525.Az

Xarici investisiyalarda "Troya atı" riski


 

Xarici investisiyalarda "Troya atı" riski <b style="color:red"></b>

Yunan ordusu Troyanı 10 il uğursuz mühasirədə saxladıqdan sonra guya Vətənlərinə qayıtdıqlarını göstərərək düşərgələrni yığışdırıb çəkilirlər. Lakin onlar özlərindən sonra ilahə Afinaya qurban kimi hazırlanmış nəhəng taxta at fiqurunu qoyub gedirlər.

Troyalılar böyük təntənə ilə atı şəhərə gətirirlər. Ancaq gecə düşdükdən sonra taxta at fiqurunun içərisində gizlənmiş yunan əsgərləri oradan çıxaraq ordunun şəhərə girməsinə kömək edir və beləliklə də Troya işğal olunur. Homerin "İlliada"sındakı 4 min illik əhvalat bu gün də aktualdır. Bu süjet həm də bir gerçəyi ortaya qoyur: zəfər təkcə qəhrəmanlıqla deyil, hiylə ilə də qazanıla bilər.  

"Troya atı" təhlükəli iqtisadi model kimi

Təsəvvür edin ki, 80 milyon əhalisi olan bir ölkədə quşçuluq sahəsi inkişaf edib və quş ətinə tələbat böyükdür. Quşçuluq sektoru yemçilik və digər kənd təsərrüfatı sahələrinin, kiçik və orta biznesin, ixracatın, eləcə də pərakəndə ticarətin inkişafına təkan verir. Yaxın və uzaq qonşu ölkələrə ət, yumurta satılır. Və günlərin birində ölkənin quşçuluq sektoruna xarici sərmayə daxil olur, haqsız rəqabət başlayır və bu sektorun qara günləri başlayır. Qeyd olunan ölkə Türkiyədir. Türkiyədə son 1 ildə "Şeker Piliç", "Köytür Piliç", "Mudurnu" və "Aytaç" kimi firmaların quş əti istehsalını dayandırması vəziyyətin ciddiliyindən xəbər verir.

2017-ci ilin əvvəlində Braziliyanın BRF Şirkəti  (40 faizi Qətər Yatırım Ortaqlığına məxsusdur) Türkiyənin Balıkəsir vilayətindəki “Banvit broyler”in 80 faizini  satın aldı. Hər şey onunla başladı ki, 2016 cı ildə türk lirəsi ABŞ dolları qarşısında 21 faiz ucuzlaşdı. Sonra qısa müddət ərzində “Banvit”in səhmləri İstanbul birjasında dəyərini itirməyə başladı. 2016-cı ilin əvvəlində 1 dollar = 3 TL idisə, 2017 ci ilin mart ayında Banvit satıldlllğl zaman 1 dollar = 3.6 TL idi. Banvit məhz ucuzlaşmış türk lirəsi ilə 915 milyona satıldı. "Troya atı" gedişi budur.

BRF regionda lider olmağa hazırlaşır

30-dan çox ərzaq brendinə sahib olan BRF, dünyanın ən nəhəng ərzaq və quş əti ixracatçısıdır. 105 mindən çox işçisi olan 82 yaşlı şirkət Argentina (10), Braziliya (35), Birləşmiş Ərəb Əmirlikləri (1), Hollandiya (1), Malayziya (1), İngiltərə (1) ve Tayland (5) da daxil olmaqla 7 ölkədə 54 istehsal mərkəzinə sahibdir. “Banvit” ilə birlikdə bu rəqəm 8 ölkədə 55 mərkəz oldu. Bugün BRF 5 qitədə 150-dən çox ölkəyə quş əti, yarımfabrikatlar və hazır ərzaq məhsulları ixrac edir. Şirkətin dövriyyəsi 10 milyard dollardır. Keçək BRF-in Troya atı strategiyasına...

BRF Banviti o şərtlə satin aldı ki Türkiyəyə quş yemi Braziliyadan vergi tətbiq edilmədən gətiriləcək. Onu da qeyd edim ki Braziliya başlıca quş yemi sayılan soya paxlası istehsalında dünyada ikinci sıradadır. BRF Banviti alar-almaz, Türkiyə parlamenti GDO-lu (Geni Dəyişdirilmiş Orqanizmlər) 3 soya və 1 qarğıdalı məhsulunun ölkəyə idxalını qanunla sərbəstləşdirdi. BRF-in yayınladığı açıqlamada qeyd olunur ki, Türkiyədə adambaşına illik quş əti istehlakı 21 kq təşkil edir. Şirkət bu rəqəmi 2 dəfə artırmaq niyyətindədir.

Türkiyəli ekspertlər BRF-in yaxın zamanda mal əti sektoruna girəcəyini də proqnozlaşdırırlar. Onların fikrinə görə, BRF Türkiyənin əlverişli coğrafi şəraitindən istifadə edərək Orta və Uzaq Şərq ölkələrinə quş və mal əti ixracatını artıraraq regionda liderliyi ələ alacaq.   

İnhisarçılığın tarixinə baxış

Rəqabət iqtisadiyyatı stimullaşdıran faktorlardan biridir. Sağlam və planlı şəkildə istiqamətləndirilsə, bolluq yaradır. Ancaq yaranan bolluqla bərabər bazara sahib olmaq istəyi - yəni inhisarçılıq meylləri də artmağa başlayır. İnhisardan, yəni monopoliyadan söz düşmüşkən...

Qədim Romada  qanunsuz inhisarçılıq cəzalandırılırdı. Məsələn bazar nəzarətçiləri çörəyin qiymətinin süni artırıldığını gördükləri an ticarətçilər cəza ödəməyə məcbur qalırdılar. Ödənən vəsait Kapitolinin abadlığına sərf edilirdi.

Romaya mal gətirən tacirlərin yolunu kəsərək onları gecikdirmək, limanlarda gəmiləri səbəb olmadan saxlamaq kimi addımlar da cəzasız qalmırdı. 

İmperator Neron bazarlarda mal satanların oturmasına qadağa qoymuşdu. O düşünürdü ki, ayaq üstündə duran satıcı tez yorular və beləliklə də malının qiymətini endirərək evinə tələsər, xalq isə bundan məmnun qalar.

Ən böyük inhisarçılıq meyillərindən biri də XIX əsrdə Rusiyada baş qaldırıb. Hətta iş o yerə çatıb ki 1845-ci ildə imperator I Nikolay qanunsuz inhisarçılığa və gizli sövdələşmələrə görə cinayət məsuliyyəti tətbiq etmək məcburiyyətində qalmışdı. 

Xarici sərmayələr strateji addımlardır 

Dünya iqtisadiyyatını son 10 ildə zəiflədən iqtisadi böhran super dövlətləri də nəhəng korporasiyaları da narahat edir. Hər gün Afrika sahillərindən, Çindən, Braziliyadan, Avstraliyadan, Hollandiyadan, Birləşmiş Kralliqlardan, Rusiyadan, Türkiyədən, ABŞ və Kanadadan xam neft, maye qaz, qızıl, taxta-şalban, taxıl, meyvə, tərəvəz, ət, qəhvə, şəkər, avtomobil, avadanlıqlar, tekstil yüklü gəmilər yola düşür. Amansız rəqabət fonunda əlverişsiz hava şərtləri, qeyri-sabit valyuta kursları, yollarda itən vaxt, daşınma, yanacaq və gömrük xərcləri kimi risk faktorları malların maya dəyərinə təsir edir. XX əsrdə bu məhz bu risklərin qarşısını almaq üçün qloballaşma modeli sürətlə yayıldı. Əslində şimaldan cənuba dəmir filizi daşıyaraq orada avadanlıq istehsal etməkdənsə şimalda zavod qurmaq daha sərfəlidir. Məsələn, 1632-ci ildə hollandiyalı tacir Vinius Rusiyanın Tula şəhəri yaxınlarında dəmir əritmə zavodu inşa etmək icazəsi alır. Orada istehsal olunan döyüş topları Hollandiyaya göndərilirdi. Hətta təşviq məqsədilə Vinius 20 il vergidən azad edilir.

Eləcə də dünyanın qərbindən şərqinə avtomobil göndərmək yerinə elə oraya investisiya yatıraraq həmin avtomobili istehsal etmək iqtisadi cəhətdən daha məntiqlidir. İkinci Dünya Müharibəsindən sonra iqtisadiyyatı darmadağın olmuş Yaponiya tez bir zamanda xarici bazarlara giriş strategiyaları hazırlayaraq başqa ölkələrə ticarət şirkətləri göndərdi və bazarları öyrənməyə başladı. Keçmiş düşməni ABŞ-da zavod quran ilk yapon firması “Honda” oldu. Onun ardinca da “Nissan” və “Toyota” Amerika bazarına girdilər. İlk baxışda bu addımlar xarici sərmayə kimi də qiymətləndirilə bilər. Ancaq bəzi investisiya layihələri məhz "Troya atı" əfsanəsini xatırladır.  Yunanları Troyanın içinə qədər apararaq məqsədlərinə çatdıran taxta at fiquru... Bəzi ölkələrin son illərdəki yatırımları buna canli misal ola bilər. Xarici investisiyalarda Troya atı gedişi gələcəkdə o ölkənin iqtisadi strategiyasını, ixrac-idxal siyasətini təhdid edir.

Dünya o dərəcədə qloballaşıb ki, avtomobil nəhənglərindən “Ford” Türkiyədə, “Mersedes” isə Cənubi Afrika Respublikasında zavod, Almaniya Qətərdə maye qaz müəssisəsi qurdu. İspaniya və Səudiyyə Ərəbistanı Kambocada,  milyonlarla hektar torpaq ərazisi aldılar. Hollandiya Türkiyənin "Baymak" kombi şirkətini, Türkiyənin “Koç Grup”u Afrikanın cənub bölgəsində ən çox satılan məişət texnikası markası olan "Defy"ni "Franke"dan satın aldı. Qətər Yatırım Qurumu (QYQ)  "Volkswagen"in 17 faizinə, “Rosneft”in 9.75 faizinə, Londonun Hitrou Havalimanının 20 faizinə, Hollivudun "Miramax" studiyasına, Türkiyədə "Digitürk"ə, Finansbank və ABanka, eləcə də Boyner qrupunun 1/3-nə sahib oldu. 

Süveyş kanalı - tarixdə 400 illik səhvi düzəldən "Troya atı" gedişi 

1866-cı ildə Osmanlı sultanı Abdulaziz məcbur qalaraq nəzarətində olan Misirdə Süveyş kanalının qazılması və 99 illik İngiltərə-Fransa-Avstriya mənşəli bir konsorsiumun ixtiyarına verilməsi haqqında fərman imzaladı. 1869-cu ildə açılmış və uzunluğu 163 km olan bu kanal günümüzdə illik 4 milyard dollar gəlir gətirir. Müqayisə üçün qeyd edim ki Panama kanalından illik 1.5 milyard dollar gəlir var. Onu da qeyd edim ki bu kanal Osmanlı imperatorluğunun zəifləməsi məqsədilə inşa olunub və gözlənilən nəticə alınıb.

İngiltərə ilə Fransa arasındakı 1337-1453 illərdə baş verən "100 illik müharibələr" hər kəsə məlumdur. Lakin çox az adam bilir ki məhz bu müharibələr Avropada xaos yaratdı və Osmanlı imperatorluğu 1453-cü ildə maneəsiz olaraq Konstantinopolu fəth etdi. 400 il sonra Troya atı həmləsiylə İngiltərə və Fransa bu səhvi düzəltdilər.  

Çinin “Troya atı” strategiyaları

Afrika Çinləşir. Bu qitədə hər daşın altindan Çin faktoru çıxır. İş o yerə çatıb ki ABŞ və Fransa Çinlə bu qitədə mübarizə apara bilmirlər. Hələ 1960-cı illərdən bəri Çin bəzi Afrika ölkələrinə pul və silah göndərirdi. Günümüzdə də Afrikada  baş verən hərbi müdaxilə və dövlət çevrilişlərinə dəstək verən Çin, Afrika qitəsinin ABŞ və Rusiyadan sonra üçüncü böyük silah təminatçısıdır. 

Afrikanın neft-qaz yataqları xam və sahibsizdir. BP şirkətinin proqnozlarına görə dünya neft ehtiyatının 9.6 faizi Afrikadadır. 2025-ci ilə qədər bu qitənin karbohidrogen yataqlarının sayının daha da artacağı gözlənilir. Çin, ABŞ-dan sonra dünyanın ikinci böyük neft istehlakçısıdır. O bu ehtiyacının bir hissəsini Angola, Əlcəzair, Çad ve Sudan vasitəsi ilə Afrikadan təmin edir. Çin  Ekvatorial Qvineya, Qabon ve Nigeriyaya enerji yatırımlarını da artırıb.

2015-ci ildə  1700-ə yaxin Çin firması Afrikaya 50 milyard dollarliq sərmayə yatırıb. Afrika dünya qızıl rezervinin 40 faizinə, platin və xromun 80 faizinə sahibdir. Əkinə yararlı xam ərazilər qitənin 60 faizini təşkil edir.

Dünyanın ən böyük taxta-şalban istehlakçısı olan Çin, Mozambikdə meşələri, Sudanda neft yataqlarını, Zambiyada mis, Zimbabvedə uran, Konqoda kobalt mədənlərini satın alır. Çin, Afrikanın böyük bir hissəsində dəmir yolları, marketlər, telekommunikasiya şəbəkələri, xəstəxanalar, su anbarları, hava limanları, oteller, stadionlar, parlament binaları inşa edərək əvəzində bu yeraltı sərvətlərə sahib olur.  Çin dili artıq bəzi Afrika ölkələrinin təhsil proqramına əlavə edilib.

Gülməli də olsa, Afrika mallarının ən böyük alıcısı ABŞ, Afrikanın ən böyük mal istehsalçısı isə Çindir.

Türkiyədə 25 sahəni iflas etdirən Çin "Troya atı" 

Türkiyədə xalçaçılıq, elektronika, ayaqqabı, tekstil, geyim, velosiped, oyuncaq, ziyafət paltarları, mebel və başqa bu kimi 25 sahəni iflic edən Çin, 2012-ci ildə mərmər və təbii daşlar sektoruna girməyə qərar verdi. Cəmi 3 il ərzində Türkiyədə 100-ə yaxın mərmər yatağı satın alan Çin firmaları 1500-ə yaxın yerli firmadan da məhsul satın alaraq liderliyə yüksəldi. Paralel olaraq Çin Türkiyədə qranit sektorunu da zəiflətdi. Arqumenti isə bu oldu ki Çində qranitin insan sağlığına zərəri olduğu düşünülür. Digər tərəfdən isə Çin Türkiyəyə öz yerli qranitini 1 kv.m-ni 7 dollara satır. 

Bu gün Türkiyədə Çinli firmalarla çalışmayan mərmər yatağı yoxdur.  Hər il bu sektorun ixracat göstəriciləri 20 faiz artır. Əslində sevindirici haldır. Çünki Çin olmasaydı, Türkiyədə mərmər sektoru bugünkü səviyyəyə gəlməzdi. Yalniz işin içində "Troya atı" təhlükəsi olmaya...

Tarixə nəzər salaq. Dünyada ilk böyük manufakturalardan biri XII əsrdə Bizans imperiyasında yaranıb. Qədim Prusada (indiki Bursa) bir neçə ipək manufakturası var idi. Getdikcə Osmanlı dövlətində də ipəkçilik və pambaqçılıq inkişaf etdi.

1949-cu ildə Çin Xalq Respublikasinin qurucusu, kənd təsərrüfatından xəbəri belə olmayan Mao Tszedun, iqtidara gələr-gəlməz, pambıqçılıq sektorunu məhv etdi. 

Çin isə bu gün bütün dünyada pambıqçılıq sahəsini zəiflətdi və sektoru əlinə aldı. 1980-ci illərdən başlayaraq dəniz ticarəti strategiyasını inkişaf etdirən Çin Afrikadan pambıq idxalına başladı və paralel olaraq ölkədə pambıq istehsalını da artırdı. Artıq 2010-cu ildə dünya pambıq mahlıcı bazarının 51 faizi Çinin əlində idi. 2014-cü ilin sonunadək pambıq idxalına vergi rüsumunu ləğv edən Çin bir çox ölkənin qazanc yerinə çevrilmişdi.  2015-ci ildə kifayət qədər pambıq tədarük etmiş Çin birdən-birə pambıq idxalına vergi tətbiq edərək, dünyaya daha bir böhran - pambıq böhranı yaşatdı.

Çin pambıq böhranı yaradana qədər Türkiyə təkcə 2 vilayətində (Aydın və Adana) becərdiyi pambığiyla 1950-ci illərdən bəri tekstildə dünya lideri idi. Çin bunu da düşünmüşdü. Son 3 ildə Çinin tekstil firmaları “Troya atı” həmləsi ilə Türkiyədə ticarət mərkəzlərini satın almaq və ya kirayələmək yolu ilə öz mallarını türk bazarına rahatca daxil edə bildilər. Təəssüflə qeyd etməliyəm ki, Türkiyənin mərmər sektorunu da eyni aqibət gözləyir. Rəqəmlərə görə, ABŞ hər il 26 milyon ton pambıq istehsal etməklə dünyada 3 cü yerdədir. Lakin orada mahlıcın böyük əksəriyyəti tekstildə deyil, dollar kağızının istehsalında istifadə olunur. Bildiyimiz kimi, dollar kağız deyil, pambıq və kətan tərkiblidir.

Belə misallar çoxdur. Lakin hər misalın arxasinda tək bir ortaq nöqtə var - "Troya atı" təhlükəsi.  İqtisadiyyat bəzən siyasətin əsirinə çevrilir. Xarici sərmayələrin ölkə iqtisadiyyatına risk təşkil etməməsi üçün daxili bazarın qorunması prinsipi hər zaman ön planda olmalıdır. 

(İstanbul)

 





09.10.2017    çap et  çap et