525.Az

"Odlar yurdunun naxışları" Daşkənddə


 

"Odlar yurdunun naxışları" Daşkənddə <b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində "Odlar yurdunun naxışları" Azərbaycan xalçaları sərgi zalının açılışı keçirilib.

Tədbir iştirakçıları öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan xalçları, milli geyimlər, kəlağayılar və musiqi alətlərini özündə əks etdirən xüsusi kompozisiya ilə tanış olublar.

Daha sonra Azərbaycan xalçaları mövzusunda bir sıra məruzələr təqdim edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalçalarımız haqqında məruzə edərək, xalq sənətinin ən geniş yayılmış növü olan xalçaçılığın  xalqımızın bədii təfəkkürünü, istedadını nümayiş edirdiyini deyib. O, qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçilərinin yazdıqlarını da qeyd edib. S.Abbasov Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib. Azərbaycan ərazisinin  20 faizinin Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qaldığını, 22 muzeyin, 4 rəsm qalereyasının tamamilə işğalçılar tərəfindən məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, İslam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının talançıların əlinə keçdiyini vurğulayıb. S.Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və 2010-cu ildə Azərbaycanın ənənəvi xalça sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi haqda da danışıb.

Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru professor Cənnət İsmayılova, Milli Elmlər Akademiyası Əsaslı Kitabxanasının direktoru Zuxra Berdiyeva Azərbaycan xalqının istedadını, onun qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən və ən çətin əl işlərindən biri hesab olunan xalçaçılığın Azərbaycan xalqının vizit kartına çevrildiyini qeyd ediblər.

Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə xalçalarımızın rəngarəngliyi, özünəməxsusluğu, onu dünyaya sevdirən xüsusiyyələri barədə çıxış edib. O, təmsil etdiyi təşkilat adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni yaradılan "Azərbaycan xalçaları" daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə edib.

Tədbirdə Azərbaycanın əsrarəngiz xalça sənəti, onun qədim tarixi, ölkəmizin regionlarına xas xalçalar, onlarda əks olunmuş naxışlar  barədə ətraflı prezentasiya və videomaterial iştirakçılara təqdim olunub.

Daha sonra "Odlar yurdunun naxışları" Azərbaycan xalçalalarının daimi  sərgi zalı açılıb. Açılış lenti kəsildikdən sonra ölkəmizin 7 əsas xalçaçılıq məktəbini özündə əks etdirən, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar nümayiş olunub.

Zaldakı sərgi stendində ümumilikdə Azərbaycan xalçaçılıq məktəbinə aid 20-ə yaxın qədim və unikal xalçalar nümayiş etdirilir.

Tədbirin sonunda Özbəkistanın "Surxan" musiqi qrupu Azərbaycan və özbək mahnılarını ifa edib, Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı milli rəqslərimizi ifa ediblər.

Xədicə RƏHMAN

 





24.10.2017    çap et  çap et