525.Az

Özünüməşğulluq proqramı çərçivəsində 1132 ailə aktivlərlə təmin olunub


 

BAKI ŞƏHƏRİ ÜZRƏ İSƏ 230 AİLƏYƏ ÖZÜNÜMƏŞĞULLUQ FƏALİYYƏTİNƏ MALİK OLMALARI ÜÇÜN AKTİVLƏR VERİLİB

Özünüməşğulluq proqramı çərçivəsində 1132 ailə aktivlərlə təmin olunub<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə (mal və materiallar) təmin olunan ailələrin sayı 1132 nəfərə çatıb.

Nazirlikdən verilən məlumata görə, Bakı şəhəri üzrə isə 230 ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün aktivlər verilib. Həmin ailələr əsasən xidmət və istehsal yönümlü fərdi təsərrüfatlarını formalaşdırıblar.

Cari ilin fevral ayından başlayaraq artıq 1132 ailənin öz fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq fəaliyyətinə və ailə biznesinə çıxış imkanlarına malik olmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda digər proqram iştirakçılarının da aktivlərlə təmin olunması yönündə işlər davam etdirilir.

Özünüməşğulluq proqramına cəlb olunanlar üçün ilk növbədə iki aylıq təlim kursları təşkil olunub. Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən aparılan kurslarda onlara təsərrüfatın idarə olunması və inkişaf etdirilməsi ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib. Kursları uğurla başa vuran və təlim müddətində hazırladıqları biznes-planları qiymətləndirmə zamanı müsbət dəyərləndirilən şəxslərə ailə təsərrüfatlarını qurmaları üçün cari ilin fevral ayından aktivlərin verilməsinə başlanılıb.

Təqdim olunmuş aktivlər hesabına yaradılan fərdi təsərrüfatlar yalnız həmin insanların özlərinin deyil, onların əmək qabiliyyətli ailə üzvlərinin də özünüməşğulluğuna, beləliklə də öz zəhmətləri ilə ailə gəlirlərini artırmalarına şərait yaradıb. Həmin vətəndaşların özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatların idarə olunması, gələcəkdə daha da inkişaf etdirilərək genişləndirilməsi üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

2018-ci ilin əvvəlindən "İşsizlikdən sığorta haqqında" Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan maliyyə vəsaitləri işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsinə, proqrama cəlb olunanların sayının dəfələrlə artırılmasına imkan yaradacaq.

Ceyhun ABASOV

 





18.10.2017    çap et  çap et