525.Az

Sabir Rüstəmxanlı İstanbulda mühazirə oxudu


 

TÜRK DÜNYASININ MƏSƏLƏLƏRİNDƏN DANIŞAN ƏDİBİN “ÖLÜM ZİRVƏSİ” KİTABI ÜÇÜN İMZA MƏRASİMİ KEÇİRİLİB

Sabir Rüstəmxanlı İstanbulda mühazirə oxudu<b style="color:red"></b>

Srağagün İstanbulda - Türk Ədəbiyyatı Fondunda “Çərşənbə axşamı görüşləri” proqramı çərçivəsində Xalq şairi Sabir Rüstəmxanlı ilə oxucuların görüşü keçirilib.

Tədbirdə Türkiyənin ictimai-siyasi xadimləri, media nümayəndələri və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan fondun rəhbəri, şair Serhat Kabaklı S.Rüstəmxanlının həyat və yaradıcılığı haqqında geniş məlumat verərək, görüşün bilərəkdən 18 oktyabr Azərbaycanın müstəqillik gününə salındığını bildirib. S.Kabaklı yazıçının Türkiyə və Azərbaycan münasibətlərində oynadığı roldan bəhs edib, Azərbaycanın müstəqilik qazanmasında Xalq şairinin misilsiz xidmətlərindən söz açıb.

S.Rüstəmxanlının Türkiyədə çap edilən kitablarının naşiri, şair İmdat Avşar müəlliflə olan dostluğundan, 1980-ci illərdən etibarən Xəlil Rza Ulutürk, Məmməd İsmayıl və Sabir Rüstəmxanlının Türkiyədə tanınmaları və sevilmələrindən danışıb.

Sabir Rüstəmxanlı çıxış edərək tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdikdən sonra “Türk dünyasının məsələləri” mövzusunda mühazirə oxuyub.

O, çıxışında Qərbin türk və islam dünyasını parçalamaq, qarışıqlıq yaratmaq cəhdlərindən bəhs edib: “İslamı gözdən salmaq üçün terror dəstələri, müxtəlif təriqətlər yaradırlar. Özləri terror törədir, sonra isə müsəlmanların üzərlərinə atırlar. Biz XXI əsri türk əsri olaraq görürük. Bunun üçün də birlik lazımdır”.

Şair daha sonra ortaq dil məsələsinə toxunub: “Ortaq türk dilinin yaradılması mümkünsüzdür. Biz əksinə, hər bir türk xalqının başa düşəcəyi ortaq bir türkcəni qəbul etməliyik. Bu isə Türkiyə türkcəsidir”.

Görüşün sonunda müəllifə müxtəlif hədiyyələr təqdim edən vəqfin başqanı S.Kabaklı tezliklə Azərbaycanda türk dünyası ilə bağlı bir universitetin açılacağını, bununla bağlı danışıqların davam etdirildiyini bildirib.

Sonda S.Rüstəmxanlının Türkiyə türkcəsi ilə çap olunan və Cavad xanın ruslarla mübarizəsindən bəhs edən “Ölüm zirvəsi” kitabının imza mərasimi keçirilib. Müəllif oxucular üçün yeni şeirlərindən birini oxuyub.

Şahanə MÜŞFİQ

 





21.10.2017    çap et  çap et