525.Az

Kürü düşmən dəyirmanına axıdırsız, sonra da...


 

Kürü düşmən dəyirmanına axıdırsız, sonra da...<b style="color:red"></b>

Bizləri borclu çıxarırsız.

Gündəmi orta məktəblərin rus bölməsinin 10-cu sinif şagirdləri üçün buraxılmış tarix kitabındakı bir xəritə zəbt edib. Böyük müzakirəyə və ziyalılar tərəfindən etiraza səbəb olub. Xəritəni çap etmirik, söyüş söyənlə çatdıran yarı-yarıyadı, ona görə.

Ümumiyyətlə, son illər buraxılan dərsliklər mütəxəssislər tərəfindən tez-tez tənqid olunur, təbii ki, özü də faktlarla, kor-kor, gör-gör. Və bu tənqidlərə də dilucu bir cavab verirlər, bitdi-getdi. Növbəti illərdə yenə həmin şey. Yəni dəyirman öz bildiyini edir, çax-çaxı havayıdan baş ağrıdır. Yəni dəyirman Təhsil Nazirliyidir, başı ağrıyan, çax-çax da bizik. Və ümumiyyətlə, təhsilimiz bu dəqiqə elə bir vəziyyətdədir ki, nə qədər ağıçı lazımdır ki, oturub ağı deyə. Amma ağıyla da düzələn deyil ey. Nə isə...

Bəli, məlum xəritədə Roma imperatorluğu dövründə Qara dənizdən Xəzər dənizə qədər böyük bir ərazi - Türkiyənin, İraqın, Suriyanın, İranın bir hissəsi, Azərbaycan, Gürcüstan, Şimali Qafqaz bütövlükdə Ermənistan kimi təqdim olunub.

Bu, böyük məsuliyyətsizlikdir. Deməli, dərsliyə başdansovdu yanaşıblar. Bu dərslik neçə mütəxəssis əlindən keçib, amma bunu heç kim görməyib.

Artıq kitabları yığışdırırlar, yenidən dərc edib paylayacaqlar, amma əlyazmalar yanmır axı, deyirlər. Yəni ortada bir kitab var və Azərbaycanın buraxdığı kitabdır. Və bu kitab indi ermənilərin də əlindədir, tirajlayıb bütün dünyaya yayacaqlar ki, bax, görürsünüz, özləri də etiraf edir ki, bu ərazilər Ermənistanındır.

Əvvəla, Nazirliyin və müəlliflərin açıqlamalarını oxuyuram, lap çaşıb qalıram. Bu açıqlamalar üzrü günahından betərdir.

Birincisi, müəlliflər "Ərməniyyə" sözünü "Ermənistan" sözü ilə qarışıq salırlar. Bütün ərəb mənbələrində Yaxın Şərqdə bir ərazi Ərməniyyə adlanır. Bu da heç də xəritədə göstərildiyi kimi, Qara dənizlə Xəzər dənizin arası deyil, təxminən dərc olunmuş xəritədə Mesopotamiya kimi göstərilən Dəcləylə Fərat bölgəsində bir ərazidir. Buyurun, ərəb mənbələrini qaldırıb baxın həmin xəritələrə.

İkincisi, Ərməniyyənin Ermənistana və erməni xalqına heç bir dəxli yoxdur. Xalq adı deyil, millət adı deyil, ərazi adıdır və özü də əsasən, ərəblərin yaşadığı ərazidir. Həmin ərazidə türklər də yaşayıblar və bu ərazidə şumer xalqı da yaşayıb. Şumerlərin dilləri də türk dilinə yaxın bir dildir. İmkanınız varsa Oljas Süleymenovun "Az i Ya" kitabını bir vərəqləyin, eləcə də Əlisa Nicatın şumerlərlə bağlı yazılarını oxuyun. Özü də faktlara söykənən yazılardır. Şumer dili ilə türk dilinin necə eyni kökə bağlı olduğu haqda yazılardır.

Hansısa saxta bir xəritəni götürürsünüz, özü də rus mənbələrindən və "ərməniyyə" sözünü də "armeniya" kimi yazırsınız.

Hələ bir yer var ey, Roma imperatorluğu erməni dövləti ilə nə bilim neyləyib. Erməni dövləti, yox bir Amerika Birləşmiş Ştatları. Hardaydı bu erməni dövləti, neçənci ildə olub ki, heç ermənilərin özlərinin dəqiq məlumatı yoxdur?!

Təbii ki, erməni də bir xalqdır, kosmosdan gəlməyib. Onun da bir yurdu-yuvası olub. Ya 70-ci illərin sonuydu, ya 80-ci illəriydi, "Elm və həyat" jurnalında işləyirdim, universitetin (onda bir universitet vardı - Azərbaycan Dövlət Universiteti) professorlarından biri redaksiyaya ABŞ-da nəşr olunan bir jurnal gətirmişdi. Jurnalda ABŞ-da yaşayan, milliyyətcə erməni bir professorun ermənilərin soykökü haqqında bir məqaləsi dərc edilmişdi. Professor həmin məqaləni Azərbaycan dilinə tərcümə elədi və biz də onu çap elədik. Ermənilərlə cici-bacı vaxtlarımızıydı və həmin yazıda erməniləri aşağılayan bir şey yoxuydu. Sadəcə olaraq, erməni professor öz xalqının harda doğulub, haralara köç etdiyini yazmışdı.

Professor faktlarla sübut edirdi ki, ermənilərin vətəni Himalaydadır. Bəs necə olub ki, onlar qərbə gəlib çıxıblar? Himalayda ermənilərlə türklər birgə yaşayıbmış. Məlumdur ki, türklər 30-40 illik savaşlara çıxırdılar və təbii ki, üzü qərbə. Hələ gəlib Romanı da yandırdılar. Həmin professor yazır ki, türklərin dərziləri, çəkməçiləri, dəlləkləri, at qaşovlayanları, tikinti işləri görənləri, tərcüməçiləri və bir çox hallarda mirzələri ermənilər olub. Və türklər hara gediblərsə, erməniləri də özləriylə daşıyırdılar. Və professor xüsusilə vurğulayır ki, harda türk yaşayırsa, mütləq orda ermənilərlə də rastlaşacaqsınız.

Bir də ki ermənilər özlərinə erməni demirlər, "hay" deyirlər. "Hay"ın da bizim dilə tərcüməsi "qaçqın" deməkdir. Ona görə bir-birinə müraciətdə deyirmişlər ki, "hayes", yəni sən də bizdənsən, yurd-yuvandan qaçqınsan?

Erməni dövləti! Yox bir Amerika Birləşmiş Ştatları. Erməni harda bir kənddə məskunlaşırdısa özlərinə çar seçirdilər: erməni çarı filankəs. Yox bir prezident...

Sero Xandzanyanın bir əsəri var: "Mxitar sparapet". Çox böyük bir romandır. Romanda ermənilərin yadellilərə qarşı "möhtəşəm" bir mübarizəsi təsvir olunur. Mxitar da bunların baş komandanıdır. Oxuyursan, gözünün qabağında böyük bir erməni dövləti canlanır. Bir az ciddi baxırsan, məlum olur ki, bu "möhtəşəm" erməni dövlətinin qoşunundakı əsgərlərin sayı heç bir rota deyil. Budur bunların dövləti, Roma imaperatorluğuyla danışıq masası arxasında oturublar? Lətifəsi uzaq olsun, bu, Qatır Məmmədin ingilis generalı Tomsonla danışıq masası arxasında oturmasına oxşayır.

Bəli, xəritə böyük etiraza səbəb olub, təbii ki, haqlı etiraza. Amma açıqlamalar, yuxarıda qeyd etdiyim kimi, üzrü günahından betər. Açıqlamalarda yazılır ki, bu məsələnin müzakirəsi, qabardılması erməni dəyirmanına su tökməkdir.

Dostlar, siz özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, hələ bir bizləri də borclu çıxarırsınız?!

Ümumiyyətlə, mütəxəssislərdən ibarət və Təhsil Nazirliyinə tabe olmayan bir komissiya yaradılmalıdır və dərsliklər həmin komissiyada geniş müzakirə edilməli, son nəticəyə gəlinməli və sonra dərc edilməlidir.

 





11.10.2017    çap et  çap et