525.Az

Günel Eminli “Cənnətdə payız”ı təqdim etdi


 

Günel Eminli “Cənnətdə payız”ı təqdim etdi <b style="color:red"></b>

Oktyabrın 7-də gənc yazıçı Günel Eminlinin “Cənnətdə payız” hekayələr və esselər toplusunun təqdimat mərasimi keçirilib.
 
Tədbiri giriş sözü ilə açan kitabın naşiri, “ATV kitab” seriyasının rəhbəri, şair Səlim Babullaoğlu “Cənnətdə payız”ın müəllifin yaradıcılığına hərtərəfli baxmaq imkanı verdiyindən danışıb:

“Bu kitab mənə oxucu kimi bir neçə tərəfi ilə maraqlı gəldi. Ara-sıra dövri mətbuatda Günelin hekayələri, esseləri ilə rastlaşırdım. Amma bu kitab onun yaradıcılığına hərtərəfli baxmaq imkanı verdi. Böyük zövq aldım.
 
İnanıram ki, bu yazıları indi geniş oxucu kütləsi oxuyacaq və Günel Eminlinin kitabı Azərbaycan ədəbiyyatının dəyərli səhifəsi kimi yadda qalacaq”.
 
Kitabın redaktoru  Seyfəddin Hüseynli Günel Eminlinin mövzulara çoxtərəfli yanaşma sərgilədiyini vurğulayıb:
 
“Redaktə prosesində Günelin yazılarında diqətimi çəkən bəzi keyfiyyətləri qeyd etməli olsam, bunlardan birincisi şəfqət hissidir. Günelin yazılarında şəfqət hissini necə yaşadığını, necə səmimi, özünəxas əks etdirdiyini gördüm.
 
Gənc həmkarımızın hər şeylə maraqlanmaq, yaxından müşahidə etmək cəhətini ortaya qoyması onun öndə olan yaradıcılıq dəyərlərindən daha biridir. Üçüncüsü isə, Günel mövzu müxtəlifliyindən çəkinmir, o mövzuların üzərinə gedib onların bədii həllini verməyi bacarır. Sənətin ayrı-ayrı növlərinə və nümayəndələrinə geniş, çoxtərəfli, maraqlı yanaşma ortaya qoyur”.
 
Ədəbiyyatşünas, şair Qismət Rüstəmov kitabı oxuyub bitirdikdən sonra qəti fikir bildirəcəyini deyib:
 
“Güneli təbrik edirəm. Kitab hələ təzədir. Oxuyandan sonra daha ətraflı fikir hasil edəcəyik. Saytımızda (sim-sim.az) gedən bir neçə yazısını beynimdə çək-çevir edirəm. O, kriminal hadisələri şox sadə şəkildə ifadə etməyi bacarır. Günel böyük məsələləri xırda, minimalist hekayələri, esseləri ilə də ifadə edə bilir”.
 
Şair Elnaz Eyvazlı Günel Eminlinin şəxsiyyəti ilə yaradıcılığının bir-birini tamamladığını qeyd edib:
 
“Güneldən oxuduğum ilk mətn “Mənə həyat verin” essesi olmuşdu. Yaradıcılıqla şəxsiyyətin üst-üstə düşməsi, nizamlılıq, sözsüz ki, insanın əsərlərində də özünü göstərir. Biz bunu Güneldə hər mənada görürük”.
 
Yazıçı Cavid Zeynallı isə danışmaqdan daha çox yazmağın tərəfində olduğunu bildirib:
 
“Uzun müddətdir heç nə yazmasam da, şeytanın qıçını Günelin kitabı ilə sındırmaq fikrim var. Onun kitabındakı hekayələrdən bəzilərini, esselərinin əksəriyyətini oxumuşam. İlk işim kitabı axıradək oxumaq olacaq. Daha sonra isə haqqında yazmağa söz verirəm”.
 
Şair Rəbiqə Nazimqızı qısa çıxışında müəllifin ədəbiyyata və mətnə özünəməxsus yanaşmasından danışıb. 
 
Günel Eminli kitabın nəşrində dəstək gördüyü hər kəsə, eləcə də çıxış edənlərə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda müəllif oxucular üçün kitab imzalayıb.

Cavid QƏDİR

 





09.10.2017    çap et  çap et