525.Az

Aqrar sektorun inkişaf istiqamətlərinə dair Gəncədə toplantı


 

"AZƏRBAYCAN RESPUBLİKASINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALINA VƏ EMALINA DAİR STRATEJİ YOL XƏRİTƏSİ" AQRAR UNİVERSİTETDƏ MÜZAKİRƏ EDİLİB

Aqrar sektorun inkişaf istiqamətlərinə dair Gəncədə toplantı <b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri"ndə ölkədə dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalının və emalının genişləndirilməsi üçün əlverişli mühitin yaradılmasını təmin etmək məqsədilə konkret hədəflər, o cümlədən, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən edilib.

Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən görüş də həmin müddəalardan irəli gələn vəzifələrin  müzakirəsinə həsr edilib.

Görüşdəki çıxışında  Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov  vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi üzrə hədəfləri və prioritet istiqamətləri əhatə edən 177 tədbir nəzərdə tutulub. Tədbirlərin 169-u bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunmalı və ya onun iştirakı ilə həyata keçirilməlidir. O qeyd edib ki, sözügedən strateji məqsədlərin ölkəmizin aqrar elminin mərkəzi sayılan Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində müzakirə edilməsi də vacib sayılıb.

Aqrar universitetin  tədris işləri üzrə prorektoru Anar Hətəmov məruzəsində Strateji Yol Xəritəsində təhsil müəssisəsinin üzərinə düşən vəzifələri təhlil edib, tədrisə və təcrübəyə tətbiq edilən yeniliklərdən danışıb.

Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov çıxışında qeyd edib ki, müzakirə edilən strateji məqsədlərə uyğun olaraq, aqrar profilli təhsil müəssisələri ilə kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri arasında əməkdaşlıq genişləndirilir, regional aqrar elm mərkəzlərində və təsərrüfatlarda aparılan araşdırmalar vasitəsilə gələcəkdə aqrar müəssisələr üçün kadrların sayı və ixtisas istiqamətləri müəyyənləşdirilir. O vurğulayıb ki, bu prioritetdə qeyd edilən tədbirlərin nəticəsi kimi bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil ocaqlarında təhsil alanların sayı 20, aqraryönümlü peşələr üzrə orta ixtisas müəssisələrində təhsil alanların sayı 20, ümumən aqrar təhsil müəssisələrinin müəllim və tədqiqatçılarının sayı isə 30 faiz artırılacaq.

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, Aqrar Elm və İnnovasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev də  iştirak ediblər.

Görüşdə həmçinin qeyd edilib ki, kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sektorunda 2020-ci ilədək nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində 2015-ci illə müqayisədə ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz, pambıq istehsalının həcminin ən azı 4 dəfə artması proqnozlaşdırılıb. Ümumilikdə isə Strateji Yol Xəritəsində əksini tapan tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artmasına, bazar infrastrukturunun inkişafı nəticəsində istehsalçıların bazara çıxışının asanlaşmasına, həmçinin aqrar elm və təhsilin keyfiyyətinin yüksəldilməsinə təkan verəcək.

Zakir MURADOV
Gəncə

 





25.10.2017    çap et  çap et