525.Az

Mənəviyyat millətin ruhu deməkdir


 

Mənəviyyat millətin ruhu deməkdir<b style="color:red"></b>

SSRİ-nin süquta uğraması yetmiş il ərzində formalaşmış siyasi sistemlə bərabər, sovet ideologiyasının mənəvi strukturlarının da dağılmasına səbəb oldu. Keçmiş sovetlər birliyinə daxil olan respublikalar kimi müstəqillik əldə edən Azərbaycanın da siyasi, iqtisadi, mədəni, mənəvi həyatında köklü dəyişikliklər baş verdi. Öz gələcəyini Avropaya inteqrasiyada görən ölkəmiz Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlara qoşulmaqla qısa zaman kəsiyində böyük sosial-iqtisadi inkişaf yolu keçdi. Respublika rəhbərliyinin məqsədyönlü, uzaqgörən siyasəti sayəsində iqtisadiyyat, mədəniyyət, təhsil, elm və idman sahəsində ciddi uğurlara imza atıldı. İftixar hissi ilə demək olar ki, bu gün doğma respublikamız dünyanın qabaqcıl dövlətləri ilə bir sırada inamla addımlayır. Əlbəttə, müstəqillik əsrlər boyu təcavüzə, basqıya məruz qalan dilimizi, dinimizi, mənəvi dəyərlərimizi, adət və ənənələrimizi də özümüzə qaytarıb. Xalqımız öz mənəvi sərvətlərinin əsl sahibinə çevrilib. İndi başlıca vəzifəmiz həmin sərvətləri yad təsirlərdən qoruyub saxlamaq, daha da inkişaf etdirərək, gənc nəslə çatdırmaqdan ibarətdir. Təəssüf ki, müstəqillik illərində belə, dilimiz, mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, ailələrimiz kənar, yabançı təsirlərə hələ də məruz qalır. Fəlsəfə elmləri doktoru, professor Oruc Abdullayevin “İctimai münasibətlər sistemi və adət-ənənələr” adlı monoqrafiyasında bu vacib məsələyə ətraflı toxunulub. Əsərdə cəmiyyətimizə mənfi təsir göstərən, mentalitetimizə yad olan təzahürlərin qarşısının alınmasının elmi yolları araşdırılıb və bir çox maraqlı təkliflər irəli sürülüb. Məlumdur ki, Azərbaycan tolerant bir ölkədir. Dövlətimizin humanist qanunları ilə ölkədə bütün dinlərin bərabər, birgə fəaliyyəti təmin olunub. Lakin bundan narahat olan bəzi xarici qüvvələr respublikamızda əldə olunan bu nailiyyətin üzərinə kölgə salmağa çalışırlar. Onlar əsassız iddialar və çirkin niyyətləri ilə dini dəyərlərimizə, dövlətimizin imicinə xələl gətirməyə cəhd edirlər. Son vaxtlar ölkəmizdə vahabizm kimi radikal, dini-ekstramist cərəyanın fəallaşması buna aydın sübutdur.

Şükürlər olsun ki, islamı dəyərlərimizi sarsıtmaq məqsədi daşıyan bu cür ekstremist qüvvələrin hücumlarının qarşısı dövlət qurumları, ictimaiyyət tərəfindən vaxtında alınır və lazımi ölçülər götürülür. Müstəqillik qazanıldıqdan sonra Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi ölkəmizin tarixində ən əlamətdar hadisə hesab olunur. Halbuki çar hakimiyyəti illərində, sovet dönəmində ana dilimiz ağır təzyiqlərlə üzləşib. Hətta ölkədə rus dili “ikinci ana dili” kimi təbliğ olunub. Təəssüf ki, dilimizə kənar təsirlərlə yanaşı, ona biganə münasibət göstərilməsi faktları bu gün də mövcuddur. Bir vaxtlar rus dilində danışmaq üstünlük sayılırdısa, indi bəzi şəxslər tərəfindən ingilis dilində, türkcə danışmaq dəbə minib. Əlbəttə, başqa dilləri bilmək heç də qəbahət deyil. Ancaq ana dilindən imtina etməyə, onu korlamağa heç kimin mənəvi haqqı yoxdur. Milli mənliyimizin pasportu olan ana dilimizin təmizliyinin qorunması vacib məsələlərdəndir. Televiziya verilişlərində, reklam və elanlarda, bədii əsərlərin, filmlərin tərcüməsində ədəbi dilin normalarının pozulması halları narahatlıq doğurur. Professor O.Abdullayevin haqlı olaraq qeyd etdiyi kimi, adət-ənənələr cəmiyyətdə sosial-iqtisadi, mənəvi, mədəni və hüquqi münasibətlərin inkişaf etdirilməsində və tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.

Son dövrlər adət-ənənələrimizdə, ailə münasibətlərində yaranan müsbət dəyişikliklər, tendensiyalar bu baxımdan diqqəti çəkir. Biz azərbaycanlılar üçün ailə müqəddəs hesab olunur. Lakin xarici teleserialların, internetin təsiri altında gənclər arasında ailəyə olan yüngül münasibət təəssüf hissi doğurur. Elə bu səbəbdən də ailə münaqişələri, boşanmalar, xüsusilə süni boşanma halları çoxalır, ailələr dağılır, uşaqlar valideyn təbiyəsindən kənarda qalır. Mən bir ziyalı, bir valideyn kimi vətəndaş nikahı anlayışını qəbul edə bilmirəm. Avropa dəyərlərindən faydalanmaq olar. Ancaq yaxşı olanları götürüb, bizə uyğun olmayanları atmaq lazımdır. Zənnimcə, belə bir nikah əxlaq eybəcərliyini ört-basdır etməkdən başqa bir şey deyil. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, nədənsə televiziya kanallarında nöqsanlı, uğursuz, xalqımız üçün xarakterik olmayan ailələr daha çox gündəmə gətirilir. Halbuki nümunəvi ailələrdən tez-tez söz açmaq cəmiyyət üçün daha böyük faydalar gətirə bilər. Müstəqillik illərində adət-ənənələrimizdə yeniliklər çoxdur. Ancaq bu sahədə nöqsanlı hallar hələ də hökm sürməkdədir.

Niyazi Zeynalov
tarixçi metodist, Ağcabədi rayonu

 





31.05.2013    çap et  çap et