525.Az

UNEC-də türk dilinin tədrisinə yeni yanaşma


 

UNEC-də türk dilinin tədrisinə yeni yanaşma<b style="color:red"></b>

Dünən Bakı Yunus Əmrə İnstitutunun nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Nümayəndələrlə görüş zamanı çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrin UNEC üçün əhəmiyyətini bildirərək, əməkdaşlıq çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, ikili diplom proqramları, 50-yə yaxın universitetlə reallaşdırılan Mövlanə Proqramından söz açıb. Ə.Muradov bu əməkdaşlığın UNEC-də türk dilində tədrisin aparılmasına böyük imkanlar yaratdığını diqqətə çatdırıb.

Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in Türkiyə ali təhsil müəssisələri ilə əlaqələrinin ən üst səviyyədə qurulmasını yüksək qiymətləndirib.

Görüşdə UNEC-lə Bakı Yunus Əmrə İnstitutu arasında türk dilində tədrisin inkişaf etdirilməsinə dair protokol imzalanıb. Sənədə əsasən, UNEC-də türk dilinin tədrisində Avropa Dil Portfeli və beynəlxalq dil tədrisi standartlarına görə hazırladığı "Yunus Əmrə İnstitutu Modeli"nin tətbiqi nəzərdə tutulur. Eyni zamanda, UNEC-lə Bakı Yunus Əmrə İnstitutu türk dilinin tədrisi sahəsində ortaq elmi araşdırmaları davam etdirəcəklər.

S.QARAYEVA

 





10.10.2017    çap et  çap et