525.Az

Vətənsevərlik, ziyalılıq, maarifçilik tribunası - "525"-25


 

Vətənsevərlik, ziyalılıq, maarifçilik tribunası - <b style="color:red">"525"-25</b>

Mətbuat hər zaman xalq üçün, dövlət üçün böyük əhəmiyyət kəsb edən bir institut olub və bu gün də olmaqdadır.

Bu baxımdan Azərbaycan mətbuatı da hər zaman böyük dəyərini saxlayıb. Bu, yaxşı mənada "mühafizəkarlıq" bizim jurnalistikanın yaradıcılarından, onların ənənələrini davam etdirən, həqiqi mənada jurnalistikanın bir institut kimi yaşamasında böyük əməyi olan yaşlı jurnalistlərin əməyi sayəsində mümkün olub.

Virtual məlumat dünyası genişləndikcə və dərinləşdikcə klassik mətbuat nümunəsi olan qəzetlərin yüksək reytinqinin saxlanması çətin olsa da, mümkündür və vacibdir. Bir çox qəzetlər həqiqi mənada xalqın sevimli tribunasıdır, inandığı məlumat məkanıdır. Belə qəzetlər sırasında "525-ci qəzet" öncül yerlərdədir. Hər bir komandanın uğuru onun rəhbərlərinin şəxsiyyətindən, təşkilləndirmək bacarığından, ünsiyyət mədəniyyətindən, inam yaratmaq bacarığından, analitik təhlil məharətindən çox asılıdır. Rəhbərin şəxsi nümunəsi uğurların əsasında durur. "525-ci qəzet" bu baxımdan bəxtli qəzetdir. Çünki onun Rəşad Məcid kimi dövlətsevər, vətənsevər, sözündə dəqiq, insanlara layiqli dəyərini verə bilən rəhbəri var. Bu qəzet heç vaxt insanların heysiyyatı ilə "oynamayıb", mənbəyi bilinməyən, dəqiqliyi şübhə doğuran heç bir məlumatı verməyib. Odur ki, bu qəzet bir dəfə də olsun yazdıqları məlumatlara və materiallara görə üzr istəməli və təkzib verməli olmayıb. Bu qəzetdə dövlətə, dövlətçiliyə xələl gətirən heç bir yazı getməyib. Dövlətin və xalqın uğurları hər zaman yüksək peşəkarlıqla işıqlandırılıb. "525-ci qəzet" haqlı olaraq vətənsevərlik, ziyalılıq, maarifçilik tribunası adlandırılır.

Gənc yazarların, alimlərin, mədəniyyət xadimlərinin təqdimatı bu qəzetin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Hər bir yeni kitabın xüsusi şərh ilə təqdimatı təkcə kitab müəllifinin nüfuzunu artırmır, həm də oxucuları o kitabları oxumağa sövq edir. Əslində, bu, maarifçi təbliğat deməkdir.

Bizim bu qəzetlə on illərə söykənən əməkdaşlığımız var. Bu təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bu tribunada müəllif fikrinə çox böyük sayqı var. Bu, çox vacib amildir, çünki bir çox hallarda tələb olunan düzəliş fikrin təhrifli anlanılmasına səbəb olur, müəllifin ruhuna uyğun olmayan yad fikirlər mətnə düşə bilir.

Mənim "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" iki cildlik kitabımın "525-ci qəzet"də şərhi bu kitabların oxuculara tanıdılmasında mühüm rol oynayıb. Bu kitablarda türk dünyasının dahi şəxsiyyətləri, görkəmli alimləri, ziyalıları - Atilla, Osman Qazi, İbn Sina, Əmir Teymur, II Sultan Fateh Mehmet, Şeyx Şamil, Atatürk, Heydər Əliyev, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Hüseyn Cavid, Murtuza Nağıyev, Lütvi Zadə, Abbas Çayxorski, Xudu Məmmədov, Vasim Məmmədəliyevin həyatları haqqında dəqiq və ibrətli məlumatlar var. "525-ci qəzet" bu kitabların şərhini verməklə əslində, yuxarıda adları qeyd olunan dahi şəxsiyyətlərin haqqında yeni bir mənbənin olmasını oxuculara çatdırır, bu şəxsiyyətlərin oxucular tərəfindən daha ətraflı öyrənilməsinə şərait yaradır, onlara ümumxalq sevgisinin əsaslı olduğu məntiqini təsdiq edir.

Dövlətimizin və xalqımızın ən ağır günlərində "525-ci qəzet" sel kimi gələn, yalan və böhtanlarla dolu məlumatlara qarşı sözün əsl mənasında savaş açıb, bu yalanları və böhtanları faktlara söykənən məntiqlə ifşa edib.

"525-ci qəzet" elmin və alimin tribunası kimi də dəyərlidir. Bu qəzet ölkəmizin hər bir aliminin uğurlarını böyük sevgi ilə şərh edib, təkcə alimin özünü yox, onun mənsub olduğu və ya yaratdığı elmi məktəbi ürək genişliyi ilə təbliğ edir. Alim bu tribunadan öz sözünü deməklə, həm də gənclərin elmə gəlməsini stimullaşdırır.

Bu qəzetdə mədəniyyətimizin təbliği ən yüksək səviyyədədir. Bu qəzetdə mədəniyyətimizin tarixi və bu günü sistemli, əlaqəli, əsaslandırılmış təbliğ olur. Bu qəzet sözə və sənətə çox böyük dəyər verir. Qəzetin dili təmizliyi, səliqə-səhmanı sadəliyi, oxunaqlığı ilə seçilir. Bu qəzetdə verilən materialları oxumaq oxucunu yormur, əksinə, onu oxumağa, dayanmadan oxumağa təhrik edir.

Qəzetin strukturu ahəngdar qurulub, struktur vahidlərinə keçidlər rəvandır, əsəbi gərginlik yaratmayandır, oxucu ruhunu yormayandır.

"525-ci qəzet"də oxucunu cəlb etmək üçün bəd, xof yaradan xəbərlərin manşetə çıxarılması tamamilə yaddır. Çünki bu qəzetin buna ehtiyacı yoxdur. Onun daimi oxucuları bilir ki, bu qəzetin hər bir nömrəsi oxunmalıdır, maraqlıdır. Zəngin məlumatlıdır. "525-ci qəzet"in 25 yaşı tamam olur. Əsrin dörddə biri qədər yaşayıb-yaradan qəzet öz uğurları ilə öyünə bilər. Çünki:

- o, xalqın sevdiyi tribunadır;

- o, vətənpərvərlik, dövlətçilik təbliğatçısıdır;

- o, maarifləndirici mətbuat institutudur;

- o, gənclərin təqdimatının yüksək səviyyəli məkanıdır;

- o, mədəniyyətimizin peşəkar təbliğatçısıdır;

- o, alimlərimizin və elmimizin alilik səviyyəsində təbliğat yeridir və s.

Əziz dostlar!

Sizin 25 illik şərəfli tarixiniz alqışa layiqdir. Sizə sənətinizdə və yaradıcılığınızda böyük uğurlar arzulayırıq. Siz suları pak olan, heç vaxt bulanmayan mətbuat dənizinə məxsus, öz istiqaməti olan möhtəşəm gəmisiniz və sizin gələcək istiqamətiniz bəllidir və dəqiqdir. Sizin üzdüyünüz mətbuat dəniziniz heç vaxt bulanmasın ki, Sizin də saf və pak gəminiz çirklənməsin. Biz oxucuları sevdiyiniz üçün, ruhumuzu oxşadığınız üçün, Vətəni və xalqı sevdirə bildiyiniz üçün Sizə təşəkkür edirik!

Sabahlarınız bir-birindən uğurlu gəlsin!

Çiçəklənən və qüdrətli Azərbaycanın təbliğatçısı kimi şərəfli işiniz hər zaman Sizə uğur gətirsin. Siz heç vaxt allahı unutmadığınız, allahsızlıq etmədiyiniz üçün allah Sizləri qorusun!

 





19.10.2017    çap et  çap et