525.Az

Azərbaycan-Avstraliya biznes forumu keçirildi


 

Azərbaycan-Avstraliya biznes forumu keçirildi<b style="color:red"></b>

Dünən İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstraliya biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. R.Məmmədov Azərbaycanın xarici ölkələrdə Ticarət Evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinin yerli məhsulların ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. AZPROMO sədri avstraliyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Daha sonra Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammond rəhbərlik etdiyi qurumun fəaliyyəti, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva isə iki ölkə arasında siyasi, iqtisadi, humanitar və başqa sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib, ölkələrimiz arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

Avstraliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Nizami Cəfərov iştirakçıları palatanın iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırıb.

Sonra AZPROMO-nun əməkdaşı Məhəmməd Xələfov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.

Ceyhun ABASOV

 





19.10.2017    çap et  çap et