525.Az

İdxalçı ölkədən ixracatçı ölkəyə çevrilən Azərbaycan


 

HƏYATA KEÇİRİLƏN MƏQSƏDYÖNLÜ SİYASƏT, İQTİSADİ İSLAHATLAR ÖZ NƏTİCƏSİNİ VERİR

İdxalçı ölkədən ixracatçı ölkəyə çevrilən Azərbaycan<b style="color:red"></b>

Prezident İlham Əliyevin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran məsələlərə həsr olunmuş müşavirədə çıxışı ölkə ictimaiyyəti tərəfindən böyük diqqətlə qarşılanıb.
 

Dövlət başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Azərbaycanın ictimai-siyasi hayatı, sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələri, həyata keçirilən enerji və nəqliyyat layihələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla bir çox məsələlərə toxunulub, müvafiq dövlət qurumlarının fəaliyyəti qiymətləndirilib, qarşıdakı dövr üçün prioritet sayılan istiqamətlər müəyyənləşdirilib.

Dövlət rəhbəri İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycanın hərtərəfli və dinamik inkişafı aparılan uğurlu siyasətin və həyata keçirilən islahatların nəticəsidir: "Qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz artıb. Qeyri-neft iqtisadiyyatında müşahidə edilən artım son illərdə aparılmış məqsədyönlü siyasətin, uğurlu islahatların, iqtisadiyatın şaxələndirilməsinin göstəricisidir. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir. Kənd təsərrüfatında 2,8 faiz artım qeydə alınıb. Azərbaycanın xarici ticarət dövriyyəsi 7 faiz artıb, ixrac idxalı böyük fərqlə üstələyir. Xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. İlin sonuna qədər bu rəqəm daha da artacaq. Doqquz ayda Bakıda və bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi uğurla gedib. 226 min yeni iş yeri yaradılıbdır ki, onlardan 171 mini daimidir. Əsas infrastruktur layihələri uğurla icra edilib. 7 yüz kilometrdən çox içməli su xətti çəkilib, qazlaşdırma 93 faiz səviyyəsindədir. 50 min hektardan çox torpaqda meliorativ tədbirlər görülübr, suvarma suyu təmin edilib. Qalan iki ay yarım ərzində daha 100 min ha torpaqlarda bütün işlər başa çatmalıdır. Sosial infrastrukturla bağlı siyasət uğurla aparılır. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir edilib. İnfrastruktur layihələrinin uğurlu icrası ümumi iqtisadi inkişafa, regionların inkişafına təkan verir. Neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib".

Azərbaycanın beynəlxalq əlaqələrindən danışan ölkə başçısı bildirib ki, dövlətin xarici əlaqələri çoxşaxəlidir, bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurulub: "Azərbaycan dünya miqyasında etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Beynəlxalq arenada Azərbaycan böyük hörmətə və çox müsbət reputasiyaya malik olan bir ölkədir".

2017-ci ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən prezident vurğulayıb ki, "Əsrin kontraktı"nın yeni şərtlərlə təzələnməsi və müddətinin uzadılması tarixi hadisədir: "Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılır. Mənfəət neftinin 75 faizi Azərbaycan tərəfinə veriləcək. Dövlət Neft Şirkəti yeni kontraktın podratçısı kimi iştirak edəcək və Azərbaycana xarici neft şirkətləri tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək".

Bundan başqa, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra olunduğunu bildirən dövlət başçısı deyib ki, iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır: "Bu layihələr ölkəyə böyük iqtisadi mənfəət, səmərə verir və Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır. Bu gün Azərbaycanın iştirakı olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib".

Prezidentin müşavirədəki çıxışına, ölkənin hərtərəfli inkişafı ilə bağlı verdiyi mühüm mesajlara münasibət bildirən Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqi dövrün reallıqlarını qiymətləndirmə baxımından əhəmiyyətli olduğu kimi, həm də dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrasını daim nəzarətdə saxladığını göstərir. O, "Trend"ə bildirib ki, bir çox layihələrin, proqramların, yol xəritələrinin müvəffəqiyyətlə icra olunduğunu diqqətə çatdıran prezident İlham Əliyev vacib tapşırıqlar da verib: "Ən başlıcası qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişaf etdirilməsi, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, ixracın, sənaye istehsalının artırılması, məşğulluğun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması sahəsində verilən tapşırıqlar və qarşıya qoyulan vəzifələr bir daha göstərir ki, dövlət başçısı iqtisadiyyatın dinamik inkişafında inamlı və israrlıdır".

Deputat xatırladıb ki, 9 ayın yekunlarına görə qeyri-neft iqtisadiyyatı 2,5 faiz, qeyri-neft sənayesi 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artıb: "Xarici ticarət dövriyyəsinin 7 faiz artması, valyuta ehtiyatlarının 42 milyard dollara çatması prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir".

Deputat Hikmət Babaoğlu isə qeyd edib ki. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən səsləndirilən rəqəmlər 2017-ci ildə çox böyük iqtisadi uğurların əldə edildiyini göstərir.

Deputat bildirib ki, bu ilin tarixə iqtisadi islahatlar ili kimi düşməsi 2014 və 2015-ci illərdə Azərbaycan prezidenti tərəfindən qlobal iqtisadiyyatda baş vermiş kataklizmlərlə bağlı çevik və effektiv iqtisadi siyasət strategiyasının müəyyənləşdirilməsi ilə bağlıdır: "Əgər 2015 və 2016-cı illərdə ölkəmizdə strateji iqtisadi islahatlar kursu müəyyənləşdirilməsəydi, qanunvericilik və institusional sahələrdə islahatlar aparılmasaydı, bugünkü uğurlardan da danışmaq olmazdı. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları, ölkəmizin iqtisadi və siyasi müstəqilliyini şərtləndirən strateji vasitədir. Çünki ölkənin valyuta ehtiyatları yoxdursa, dərhal ən müxtəlif beynəlxalq maliyyə institutları ilkin növbədə bir qədər cəlbedici, sonrakı mərhələdə isə ağır şərtlərlə borc verməklə dövlətləri kredit və borclarla yükləyirlər. Bununla da yenidən iqtisadiyyatı dirçəltmək üçün məşəqqətli bir yol keçmək lazım gəlir. Məhz bu məsələnin həssaslığını və hazırkı mərhələdə Azərbaycan üçün bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə alan dövlət başçısı valyuta ehtiyatlarımızın artdığını vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycanın 42 milyarddan çox valyuta ehtiyatı var və təkcə 2017-ci ilin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard artıb".

H.Babaoğlu hesab edir ki, müharibə vəziyyətində olan bir ölkə üçün valyuta ehtiyatlarının qorunması başlıca strateji məsələdir: "Biz bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü məsələsində ölkəmizə çoxsaylı beynəlxalq təzyiqlər edilir. Ona görə də həyata keçirilən çevik, iqtisadi-siyasi islahatlar hazırkı mürəkkəb iqtisadi mərhələdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini təmin edir. Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını deyən prezident İlham Əliyev bildirib ki, 2017-ci ilin 9 ayında ölkə başçısı kimi 14 xarici ölkəyə səfər edib. Eyni zamanda, 10 ölkənin dövlət və hökümət başçısı Azərbaycana səfər edib. İlin sonuna kimi qarşılıqlı səfərlər davam edəcək. Bu isə Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətlərinin ikitərəfli və çoxtərəfli qaydada inkişaf etdiyinin göstəricisidir".

Deputat Eldəniz Səlimov isə qeyd edib ki, ölkəmiz uğurla və hərtərəfli inkişaf edir.  O, SİA-ya bildirib ki, 9 ayın iqtisadi göstəricilərinə nəzər yetirərkən bir daha şahid oluruq ki, qeyri-neft sektorunun inkişafı 2,5 faiz artıb, bu isə son illərdə aparılan siyasətin düzgün olduğunu bir daha sübut edir: "Prezident İlham Əliyevin ölkəmizdə şaxələnmiş iqtisadiyyatın inkişafına göstərdiyi qayğının nəticəsidir ki, ölkəmiz son illər idxalçı ölkədən ixracatçı ölkəyə çevrilib. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektoruna böyük təsir göstərə bilmir. İxrac olunan məhsulların ilbəil artımı nəticəsində ölkəyə daxil olan valyutanın miqdarını sadalayarkən hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Prezidentin regionlara səfəri, açılışında iştirak etdiyi böyük layihələr əhalimizin sosial, iqtisadi vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən layihələrdir. Son dövrlərdə təkcə sənaye məhəllələrinin yaradılması sahibkarlara göstərilən yüksək qayğı, yol infrastrukturunun bərpası isə əhalimizin rahat və firavan yaşamasına hesablanmış layihələrdir. Kənd təsərrüfatının taxılçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və digər sahələrinə göstərilən güzəştlər hər il bu sahələrin inkişafı, yüngül sənayenin güclənməsinə təkan verəcək. Həmçinin, prezidentin müşavirədə verdiyi tapşırıqlardan biri də Sumqayıt şəhərində ip əyirici və boyama fabrikin tikintisinin qısa müddət ərzində başa çatdırılmasıdır".

Deputat onu da qeyd edib ki, Davos Dünya İqtisadi Formunun hesablamalarında Azərbaycanın 2 pillə irəliləyərək 35-ci yerdə qərar tutması ölkəmizin bütün istiqamətlərdə uğurlarımızı əks etdirən göstəricilərindəndir: "İqtisadiyyatımızın inkişafına səbəb olan amillərdən biri də ölkəmizdə mövcud olan sabitlik və stabillikdir. Bu gün mövcud olan stabillik nəticəsində istər daxili sahibkarlar, istərsə də xarici sərmayədarlar, böyük səylə Azərbaycana investitsiya qoyurlar. Ölkəmizin sosial iqtisadi inkişafını təhlil edərkən bir daha əmin oluruq ki, Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə uğurla inkişaf edir".

Ceyhun ABASOV

 





12.10.2017    çap et  çap et