərilən inamsızlıq tələbələri narahat edir. Tələbələr imtahan zalına daxil olmazdan əvvəl telefonları əllərindən alınır. Üzərlərində köməkçi vasitələrin olub-olmadığı ciddi şəkildə yoxlanılır. Buna görə də imtahan nəzarətçilərinin otaqda gəzməsinə ehtiyac yoxdur. 

TƏLƏBƏLƏR ÜÇÜN ÖDƏNİŞSİZ YAY MƏKTƏBİ 

Yeni qaydalara əsasən, 2016-2017-ci tədris ilinin Yay məktəbi ödənişsiz təşkil olunub. Rektorun borcu olan tələbələrin kəsrlərinin ödənilməsi məqsədilə təşkil edilən Yay məktəbinin ödənişsiz olması barədə verdiyi qərar tələbələr tərəfindən yüksək qiymətləndirilib. Bu qərar maddi vəziyyəti aşağı olan tələbələrə heç bir məbləğ ödəmədən kəsrlərini rahat ödəmək imkanı verib. Builki yay məktəbində həm də mühüm yeniliklər tətbiq olunub. Bu yay semestrində ilk dəfə olaraq həm də onlayn şəkildə qeydiyyat aparılıb. Onlayn qeydiyyat universitetdə ilk dəfə tətbiq olunub və bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə şərait yaradıb. Məktəb 102 qrup üzrə təşkil olunub. Fənləri tədris etmək üçün universitetin 61 nəfər peşəkar, yüksək ixtisaslı müəllimi prosesə cəlb edilib. Yay məktəbinin müvafiq qaydalara uyğun təşkil olunması, tədrisin keyfiyyətinə nəzarət, tədris olunan fənlər üzrə imtahanların keçirilməsi və bu zaman şəffaflığın, obyektivliyin təmin olunması üçün bütün lazımi tədbirlər görülüb.
 
BÜTÜN TƏDRİS PROSESİ TƏLƏBƏNİN XEYRİNƏ YÖNƏLDİLMƏLİDİR 

Rektor Kamal Abdullanın dediyinə görə, Yay məktəbini ödənişsiz etməkdə məqsəd kəsirli tələbələrin ödəniş problemini həll etmək idi: “Bəllidir ki, kəsiri olan tələbələr Yay məktəbinə cəlb olunurlar və buna görə universitetə müəyyən məbləğ ödəyirlər. Biz onları bu məbləğdən azad etdik. Bu, universitetin həyatında ilk belə addım idi. Faktiki olaraq bunun konsepsiyası ondan ibarətdir ki, əgər kəsrli tələbə kəsirinə görə universitetə borcludursa, eyni zamanda, həmin kəsirə görə universitet də tələbəyə borcludur. Ona görə ki, tədris yaxşı qurulmayıb, müəllim tələbəni yaxşı hazırlamayıb, tələbəyə diqqətini lazımi şəkildə yetirməyib. Tələbə niyə kəsilir? Çünki o, müəyyən öhdəsinə düşən krediti doldurmur, deməli, müəllimin də burada hansısa məsuliyyəti var və bu məsuliyyət qarşılıqlı olmalıdır. Universitet öz borcunu bu şəkildə, yəni məktəbi ödənişsiz etməklə kompensasiya elədi. Bunun müqabilində də tələbələr söz verdilər ki, Yay məktəbində böyük nizam-intizamla çalışacaqlar və həqiqətən ciddi şəkildə tədris prosesində özlərində olan boşluğu dolduracaqlar. Bu, belə də oldu. Ümumiyyətlə, bütün tədris prosesi tələbənin xeyrinə yönəlməlidir. Əgər müəllim tələbənin qiymətləndirməsi zamanı 2 rəqəm arasında qalırsa, son qərarı hökmən tələbənin xeyrinə vermək lazımdır. Qiymətləndirmədə müəllim ədalətli və səxavətli olmalıdır. Eyni zamanda, tələbə də məsuliyyətli olmalıdır. Ona yaradılan şəraitdən sui-istifadə etməməlidir. Heç nədən, elə belə “mən belə istəyirəm” deyərək, əsaslandırılmamış şəkildə qiymət şişirtmələrinə yol vermədən tələbənin həqiqi qiyməti müəyyən güzəştli şəkildə verilə bilər”. 

ADU-da SOSİAL FOND 

Kamal Abdullanın təşəbbüsü ilə universitetdə təmir - bərpa işləri aparılıb, auditoriyalar müasir tələblərə uyğunlaşdırılaraq yenidən qurulub. Sistematik plana uyğun olaraq universitetin içərisinə tanınmış dünya və Azərbaycan yazıçı,  alim və filosofların fotoları vurulub. Universitetdə tələbələrin istifadəsi üçün nəzərdə tutulan qiraət zalı, kompyuter otaqları, açıq ktabxana, açıq bufetlər də fəaliyyət göstərir. Həmçinin, Sosial fond da yaradılıb ki, bu fond da universitet üçün xüsusi əhəmiyyətə malikdir. Fondda toplanacaq vəsait tələbələrin rifahı və universitetin inkişafına yönəldiləcək. 

DİLLƏR UNİVERSİTETİNDƏ HEYDƏR ƏLİYEV LEKTORİYASI 

Kamal Abdullanın müvafiq qərarı ilə ADU-da yeni, Ümummilli lider Heydər Əliyevin adını daşıyan  Heydər Əliyev muzeyi və lektoriyası yenidən qurulub. Lektoriyanın yaradılmasında məqsəd Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə tələbələri daha yaxından tanış etməkdir. Lektoriyada ulu öndərin müxtəlif yaş dövrlərini əhatə edən rəsmləri, müxtəlif ölkələrin başçıları, ictimai xadimlərlə görüşlərini əks etdirən  fotolar yer alıb. Lektoriyada Ulu öndərin həyat və fəaliyyətinə həsr olunan kitablar da var.

Universitetdə, həmçinin Azərbaycanşünaslıq, Rusiyaşünaslıq, Multikulturalizm, Müqayisəli folklor elmi-tədqiqat laboratoriyaları da yaradılıb. Laboratoriyaların açılmasında məqsəd sadalanan istiqamətlərdə elmi-tədqiqat işlərinin aparılması və bu sahədə universitetdəki boşluğun aradan qaldırılmasıdır.

Yeni tədris ilindən etibarən Azərbaycan Dillər Universitetində bir çox mühüm yeniliklər edilib. 

YENİ BİR QURUM: AUDİTORİYA + ŞÖBƏSİ 

Edilən yeniliklərdən biri Dillər Universitetində yeni bir qurumun-Auditoriya+ şöbəsinin yaradılmasıdır. Bu qurumun yaradılmasının əsas məqsədi odur ki, müəllimlər, tələbələr təkcə auditoriyada öyrətməsinlər, öyrənməsinlər, təlim-tədris prosesi auditoriyadan kənarda da yüksək səviyyədə davam etsin. Müəllimlər, tələbələr universitetdən getməyə tələsməsinlər, universitetdə daha çox qalıb, daha çox öyrətməyə, daha çox öyrənməyə həvəsli olsunlar. 

“TƏCRÜBƏDƏN ƏVVƏL TƏCRÜBƏ” LAYİHƏSİ 

ADU-da tətbiq ediləcək mühüm yeniliklərdən biri də  akademik Kamal Abdullanın təşəbbüsü və dəstəyi ilə universitetdə “Təcrübədən əvvəl təcrübə” layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində tələbələr istehsalat təcrübəsi dövründən əvvəl də qəzet redaksiyalarında, informasiya agentliklərində, saytlarda təcrübə keçmək şansı qazanır. Layihə ADU-nun KİV-lərlə əlaqələrinin möhkəmlənməsində tələbələrin birbaşa iştiraklarına imkan verəcək. Layihənin əsas məqsədi tələbələrlə media orqanları arasında əlaqə qurmaq, onların KİV-lərdə praktik biliklər əldə etmələrinə şərait yaratmaqdır.

DİLLLƏR UNİVERSİTETİNDƏ ŞƏHİD ÜLVİ BÜNYADZADƏ ADINA AUDİTORİYA 

Universitetdə ADU-nun tələbəsi olmuş, şəhid Ülvi Bünyadzadə adına müasir standartlara cavab verən auditoriya yaradılıb. Bu günlərdə məhz həmin auditoriyada Auditoriya+ proqramı çərçivəsində Ülvi Bünyadzadənin anadan olmasının 48-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə iştirak edən şəhid tələbənin bacısı, professor Könül Bünyadzadə universitetdə yaradılan, müasir standartlara cavab verən yeni auditoriyaya Ü.Bünyadzadənin adının verilməsini onun xatirəsinə olan ehtiram kimi qiymətləndirib və buna görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Bundan başqa, ADU-da AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə görkəmli tərcüməçi, dilçi alim, antisovet “İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına auditoriya da açılıb.

Kamal Abdulla azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimov adına auditoriyanın açılmasını universitet üçün mühüm, əlamətdar hadisə kimi qiymətləndirirəm. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək.

İsmixan Rəhimovun antisovet fəaliyyəti, müstəqillik uğrunda atdığı addımlar haqqında məlumat verən Kamal Abdulla onun gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət verdiyini deyir.

Qeyd edək ki, yaxın günlərdə Ülvi Bünyadzadə, İsmixan Rəhimov, Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli, Əlimərdan bəy Topçubaşov təqaüdlərinin verilməsi planlaşdırılır. 

UNİVERSİTETİN MUZEYİ 

Kamal Abdullanın təşəbbüsü ilə ADU-nun muzeyi də yaradılıb. Muzeydə universitetin sabiq rektorları, fəxri doktorları haqda sənədlər və fotomateriallar saxlanılır. Azərbaycan Dillər Universitetini dünyanın bir sıra görkəmli xadimləri ziyarət edib, onların bəziləri universitetin Fəxri doktoru adına layiq görülüb. Muzeydə Fəxri doktor adına layiq görülmüş xadimlərin foto şəkilləri, onlara verilən diplom nümunələri yer alıb.  Həmçinin, muzeydə universitet tələbələrinin müxtəlif yarışlarda qazandıqları kubok və medallar xüsusi guşədə yerləşdirilib.

RUMINİYA, SERBİYA, İNDONEZİYA, HİNDİSTAN, FRANSA, ÇİN-də AZƏRBAYCAN DİL VƏ MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ YARADILACAQ 

Akademik Kamal Abdullanın təşəbbüsü ilə bir sıra ölkələrdə - Rumıniya, Serbiya, İndoneziya, Hindistan, Fransa, ABŞ, Çin və sair ölkələrdə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin yaradılması gözlənilir.

Kamal Abdulla deyir ki, rəhbəri olduğu universitetdə bir çox dilləri təbliğ edən, öyrədən, dil və mədəniyyət mərkəzləri var. Həmin dillərin xalqlarının mədəniyyəti, tarixi, ədəbiyyatı təbliğ olunur. Ancaq təəssüf ki, o ölkələrin universitelərində Azərbaycan dilini və mədəniyyətini təbliğ edən mərkəzlər yoxdur: “Mən buna çox təəssüf edirəm. Ona görə biz artıq bu istiqaməti ikitərəfli etməyə çalışırıq. Yəni, Koreya mədəniyyətini təbliğ ediriksə, öyrəniriksə və bu istiqamətdə tələbələrimiz varsa, qarşımıza məqsəd qoymalıyıq ki, biz də mədəniyyətimizi Koreyada təbliğ edək, eləcə də digər ölkələrdə. Biz artıq bu istiqamətdə müəyyən işlər görürük, səfirliklərlə əlaqə saxlayırıq. Hər şey qarşılıqlı olmalıdır. Onlar da Azərbaycan həqiqətlərini, mədəniyyətini öz universitetlərində təbliğ etməlidirlər. Necə ki, onlar burada mərkəzlərin yaradılmasında müəyyən maddi yardım göstəriblər, eləcə də bizim universitet həmin ölkələrdə Azərbaycan mədəniyyətinin yayılması ilə bağlı müəyyən vəsait qoymağa hazırdır. Əlavə maliyyə ilk növbədə həmin xarici ölkələrdə Azərbaycanın təbliği istiqamətində qurulacaq işlərə yönəldiləcək. ADU-ya gələn xarici ölkə səfirlərinə onların ölkələrində Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması barədə təkliflər verilir”. 

ADU-da KİTABXANA PUNKTU 

Dillər Universitetinin əsas binasında kitabxana punktu yaradılıb. Punktun yaradılmasında əsas məqsəd tələbələrin onlara lazım olan kitabları rahat bir şəkildə əldə etməsinə şərait yaratmaqdır.

ADU-nun geniş kitabxana şəbəkəsi ildə yeddi minə qədər oxucuya xidmət edir. Kitab fondunda beş yüz mindən artıq ədəbiyyat saxlanılır. Kitabxana universitetin maliyyəsi hesabına ingilis, alman, fransız, italyan dillərində xaricdə çap olunmuş dərslik, dərs vəsaiti və başqa kitablar alaraq universitetdə tədrisin Avropa standartlarına uyğun təşkil olunmasına çalışır. Kitabxana İnformasiya Mərkəzinin məqsədi maariflənməni dəstəkləmək, təlim və tədqiqatda üstün olmaq, universitetin informasiya ehtiyaclarını qarşılamaq, tələbələrin, tədqiqatçıların informasiya və biliyə olan axtarışlarına kömək etməkdir. 

ADU BEYNƏLXALQ JURNALİSTİKA İSTİQAMƏTİNDƏ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR 

Azərbaycan Dillər Universitetinin spesifikası və potensialından istifadə edilərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyəti genişləndirir.

İstər Azərbaycandilli, istərsə də müxtəlif xarici dilli kütləvi informasiya vasitələri üçün mütəxəssis hazırlığını təmin etmək məqsədilə artıq ADU-da Jurnalistika kafedrası yaradılıb. İctimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malik jurnalistlər yetişdirən Filologiya və Jurnalistika fakültəsi isə 2013-cü ildən fəaliyyət göstərir.

Bu gün ölkədə fəaliyyət göstərən saytların və jurnalistlərin əksəriyyəti Azərbaycandillidir. Çox az jurnalist ingilis və rus dilli təmayüllüdür. Bu balansı düzəltmək üçün Azərbaycan Dillər Universitetinin kifayət qədər güclü potensialı var. ADU jurnalistika fakültəsi olan digər universitetlərdən fərqli olaraq, tələbələrə bu istiqamətdə təhsil bazası verib onların gələcəkdə peşəkar kadr kimi yetişməsinə nail ola bilər. 

HUMANİST ADDIM 

Rektor Kamal Abdullanın ADU-da həyata keçirdiyi islahatlar universitetin müəllim və tələbələri tərəfindən yüksək qiymətləndirilir.

ADU-nun II Xarici dil kafedrasının baş müəllimi Rəhimə Babayeva rektor Kamal Abdullanın həyata keçirdiyi islahatları, xüsusən də yay məktəbinin ödənişsiz keçirilməsi ilə bağlı qərarını dəstəkləyir və çox yüksək qiymətləndirir: “Tələbələrin vəziyyətini nəzərə alaraq yay məktəbinin ödənişsiz təşkil edilməsi humanist addımdır. Bu qərarı alqışlayır və dəstəkləyirəm. Ümumiyyətlə, Kamal müəllimin tələbələrin xeyrinə xidmət edən bütün qərarlarını dəstəkləyirəm”. 

REKTORA TƏŞƏKKÜR 

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin 4-cü kurs tələbəsi Elşən Qəhrəmanov deyir ki, bu gün ölkədə digər sahələr kimi dövlət tərəfindən təhsilə də böyük qayğı göstərilir. Artıq istənilən sahə üzrə Azərbaycan universitetlərində savadlı kadrlar yetişir ki, onlar da respublikamızı beynəlxalq miqyasda layiqincə təmsil edir. Bu universitetlərdən biri də, respublikanın 1 nömrəli dil brendi olan, 22 dilin tədris olunduğu Azərbaycan Dillər Universitetidir: “Universitetin rektoru, akademik Kamal Abdullanın göstərişi ilə tələbələrin bütün rahatlığı təmin olunub və təhsil almaları üçün əlverişli şərait yaradılıb. Müəllim, tələbə təbəqələri arasında istər auditoriyada, istərsə də auditoriyadan kənarda əlaqələr qurulub. Bunun bariz nümunəsi kimi “Auditoriya +” proqramını göstərmək olar. Universitet belə desək, çiçəklənmə dövrünü yaşayır. Biz tələbələrə yaratdığı bu şəraitə görə Kamal müəllimə təşəkkür edirəm”. 

KAMAL ABDULLANIN REKTOR TƏYİN EDİLMƏSİ İLƏ ADU-nun TARİXİNDƏ YENİ BİR SƏHİFƏ AÇILDI 

ADU-nun tələbəsi Nural Əhmədli bildirib ki, Kamal Abdullanın rektor təyin edilməsi ilə ADU nun tarixində yeni bir səhifə açıldı: “İyunun 1-i 2017-ci il tarixindən etibarən ADU-ya tələbənin sözünü və tələbənin haqqını müdafiə edəcək bir şəxs rəhbər təyin edilib. Bütün tələbə heyətinə verilmiş ilk müjdə imtahan qaydalarına edilmiş sadələşdirmələrlə bağlı idi. Bu gün Kamal müəllim yenidənqurma prosesini həyata keçirir. Universitetdə yaranmış yeni abu-hava onu göstərir ki, ADU Kamal Abdulla ilə birgə gələcəyə sağlam addımlarla irəlləyəcək. Universitet tələbələrinə verilmiş ikinci müjdə kəsirli tələbələr üçün yay məktəbinin ödənişsiz təşkil olunması oldu. Bu güzəşt tələbələrin yeni rektora olan etimad və güvənini artırdı. Bu gün tələbə kontingentinin əsas amalı rektorumuzun dediyi kimi, yeni Azərbaycanın savadlı milli-mənəvi dəyərlərinə sadiq və dövlətçiliyinə sədaqətlə bağlı bir gənc olaraq yetişməkdir”. 

TƏLƏBƏLƏRƏ DƏSTƏK OLAN REKTOR 

Universitetin tələbəsi Nərmin Mikayılova deyir ki, rektor Kamal Abdulla tələbələrə dəstək olan rektordur: “Kamal müəllim biz tələbələrə güzəştlər etdi. Əsas da yay məktəbini pulsuz etməklə çox tələbəyə kömək oldu. Mən də o tələbələrdən biri idim. Bizə dərs keçən müəllimlər də dərslərə çox məsuliyyətlə yanaşırdılar. Buna görə rektorumuza təşəkkür edirik”. 

İMTAHANI UĞURLA KEÇMƏK ÜÇÜN TƏLƏBƏLƏRƏ ŞƏRAİT YARADILDI 

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Sədəf İsmayılovanın bu il Yay məktəbinin ödənişsiz keçirilməsi barədə verdiyi qərara görə rektor Kamal Abdullaya çox minnətdardır: “Kəsirə görə ödənilən məbləğ hər bir fənnin kreditindən asılıdır.  Elə tələbə var ki, bu məbləği ödəməyə maddi imkanı yoxdur. Rektor tələbələrin maddi vəziyyətini nəzərə alıb bu addımı atdı. Yay məktəbini ödənişsiz etməklə Kamal müəllim maddi imkanı aşağı olan tələbələri böyük sıxıntıdan, çətin vəziyyətdən qurtardı”. 

SEVİNCLƏ QARŞILANAN QƏRAR 

Universitetin Təhsil fakültəsinin tələbəsi Gülnarə Cəfərova da Yay məktəbinin ödənişsiz olmasını müsbət hal kimi qiymətləndirərək bu məsələdə Azərbaycan Dillər Universitetinin digər ali məktəblər üçün örnək olduğunu vurğulayıb. G.Cəfərova bildirib ki, rektorun bu qərarından sonra tələbələrin məsuliyyəti daha da artıb, bunu görən müəllimlər isə işlərinə daha ürəkdən can yandırırlar: “Rektorun bu qərarı kəsiri olan bütün tələbələr tərəfindən böyük sevinclə qarşılanıb. Eşidəndə ki Yay məktəbi ödənişsizdir, mən də çox sevindim. Ödənişsiz yay məktəbində iştirak edən bütün tələbələr adından rektorumuz Kamal Abdullaya çox təşəkkür edirəm”.

Tələbə Emil Bayramov isə vurğulayıb ki, Kamal müəllimin tələbələr üçün imtahan sessiyasında etdiyi sadələşdirmələri unutmaq olmaz: “Bu gün biz tələbələr bu edimiş güzəştdən ötrü rektorumuza böyük minnətdarlıq bildiririk. Universitetimizdə edilmiş dəyişiklikləri qeyd etməmək olmaz. Bizim universitetin inkişaf etməsi rektorumuzun diqqət və qayğısının nəticəsidir. Universitetimizdə alqışlanacaq addımlardan biri Azərbaycanın milli - mənəvi dəyərlərinin bizlərə aşılanmasıdır. Bunun üçün də tələbələrin bədii ədəbiyyat oxuması zəruri hal oldu. Bununla biz Azərbaycan gəncliyi olaraq xalqımızın mədəni dəyərlərini ədəbiyyat vasitəsilə mənimsəmiş olacağıq. Bir daha ADU-nun tələbəsi olaraq öz adımdan və bütün digər tələbə yoldaşlarım adından rektorumuza gördüyü işlərə və biz tələbələrə etdiyi güzəştlərə görə böyük minnətdarlığımı bildirmək istəyirəm.Təşəkkürlər”.

Sevinc QARAYEVA

 





08.10.2017    çap et  çap et