525.Az

Gözü yolda qalanım var


 

Bu ilin ilk üç ayı ərzində 646 yol qəzası baş verib, 258 ölü, 691 yaralı...

Gözü yolda qalanım var<b style="color:red"></b>

Bu ilin ilk üç ayı ərzində 646 yol qəzası baş verib, 258 ölü, 691 yaralı... 

Qloballaşan dünyada insan ölümlərinin sayı getdikcə artır. Söz yox ki, bunun da öz səbəbləri var. Hesablamalara görə, hər saniyə bir neçə insan dünyasını dəyişir. Dünyanın bəzi hissələrində insanlar aclıqdan, bəziləri təbii fəlakətlərdə, bəziləri isə müharibələrdə canlarını tapşırırlar. Lakin bir fakt var ki, daha dəhşətlidir. Öz-özlüyündə yuxarıda sadaladığım faktlarda bilavasitə insanların günahı yoxdur. Yəni, bu hallarda insanlar ya təbiətin şıltaqlığının, ya da digər səbəblərdən dolayı həyatdan köçürlər. Ən dəhşətlisi isə odur ki, indi ölüm xəbərləri daha çox yollardan gəlir. Yollar qana bulanmaqda davam edir. Mavi ekranı izlədiyimizdə hər birimiz hər gün yol qəzalarında onlarla insanın dünyasını dəyişdiyi xəbərini eşidirik; “Bu gün Bakı-Xaçmaz yolunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb, 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Mingəçevir şəhərində qeydə alınan yol qəzasında isə bir ailənin 3 üzvü dünyasını dəyişib”. İnsanlar artıq hər saat başı bu kimi xəbərləri eşitmək qorxusu ilə yaşayır. Amma çifayda... yol qəzaları, ölüm xəbərləri, yaralı insanlar...

Azərbaycan inkişaf etdikcə bəzi neqativ halların da inkişafının şahidi oluruq. Etiraf etmək lazımdır ki, bu sahəyə dövlətin nəzarəti demək olar ki, kifayət qədər güclüdür, cəzalar tədbirləri ciddiləşdirilib, cərimələr artırılıb. Və... elə bir gün yoxdur ki, ölkə yollarından yol-qəza hadisələrinin baş verməsi xəbəri gəlməsin. Statistika  qorxulu rəqəmlər göstərir. Belə ki, bu ilin ilk üç ayı ərzində 646 yol qəzası baş verib ki, nəticədə 258 nəfər ölüb, 691 nəfər xəsarət alıb. Bu isə kiçik bir dövlət üçün kifayət qədər yüksək göstəricidir. Əlbəttə ki, xüsusilə paytaxt yollarında yol nəqliyyat hadisələrinin artmasının müəyyən səbəbləri var.

Niyə yol qəzalarının sayı artır? Niyə insanlar yollarda canını tapşırır? Niyə onlar bilə-bilə özlərini ölüm təhlükəsi ilə üz-üzə qoyurlar? Günahkarlar kimlərdir? Bu sualların cavabları çoxdur. Yol qəzalarının sayının artmasının öz səbəbləri var. Bu səbəblərin əksəriyyəti insanların öz səhlənkarlığı, öz səhvi ucbatından baş verir. Maraqlı və eyni zamanda təəccüblü məqamlardan biri də odur ki, bu insanlar dəfələrlə acı nəticənin şahidi olduqları halda yenə də yol hərəkəti qaydalarına etinasız yanaşaraq, hətta bu qanunları bilə-bilə kobud şəkildə pozurlar. Kimi valideynlərini,  kimi övladlarını, kimi isə yaxınlarını itirib. Ən dəhşətli fakt isə odur ki, spirtli içki bəzən bir ailəni son mənzilə aparıb. Bu faktlar əlbəttə ki çox dəhşətlidir. Lakin daha acınacaqlısı ölüm hallarının sayı azalmaqdansa, artan xətlə inkişaf etməsindədir.

Bəs bunun qarşısı necə alınmalıdır? Söz yox ki, aidiyyəti orqanlar buna qarşı ciddi mübarizə aparırlar. Lakin görünür ki, bu mübarizə kifayət deyil. Başqa tədbirlər də görülməlidir ki, qəzalarda insan ölümünün sayı azalsın. Beləliklə günahı kimdə axtarmaq lazımdır? Hər birimizdə: məndə, səndə, valideynlərdə, sürücülərdə, piyadalarda və s. Bu məsələdə müəyyən yük yerli icra orqanlarının, Nəqliyyat Nazirliyinin üzərinə düşsə də, hadisəyə səbəb olanlar da öz üzərinə düşən məsuliyyəti dərk etməli, hər bir qayda-qanuna riayət etməlidir, yoxsa düşünülməsi, təsəvvür edilməsi belə qorxunc olan faciələrin sayı daha da arta bilər və nə bilmək olar, bu gediş bəlkə bir gün öz yaxınlarımızı itirməyə gətirib çıxarar. Unutmayaq ki, hər birimizin yolunu bir mənzildə gözləyən var və ona görə də hər birimiz bu yolda öz yolumuzu gözləməliyik.

Fidan MƏMMƏDOVA
BDU-nun, Jurnalistika fakültəsinin
IV kurs tələbəsi

 





31.05.2013    çap et  çap et