525.Az

Yarpaq tökümü və yaxud düşüncələrim...


 

Yarpaq tökümü <b style="color:red">və yaxud düşüncələrim...</b>

Dua var diri üçün oxunur, Dua var ölü üçün...

Ağac qabıqlayanda özünü sökür

Toyunda və yasında umduğunu - axı başqası da səndən umurdu...

QƏlƏbƏ aldadıcıdır,  sƏhvlƏr düşündürücü

Yetkinlik yaşda olur, müdriklik başda

Qüruba gedən GünƏş, payız vədəsi,  sarı yarpaq, qışın soyuğu-sazağı nostalji duyğular yaradır, insanı tənhalaşdırıb kədərli anlar yaşatdırır. Bunlar hamısı Təbiətin məqsədli VƏrdişlƏridir. İnsanı hazırlaşdırmaq və alışdırmaq üçündür

Mobil telefon - üzü və sözü  də özü kimi soyuq sim-sim  - birinci elə isti sözlərlə dolu məktubları və insani sevgiləri öldürdü

MƏhƏbbƏt yaşa baxmır, amma müəyyən ömrü yaşayır.

Adını  da bilmirsən, ağzının dadını da, dostunu-yadını da, belə hardan gəlib, hara gedirsən?!

İnsan qəribə məxluqdur, yatdığı yerə də, yediyi çörəyə də, gördüyü yuxuya da haram qata bilər

Ən yaxın və ən  yaxşı münasibətlərdə belə, qızışıb dərinə getmə! Çünki bunun geriyə qayıtmağı da olacaq bir gün.

Səni  aparan yollar qaytarmayacaqsa, düşün-daşın, çox da güvənmə, yolçu qardaş!

Hardan gəlirsən, ey  mənim  göz yaşlarım? Kim göndərib səni, niyə, nə məqsədlə, nə səbəbə və nə səbəbdən gəlirsən? Nə icazə istərsən, nə üzr dilərsən, nə də cavab verib  dillənirsən...amma  elə hey... lillənirsən...

"Üzdən-gözdən salma məni" -  deyirsən. Gözün görür - onun üçünmü, üzün qızarır - buna görəmi?..

Özünü çörək verdiyin özününkündən qoru

Özünə düşməninin  gözüylə bax, qulağıyla eşit və nəticə çıxar

Sözün başına ip salsan, ip də sənin başına dolanacaq

Artıq bir damcı da kasanı daşdıra bilər

Hər insan kürsü arxasında müdrik olub  əməlinə görə özünə hesabat verə bilmir.

Getdiyin yerdə dostunun aşını da ye, və həmdərd olub, göz yaşını da sil

İnsan heç vaxt ziyanın arxasınca getmir, amma ziyanı görə bilir

Evində yeddi oğlu olan Ana da qazanc gətirənin canına and içər

Ortada günahı bölmək məqamı çatanda, Allah bəndəsinin heç biri günahkar olmaq istəmir...

Yaxamdan tutub qırağa çəkmək ayrı şeydir, yaxandan tutub qırağa çəkilmək ayrı şey

Hamı hər şeyi gözləyə bilir, təkcə Ölümün Zamanından başqa

Hənirin yoxdursa, hünərin də olmayacaq!

Gözlədiyin qƏlƏbƏ sonradan adiləşir, gözləmədiyin mƏğlubiyyƏt isə ömrün boyu yandırıb əzab verir

Cərgənə bax, cərgəndə dur!..

Paxılı yaxşıya doğru dəyişmək istəyirsənsə, özünü aldatma!..

ŞöhrƏt - üfürülmüş şar kimi şişən sabun köpüyüdür, ömrü qısa və aldadıcıdır, partlayıb dağılacaq

Dişin də, saçın da ömür yolunda qurban getdi, xəbərin varmı?!

Əmim müəllim qonşusuna sataşıb deyərdi ki, ə, bu nə təhər adamdır? Yarım saatdır danışır, əvvəl nə bilirdinsə, indi də onu bilirsən...

Həqiqətin dostu az olar

LƏyaqƏt hissi  - dolanışıq tərzi ilə uyğun gəlmir, tarazlaşmır

Sən vƏsiyyƏtini ölüm gününə saxlama, diriykən de və özün də əməl et

Havayı yaşadığı günlərin ağrı-acısını və cəfasını insanlar niyə ölüm ayağında çəkirlər?!

Əslində insandan  "neçə yaşın var" - yox , "necə yaşamısan" - soruşmaq   lazımdır

Gecə yuxudan ayılan və yuxusu ərşə çəkilən insanın Tənhalığı ağır və məşəqqətli olur

DƏrd insanın taqƏtini də əlindən alır

Tumurcuqlanmayan Ağac - odundur

Sənin olmayanı adına çıxma

Əyilməyini özün bilərsən,  amma sınmağına nə lüzum?..

Sözün də rəngi var

Xəlvət iş olan yerdə narazılıq çox olacaq

Tabeçilik qarşılıqlıdır, tabe olmağı bacarmasan, tabe etdirməyi də bacarmayacaqsan

Dərdin səsi də başqadır

Kəsdiyin dırnaq da ömründən düşən bir yarpaqdır

Qazanc hərisliyi nə hədd bilir, nə dərman, nə də zaman...

Əli uzunluq ayrı şeydir, dili uzunluq ayrı

Danışanda öz səsinlə danış

Fərqli münasibətlər sərgiləyən insan qorxuludur

Evindəki sƏmimiyyƏti işinə də gətirsən, yaxşı olar

Lap  "Quran" ayəsi olsun: baxır  kimin ağzından çıxır

Danışığını özün bilərsən, əməlinin məsuliyyətini mütləq çəkəcəksən

Yeməkdən zəhərləndin - həkimlər əlac edə bilər. Bəs beynin zəhərləndi necə - onu kim təmizləyəcək?

Qız ağacın zərif budağıdır - peyvənd vurub sarımalısan

Hər fəslin öz meyvəsi, hər meyvənin öz vaxtı var, əzizim, sən hara tələsirsən?

Bu günlə niyə yaşayırsan?! Sən öləndən sonra övladının taleyini fikirləşirsənmi?

Ən bahalı şey - VAXT-dır

Böyük danışma,  özünü  böyük  göstərmə -  hörmət  və ehtiram qazanacaqsan

Niyə əlini qısırsan - yediyin qismətindir, amma... sənin deyil...

Döyüşə gedəndə Atın yalına yatarlar...

Uzağa tullanmaqla,  uzaq getmək çox fərqlidir

Qolunun və Dizinin bükülməsi - Yaşam və Ölüm arasındakı Mübarizədə məğlubiyyət əlamətidir

Qanın qaralması və durulması münasibətlərdən və davranışlardan asılıdır

Rəddini və Ayaq izlərini yağış yusa da, ölüm yuyub apara bilməyəcək...

Əmim oğluna deyərdi ki, bala, Allah sənə milyon versə də, onu  bölüşdürə bilməyəcəksən, çünki  o ürək yoxdu səndə...  

Sənin Sözün də Özün kimidir

Vəzifənin sadə yolları səni ucaldacaq, ucalığa aparacaq.  Dəyişkən və əyri yolları ilə səni görüşdürəcək - baxır sənin  hansı yolu seçə bilmək və dözmək kəramətinə...

Duaların eşidilmirsə-özün də gecikirsən, sözün də...

Allah insanları fərqli və çeşidli yaratmasaydı, bu qədər müxtəlif işlərin öhdəsindən kim gələrdi bəs?

Bibim yana-yana deyərdi ki, məni tanıyan qurd yesin, tanımayan yox...

Hər oğul mənsəb sahibi olanda öz keçmişini qoruyub şərəfə mindirə bilmir

Rəhmətlik anam elə hey danışıb gülərdi: "Ayı meşədə əzgil yeyib boğulur və qarnını tutub qaçır: “Oy, oy, bu beş qığlı, beş bığlı öldürəcək. Tövbə sənə!.."

Qolundakı tüklə kipriyindəkinin fərqini bilirsənmi?

Ruzi Allahdandır və Bölünmək üçündür!..

Əlini uzadanın əlini tut, dilini uzadanın dilini kəs...

Arxadırsa arxalan, yoxsa, uçqu vuran torpaq kimi ağnayan birisi nəyinə lazım?

Hər an öz diqtəsini edir - hazırsanmı?!

İçi çürük ağac birdən aşar...

Sən özündə deyilsənsə, özün də deyilsən...

Kədərin dərəcəsi olmur, qədəri olur

Sənin kimdənsə neçə il qabaq doğuluşun - hələ sənin böyüklüyün deyil. Bunun fərqindəsənmi?..

 

 





24.10.2017    çap et  çap et