525.Az

25 yaşlı Böyüyüm! - “525”-25


 

25 yaşlı Böyüyüm! - <b style="color:red">“525”-25 </b>

“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir.

Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq. Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə də dərc olunacaq.

Yer üzündə insana bəxş olunmuş çoxlu sevinclər, səadətlər var. Neçəsini dadmışam bu sevincin, bilmirəm. Hər halda Nazım Hikmət demiş - xatirələrimdən şikayətçi deyiləm. Son illərdə isə yaşadığım duyğular, məmnunluq içərisində ən öndə olanlardan biri də “525-ci qəzet”də çap olunmaq səadətidir. Əslində, çağdaş zamanın informasiya və bu xəbərləri yayımlayan vasitələr çoxluğunda “boğulduğumuz” bir dönəmində sözlərim bir az qəribə gələ bilər. Yəni məgər çap olunmaq elə böyük bir işdi ki, hələ üstəlik səadət də sayılsın? Əgər istənilən adam ağlına, ağzına, ya da əlinə gələni sosial şəbəkədə paylaşıb beş dəqiqədə məşhurlaşa, tanına bilirsə, bir qəzetdə çap olunmağın hansı sehri qala bilər. Bəli, elədir, yazının sadəcə qəzet səhifəsində görünməyi elə böyük iş deyil daha. Amma axı söhbət “525-ci qəzet”dən gedir! Həm də “525-ci qəzet”də çap olunmaq və bu mətbu orqanda işləmək ayrıca bir hadisədi axı... Bir də “525” elə-belə kağız, söz yığını deyil... “525” hər şeydən əvvəl peşəkar komandadı! İşinin peşəkarı olan insanlarla isə birgə çalışmaq həmişə zövqdü!

Bir çox həmyaşıdlarım, həmkarlarım kimi mənim də “525”ə yolum Azərbaycan Yazıçılar Birliyindən keçib. Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr pilləsinə yeni daxil olmuşdum. Qısa müddətdə az qala bütöv Azərbaycan ədəbiyyatını oxumuş, imtahandan maksimum bal toplayıb ən yaxşı ixtisasa qəbul olmuş adam kimi xeyli iddialı idim. O qədər iddialı idim ki, “Azərbaycan” dərgisində çap olunmaq sevdasına düşmüşdüm. Elə bu arzum da məni Azərbaycan Yazıçılar Birliyinə gətirmişdi. Yazımın çap olunub-olunmayacağını bilmirdim, amma o zaman burda fəaliyyət göstərən Gənc  Ədiblər  Məktəbi haqqında eşidəndə anladım ki, bu, həyatımda yeni bir mərhələnin başlanğıcı ola bilər. Elə də oldu! Gənclər üzrə katib, həm də Gənc  Ədiblər  Məktəbinin rəhbəri Rəşad Məcidin gənclərlə bir az tələbkar, xeyli dərəcədə də ironiyalı, zarafatyana söhbətləri haqqında eşitmişdim. Deyəsən, mənimlə də ilk dialoqu bu ladda baş tutdu. Rəşad müəllim təhsilim, maraqlarım, oxuduğum kitablar haqqında soruşanda utancaqlıqla bir neçə yazıçı adı çəkdim. Qarşısına çıxan baxımlı xanımların kitabdan yüz kilometr uzaqlığına əmin olan Rəşad müəllim mənə çox ironiya, zarafat, inamsızlıq qarışıq bir sual verdi: Yaaaxşşşııı?!

Doğrusu, bu cavaba bənzər sualın səbəbini o zaman yaxşı anlamamışdım. Sonralar öyrəndim ki, sən demə, gənc qızları öyrədib Rəşad Məcidin yanına yollayan adamlar varmış. Hətta bu xanımlar beş-on yazıçı, əsər adı əzbərləyib özlərini intellektual da göstərməyə çalışırlarmış. İndiki zaman üçün o qədər xarakterik hadisədir ki... Elə mətbuatı zəbt eləmiş psevdointellektualların əsas şakəri bu deyilmi? Nə isə, o vaxt bu yazılmamış qanunlardan xəbərsiz olduğum üçün bir az incimişdim də aldığım “Yaaaxşşşııı”dan. Axı alışmışdım ƏLA almağa... Əla üçün isə çalışmaq lazım idi, çox çalışmaq. Sözün həqiqi mənasında gecə-gündüz işləmək, gözünü qaldırmadan oxumaq, yoruldum deməmək, şikayət etməmək! 

Başlanğıcda hər şey daha asan, daha romantik görünürdü. Tədbirlər, ədəbiyyat söhbətləri, dost məclisləri, zarafatlar, istedadlı adamlarla bir mühitdə olmaq, illərlə uzaqdan baxdığın, əsərləriylə böyüdüyün yazıçılarla ünsiyyət, onları daha yaxından tanımaq imkanı... Yəni ilk baxışdan görünən, gözə gələn bunlardır. Səhnə arxasında isə yuxusuz gecələr, mənasız dedi-qodular, paxıllıq, kin və s. Mühitin lazımsız “ünsürlərindən” uzaq durub işləmək, sadəcə yazmaq və yazmaq isə asan deyil. Məncə, “525-ci qəzet” məhz bunu bacara bilib. Elə ətrafındakı adamlara da, ələxsus gənclərə də bunu aşılaya, öyrədə bilib; uğur qazandınsa, başın gicəllənməyəcək, uğursuzluqla üzləşdinsə, ruhdan düşməyəcəksən. Yola davam! Məhz “Yola davam!” fəlsəfəsi “525-ci qəzet”i bu günümüzə, ölkənin ən nüfuzlu mətbu orqanı səviyyəsinə gətirib çıxarıb.

Artıq mətbuat tariximizdə “525 məktəbi” adlandıra biləcəyimiz bir MƏKTƏB var. Bu gün ölkədə yüzlərlə söz, qələm adamı, özünün, sözünün nüfuzu olan jurnalistlər, mətbuat xidməti rəhbərləri var ki, onlar “525”in yetirmələridirlər, ilk addımlarını burda atıblar, burda yetişib püxtələşiblər. Əslində, indi istedadı, peşəkarlığı ilə fərqlənən jurnalistin “525”in “məzunu” olmaması təəccübləndirər hər kəsi... Mən də bu cür bəxtigətirmişlərdənəm!

“525-ci qəzet”də yayımlanan ilk yazım və ümumiyyətlə bunun tarixçəsi maraqlıdır. O zaman MirŞahin Ağayevin “Milli metr” layihəsi vardı, ilk bir neçə verilişi getmişdi efirə. Bu veriliş haqqında qısaca bir esse yazmışdım. Rəşad müəllim baxıb - qoy, bunu Seyfəddin (redaktorumuz Seyfəddin Hüseynli) redaktə eləsin, sən də fikir verərsən gör nəyi necə dəyişib - dedi. Sonra bir anlıq dayanıb - amma redaktələrdən incimə - əlavə elədi. Təcrübəsiz olduğum üçün nədən inciyə bilərəm ki, düşündüm. Amma qəzetin şənbə nömrəsini alanda başa düşdüm ki, bu yazını Seyfəddin müəllim ürəklə öz Seçilmiş əsərlərinə daxil edə bilər. Bu hadisəni Birinci Gənc Ədiblər Məktəbinin məzun günündə danışanda bütün gənc həmkarlarım gülməkdən uğunub getmişdilər. Çünki hər kəsçün bu, tanış məsələ idi. Bəli, bax belə yazılarımızı əvvəlcə abzas-abzas, sonra cümlə-cümlə, zamanla da söz-söz düzəldərək bizi jurnalist, yazıçı etdi “525-ci qəzet”.

Bir neçə ay öncə yazıçı-publisist Novruz Nəcəfoğlunun “Nağıl adam” povesti haqqında esse yazmışdım. Kitabın redaktoru və ön söz müəllifi Seyfəddin Hüseynlidir. Yazımda redaktorun da zəhmətini qeyd edib “sərt və güzəştsiz redaktor” ifadəsini işlətmişdim. Seyfəddin müəllim yazı qəzetdə yayımlayandan sonra sms yazıb təşəkkür etdi, sonra zarafatla  - gərək qəddar və acımasız redaktor yazaydınız - dedi. İndi qəzetin yubileyi ərəfəsində bu cümlələri yazdıqca düşünürəm bəlkə əslində, elə belə də olmalıdı. Aranın qarışıb mənsəbin itdiyi bir zamanda məhz sərt, güzəştsiz, hətta Seyfəddin müəllim demiş - qəddar və acımasız da olmaq lazımdı. Çünki özünü, necəliyini, simanı ayrı cür qorumaq mümkün də deyil. Həm də əslində, bütün bu sərtlik adı altında ümumiləşdirdiyimiz məsələlər sadəcə tələbkarlıqdır və bu 25 il ərzində məhz tələbkarlığa dözməyib “525” yolundan azan, daha doğrusu, o yolu getməyə gücü çatmayanlar da yetərincədir.         

Bəzən Rəşad müəllim - qəzetin “podşıvka”larını qabağıma qoyub nələrdən, necə keçirdiyimizi danışa bilərəm - deyir. Doğrusu, bəzi faktları bilsəm də, çox da dərinliyinə getmirəm. Çünki mənə elə gəlir ki, “525”in tarixini danışmaq bu insanlar üçün öz şəxsi həyatını açmaq, mübhəm sirlərini, gizlinlərini hər kəsə nümayiş etdirmək kimidir.

Bir neçə il öncə filologiya fakültəsinin birinci kurs tələbələrinə dərs deyirdim. Dərsə həvəssiz gəldiklərini, böyük maraq göstərmədiklərini hiss edirdim. Amma bütün gücümü, bacarığımı səfərbər edib necəsə təsir etməyə, yatmış maraqlarını oyatmağa çalışırdım. Ən effektiv metod isə tələbələrlə səmimi söhbətdi. Və elə səmimi söhbətlərimizdən birində tələbələrin universitet auditoriyalarının təmirindən şikayətini eşidəndə güldüm, izah eləməyə çalışdım ki, əgər arzu varsa, həvəs varsa, böyük amal varsa, təmirin elə böyük əhəmiyyəti yoxdur. İndiyə kimi yadımdadı, dedim - gəlin gedək, mən sizlərə göstərim insanlar necə şəraitdə, daha doğrusu şəraitsizlikdə  nə böyük işlər görürlər. Əlbəttə ki, “525-ci qəzet”dən danışırdım. O zaman redaksiyamız yayda isti, qışda buz kimi soyuq olurdu. Divarlarından su, axırdı, Sovet dövrü təmirindən isə əsər-əlamət qalmamışdı. Amma heç kəs şikayət etmirdi və ən maraqlısı budur ki, hər kəs işdən, prosesdən zövq alırdı. Elə böyük uğurun da əsas səbəbi işinə sevgiylə yanaşan insanların birgə fəaliyyətidir.

Bizlər, çağdaş dövrün, kompyuter əsrinin uşaqları üçün keçmişdə, 20-25 il öncə qəzet buraxmağın çətinliyini təsəvvür etmək mümkünsüzdü. Əgər bir vaxt yaşlı adam kompyuterə baxıb - bu qəzet bunun harasından çıxacaq - deyə gülməli sual verirdisə, bu günün də gənci o dövrün alüminium “basmaqəlib” metodlarına heyrətlə baxar və heç nə anlamaz. Amma elə imiş. Yusif Rzayev gecələrini nəşriyyatda keçirib fəhlələrlə birgə tozun, hisin-pasın içində qəzetin buraxılmasına nəzarət edirmiş. Nədənsə məhz bu faktı bildiyim üçün özümü Yusif müəllimə borclu hiss edirəm. Elə bil utanıram onun çəkdiyi o əziyyəti, qara işləri düşünəndə. Həm də sevinirəm ki, bu cür zəhmətə qatlaşıb bu günümüzə qədər gətiriblər qəzeti. Amma iş bununla bitmir. Məhz Yusif müəllimin düzəltdiyi sözlə, məsləhətiylə, redaktəsiylə nə qədər adam söz sahibi olub. Bəzən yaddaşında qalan, sonradan redaktə edib normal dilə çevirdiyi  cümlələrdən danışanda özümü gülməkdən saxlaya bilmirəm. Hətta - bu mövzuda yazı yazın - deyə dəfələrlə xahiş də etmişəm. Əlbəttə, Yusif müəllim belə yazı yazsa, hər kəs öz əyri-üyrü, sınıq-salxaq cümləsini tanıyacaq və bir az utanıb “burda mənəm...” düşüncəsində yanıldığını da başa düşəcək. Amma məgər Yusif müəllimə bu lazımdırmı? Məncə, yox! Bir neçə ay öncə Yusif müəllim saytlardan birinə müsahibəsində bir növ özündən giley edib - “Əgər bir ömrün bütöv mənzərəsi vur-tut 25-30 sözlə ifadə oluna bilirsə və o sözlər heç bu ömrün yiyəsi üçün də qeyri-adi bir şey ifadə eləmirsə, çətin ki, başqasına da cəlbedici görünsün” - demişdi. Özü söylədiyi kimi ömrünün yarısını “525-ci qəzet”ə həsr etmiş adamın bu sözləri məni xeyli hüzünləndirmişdi. Düşündüm, bəlkə bu zamanda öz yaradıcılığı, əsərləri ilə məşğul ola bilərdi. Amma sonra da fikirləşdim ki, məgər elə “525” özü və bu 25 illik sayları Yusif müəllimin əsəri, həm də bioqrafiyası deyilmi?! Ona görə məncə, gələn il 50 yaşını qeyd edəcək Yusif  Rzayev əslində, 50+25 illik yubileyini keçirməlidir.

Yazımın bu yerində uzun illər qəzetimizdə çalışan Yaşar Əliyevin də zəhmətini xüsusi vurğulamaq istəyirəm. Xatırlayıram ki, hələ qəzetlə sıx əməkdaşlığımdan öncə, Gənc Ədiblər Məktəbində ustad dərsindən tanıdım Yaşar müəllimi. Elə ordaca gənclərə yazı texnikasıyla bağlı verdiyi məsləhətləri heç unutmuram. Sonralar da,  ələxsus tərcümələr  edəndə Yaşar müəllimin dillə, yazıyla bağlı fikirlərindən faydalanmışam.

Bəzən komanda oyunlarında uğur qazana bilməməyimizi millətin xarakteri ilə bağlayırlar. Yəni komanda ola, bir-birimizi tamamlaya bilmirik guya. Yazımın əvvəlində “525-ci qəzet”də çap olunmaq səadətindən söz açdım. Bu səadəti ən çox beşinci günlər, qəzetin şənbə nömrəsi çapa hazırlananda hiss edirəm. Məhz kollektivin birliyini, bir-birini necə tamamlamasını da onda görürəm. Rəşad Məcidin qısa, konkret, uzunçuluqdan uzaq, hədəfə dəyən tapşırıqları, Yusif Rzayevin, Seyfəddin Hüseynlinin, Aydın Bağırovun səhifələri diqqətlə oxuyub qeydlərini etməsi, jurnalistlərlə, müəlliflərlə işləməsi, İskəndər Həsənovun bir az yorğun, amma həm də çox ciddi şəkildə yazıları səhifələrə yerləşdirib dizaynla məşğul olması, Cəmilənin axşama kimi bütün səhifələri bircə-bircə oxuyub korrektə etməsi. Hələ hamımızın əzizi, sürücümüz Zahir müəllimin otaqdan-otağa keçib uşaqlarla şirin zarafatlaşması, mehriban söhbətləri. Bir sözlə, burda insan özünü  ailə üzvlərinin içərisində hiss edir və sanki hər kəsin enerjisi bir-birinə qarışıb ayrı bir ab-hava yaradır redaksiyada. Qazanan isə əlbəttə qəzet olur! Səhifələrində bu enerjini, ruhu, həvəsi, xoş ovqatı əks etdirən qəzet!  

“525-ci qəzet”lə bağlı olan insanların, xüsusən də Rəşad Məcidin bu illər ərzində ən çox qarşılaşdığı sualdı - nə deməkdi 525? Dəfələrlə tədbirlərdə, səfərlərdə bu sualın Rəşad müəllimə ünvanlandığını görmüşəm, o isə artıq əzbər bildiyimiz cavabı verir hamıya: “Azərbaycan müstəqillik qazanandan sonra çoxlu qəzetlər təsis olunurdu, biz də qəzet buraxmaq üçün qeydiyyatdan keçəndə məlum oldu ki, bütün gözəl adlar artıq istifadə olunub, ona görə qəzetin qeydiyyat nömrəsini ad kimi seçdik”. Bəli, bütün gözəl adlar qoyulubmuş o zaman... 524 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçibmiş. Amma illəri adlayan, sıradan bir adını gözəlləşdirən, həm də birinci olmağı bacaran “525-ci qəzet” oldu!

Zaman keçdikcə, insan yaşa dolduqca minnətdarlıq leksikonu tükənir, zəifləyir elə bil. Bəlkə ona görə ki, sadəcə “çox sağ ol”, “minnətdaram”, “təşəkkür edirəm” deməyi hisslərinin ifadəsi kimi zəif görürsən. Mənim də illərdir ki, çalışdığım qəzetə aid duyğularım bu cürdür. Sadə bir minnətdarlıq adi görünür mənə. Çünki illərdir ədəbi mühitdə tanınmağım, yazılarımın əks-səda doğurması, “Pərvinin həmsöhbəti”, “Dahilərin qadınları”, “Yüz gözəl sevgi şeiri” layihələrim, bu layihələrə sığmayan neçə-neçə yazımın işıq üzü görməsi məhz bu qəzetlə bağlıdır. Ona görə elə indi də təşəkkür etmək azdır. Sadəcə etiraf edə bilərəm ki, 25 yaşlı böyüyümün, ondakı  səhifəmin qədrini bilirəm... Yubiley münasibətiylə isə əziz həmkarlarımı təbrik edir,  rəqəmlərimizi sonsuza qədər artırmaq ümidi ilə hamıya uğurlar diləyirəm.

 





09.10.2017    çap et  çap et