525.Az

Aydın Talıbzadədən yeni kitab


 

Aydın Talıbzadədən yeni kitab<b style="color:red"></b>

Dünən kitabevim.az-da Əməkdar İncəsənət xadimi, teatrşünas, tənqidçi Aydın Talıbzadənin “Faciə: janriçi mutasiyalar” kitabının təqdimat və imza mərasimi keçirilib. Mərasimdə tanınmış ziyalılar, yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan A.Talıbzadə qonaqların kitabın mövzu və problematikası haqqında suallarını cavablandırıb: “Əvvəl dərslik yazılmasını nəzərdə tutsam da, sonradan gördüm ki, deyiləcək, yazılacaq mətləblər o qədər çoxdur ki, artıq tədqiqat əsəri yaranmağa başlayır. Ona görə də “dərsdənkənar oxu” kimi daha münasib olduğunu düşündüm. Bu kitab struktur təhlillə yanaşı, dünyagörüşü məsələlərini də hədəfləyib. Kitabda faciə janrının fəlsəfəsini, sosio-psixologiyasını panoramlaşdırmağa çalışmışam. Həmçinin, insanın ruhsal ovqatına, ünsiyyət faktoruna təsirini şərtləndirən kodları açmağa, onların altyapısını öyrənməyə, müxtəlif mütəxəssislərin faciə ilə bağlı fikirlərinin mozaikası içindən sivişib öz konsepsiyasını aktuallaşdırmağa, postdramatik teatr müstəvisində faciənin necə anlaşıldığını elmin gündəminə gətirməyə cəhd etmişəm. Kitab tragediyanı bəşər tarixinin və insan düşüncəsinin çox önəmli və simptomatik hadisəsi statusunda araşdırır”.

Müəllif qeyd edib ki, bu kitab faciə janrı haqqında Yaşar Qarayev və Mehdi Məmmədovdan sonra yeni baxış sərgiləyən üçüncü əsərdir.

Kitabın yazılma ideyası haqqında suala A.Talıbzadə belə cavab verib: “Mənim 1990-cı illərdə bu mövzuda yazılmış dərsliyim var. Hazırkı dövrdə faciə janrı haqqında elmi-nəzəri araşdırma aparmaq bir elə də aktual deyil. Bu bir az da çağdaş dövr yazarların bu mövzuya müraciət etməməsilə əlaqədardır. Ancaq faciə haqqında deyilənlər mənim üçün həmişə maraqlı olub. Mənə həm də maraqlı idi ki, bu mövzuda mən özüm nə deyə bilərəm. Əsər cəmi dörd aya - noyabrdan fevraladək yazılıb”.

Tənqidçi gələcəkdə bu mövzunu davam etdirib-etdirməyəcəyi haqqında suala cavab verərək bildirib ki, bu haqda demək istədiklərinin böyük bir qismini artıq deyib. Ona görə də gələcəkdə bu mövzuda yeni kitab yazmağı düşünmür: “Hazırda yazmaq istədiyim universitet üçün teatr tənqidi üzrə seminarlar kitabıdır. Bu haqda bəzi qeydlərim də var. Ondan başqa da ancaq bədii yaradıcılıqla məşğul olmağı düşünürəm”.

Sonda müəllif qonaqlar üçün kitablarını imzalayıb.

Şahanə

 





21.10.2017    çap et  çap et