525.Az

Bakıda ədəbiyyatın təbliği üçün sərgi - Fotolar


 

Bakıda ədəbiyyatın təbliği üçün sərgi - <b style="color:red">Fotolar</b>

Oktyabrın 17-də Xətai Sənət Mərkəzində Müstəqillik gününə həsr olunmuş "Kitabların insan həyatında rolu" adlı sərgi keçirilib.
 
Təsviri və tətbiqi sənətin bütün nominasiyaları üzrə 100-dən çox rəssam qatılan sərgidə ədəbi əsər və şəxsiyyətlərdən, dastan və nağıllardan bəhrələnərək çəkilən rəsm əsərləri, eləcə də müxtəlif əl işləri nümayiş olunub. Sərginin məqsədi kitaba və mütaliəyə marağın yaradılması, ədəbiyyat və incəsənətin təbliğidir.

Layihə rəhbəri Elnurə İsgəndərova Mədəniyyət və Turizm Baş İdarəsi, YAP Yasamal Rayon təşkilatı, Sabir adına Kitabxana, Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinə təşkilati dəstək üçün minnətdarlıq edib.

Mərasimdə Yazıçılar Birliyinin katibi Rəşad Məcid, yazıçı, millət vəkili Aqil Abbas, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Sabir Kitabxanasının direktoru Gülşən Abbasova çıxış ediblər.

Rəşad Məcid sərgiylə bağlı fikirlərini bölüşərkən deyib: "Xətai Sənət Mərkəzinin, Azərbaycanda sənətə xidmət göstərən belə gözəl bir qurumun fəaliyyəti məni sevindirir. Bu, digər iş adamlarına, imkanlı və səlahiyyətli şəxslərə bir mesajdır ki, mədəniyyətə, ədəbiyyata və sənətə xidmət edən yeni-yeni qurumlar yaratmaq vacibdir. Kitabın təbliğatı baxımından, orijinal bir layihədir. Bu gün kitabın təbliği və mütaliə vərdişlərinin artırılması barədə dönə-dönə danışırıq. Bu mənada, rəsmlərin diliylə ədəbiyyatın nümayişi, dünya və Azərbaycan ədəbiyyatındakı obrazların, sujetlərin rəssam təxəyyülündən keçib əsərlərə çevrilməsi kitabın təbliğində maraqlı bir vasitədir".

Ağəli İbrahimov sərginin əhəmiyyətini vurğulayaraq deyib ki, Azərbaycan tarixi və mədəniyyətinin başqa ölkələrdə də tanıdılması zəruridir.

Qonaqlar sərgi iştirakçılarından Elnurə İsgəndərovanın əl işləri, Museyib Əmirov, Zeynəb Məmmədova, Şahidə Quliyeva, Gülşən Abbasova, Abtalıb Hacızadə, Aygün İskəndərova və başqa rəssamların əsərləri ilə tanış olublar.

Tədbir çərçivəsində şairə Solmaz Kürçaylının "Ana məbədi" kitabının təqdimatı da keçirilib.

MÜŞFİQ

 





19.10.2017    çap et  çap et