525.Az

Atatürk Mərkəzində türkiyəli şairlə görüş


 

Atatürk Mərkəzində türkiyəli şairlə görüş <b style="color:red"></b>

Oktyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində əslən Şəkidən olan türkiyəli şair-publisist Coşqun Qarabuludla görüş keçirilib.

Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının başqanı Əkbər Qoşalının təşəbbüsüylə keçirilən tədbirdə C.Qarabuludun ilk dəfə Azərbaycanda çap olunan "Hardan haraya" şeirlər kitabı da təqdim edilib. Tədbiri giriş sözü ilə şair Nazilə Gültac qonağın həyat və yaradıcılığından, bir neçə gün öncə gerçəkləşən Şəki səfərindən söz açıb.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli qeyd edib ki, şeirin, ədəbiyyatın incəlikləri C.Qarabuludun şeirlərində öz təcəssümünü tapır.   C.Qarabuludla birgə Şəkiyə səfərindən məmnunluğunu dilə gətirən Ə.Qoşalı şairin şeirlərində təbiət gözəlliklərinə, insan duyğularına aid məqamlardan söz açıb. O deyib ki, C.Qarabulud az sözlə çox mətləbləri ifadə etməyi, ciddi mətləblərlə yumoru bir arada tutmağı bacaran şairlərdəndir.

Əməkdar jurnalist Azər Həsrət C.Qarabuludun burada heç də yad olmadığını, onun vətəndən vətənə gəldiyini deyib.

Daha sonra tənqidçi Akəm Xaqan, şairlər Güləmail Murad, Təranə Turan Rəhimli, Ülkər Piri, Faiq Balabəyli, İlqar Türkoğlu, Afət Viləşsoy, Qəzənfər Məsimoğlu, Arzu Nehrəmli və başqaları çıxış edərək türkiyəli şairi Azərbaycanda görməkdən məmnunluq duyduqlarını deyib, onun poeziyası haqqında düşüncələrini bölüşüblər. Babalarının doğulub-böyüdükləri Şəki şəhərini, ana yurdu Azərbaycanı görməyi çoxdan arzu etdiyini deyən Coşqun Qarabulud bu səfərindən, azərbaycanlı oxucular və şairlərlə görüşündən məmnunluğunu bildirib, görüşün təşkilatçılarına təşəkkür edib.

Qonaq Azərbaycanın bir neçə qələm adamına Türkiyənin Sarıqamış və Fəthiyyə bələdiyyələrinin təltiflərini çatdırıb.

Sonda türkiyəli şair öz şeirlərini oxuyub, oxucular üçün kitab imzalayıb.

Şahanə MÜŞFİQ

 





17.10.2017    çap et  çap et