525.Az

Şair dostum Tofiq Hüseynə


 

Şair dostum Tofiq Hüseynə<b style="color:red"></b>

Gənclik dostum, qardaşım, şair Tofiq Hüseynin doğum günü oldu. İrili-xırdalı gündəlk işlərdən baş açıb onu təbrik edə bilmədim.

Bundan inciməz, bilirəm; əlli ildən artıq yanaşı yol gələn və bir-birini yaxşı tanıyan, dostluqları yüz imtahandan çıxan adamlar üçün beş-üç kəlmə sözün yazılıb-yazılmaması heç nəyi dəyişməz.

Bilir ki, əsas arzum onun uzun və sağlam yaşaması, yazıb-yaratmaqdan yorulmaması, Şirvandan yüksələn səsinin həmişəki kimi gur olmasıdır. Həm də bir gün sonra təbrik etməyin də öz üstünlüyü var: Gözlənilməzdir və inanıram ki, bütün təbriklərdən (övladlar çıxılmaq şərtilə) daha səmimidir. Burda təvazökarlığa yer qalmır.

Tofiqlə universitetdə paralel oxumuşduq, eyni yataqxanada qalır, eyni ədəbiyyat dərnəklərinə gedirdik. Bir gün Sabir kitabxanasındakı dərnəyə o vaxt gənclərin sevimlisi olan Xəlil Rza Ulutürkü dəvət etmişdilər. Dərnək üzvlərinin, Xəlil Rzanın çox şeirləri səsləndi. Görünür, bizim şeirlərimizi Xəlil bəy daha çox bəyənmişdi. Çünki cavanlardan söz düşən kimi Tofiqin, mənim şeirlərimdən yadında qalan parçaları misal çəkərdi. Bir gün də dərnəkdən çıxanda bizi yaxınlıqdakı evinə dəvət etdi, ayrılanda: "Sabah tezdən bura gəlin, Siyəzənə gedəcəyik" - dedi.

Ertəsi gün Xəlilin bir "Alabaş" dolusu dostu-tanışı, başda böyük alimimiz Əkrəm Cəfər olmaqla, Siyəzənə getdik. Neftçilərin Mədəniyyət sarayında unudulmaz bir görüş oldu. Görüşdə biz Xəlil bəyi daha yaxşı tanıdıq.
 
O, iki gənc şeir həvəskarını tərifləyib göylərə qaldırdı və öz şerlərimizi oxumaq üçün öncə bizə söz verdirdi.

Bu, bizim böyük auditoriya ilə ilk uğurlu təmasımız, böyüklərdən eşitdiyimiz ilk xeyir-dua idi. İndi yaşa dolmuş, müdrikləşmiş Tofiq Hüseynin son dərəcə səmimi, dağ çeşməsi kimi lirikasını dinləyəndə, oxuyanda, iki cildlik Seçilmiş əsərlərini vərəqləyəndə tez-tez o günləri, yolun başlanğıcını xatırlayıram və sevinirəm ki, biz ədəbi həyata atılanda ürəyimizdə hansı böyük milli ideallara xidmət niyyəti vardısa, hansı bədii-estetik dəyərlərə bağlıydıqsa, bu gün də eləcəyik. Çox sular axdı, çox gözlənilməz zərbələr aldıq, amma hələ o dərnəklərdəykən müəyyənləşdirdiyimiz mübarizə xəttimizdən, xalqımıza sözlə və əməllə vicdanlı, doğru xidmət yolundan dönmədik...

Bugünlərdə Tofiq bəyin Masallının Muğan bölgəsində, Xəzərə yaxın bəhrəli torpaqlarında yerləşən Məmmədxanlı kəndinə getdik, böyük qardaşı Hacıbaba müəllimin 85 yaşını qutladıq. Sonra bir-iki gün də Yardımlıda bizim evdə qaldıq, bir yerdə ot çaldıq, balaca qardaşlara hələ qocalmadığımızı sübut etməyə çalışdıq. Məncə, aran adamı olduğundan, vaxtilə qorxa-qorxa gəzdiyi dağ yamaclarında bu gün əlində dəryaz ot çalması Tofiq bəyin öz doğum gününə əla hədiyyəsi sayıla bilər.

Onillər öncə Tofiq mənim on doqquz yaşıma bir gözəl şeir həsr etmişdi. On doqquz yaşa, o gəncliyə, o fırtınalı günlərə, o bağlı boxçalara şeir yazmağa nə var ki! Hünərin var 70 yaşa, bütün əməllərin göz önündə olduğu, "yolun sonu görünən" yaşa şeir yaz!..

Sabir RÜSTƏMXANLI

Gün görmədim mən qaragün
Bir əl qabar, bir əl düyün.
Nə yaxşı ki, çətin ömrün
Çoxu gedib, azı qalıb.

Bir gözəli saldım yada,
Həmin gözəl deyil o da.
Özü tamam qocalsa da
Baxışında nazı qalıb.
Bir şair də öldü deyə,
Şöhrəti qeyb oldu göyə.
Onu reklam eləməyə
Nə oğlu, nə qızı qalıb.

Şükür ki, gördün bu yazı,
Tofiq, götür dindir sazı.
Özün hamıdan narazı,
De, səndən kim razı qalıb.

lll

Gəzirəm dünyanı mən diyar-diyar,
Canımı qoymağa yer axtarıram.
Mənim pul əvəzi min sıfırım var
Önünə qoymağa "1" axtarıram.

Bizim görüşümüz mənasız bir iş
Bu yaşda bu görüş de nəyə gərək.
Üz-üzə gələndə, yolunu dəyiş,
Bu görüş heç nəyi dəyişməyəcək.

Bəlkə də qəzetlər nələrsə yaza,
Olay var, quruca söz yerindədir.
Bizim görüşümüz, olsa, çox olsa -
Bir qəzet başlığı dəyərindədir.

lll

Fərqi yoxdur hardasan,
Ya evdə, ya salonda.
Üz versə bekarçılıq
Məni yada sal onda.

Hələ də canımdadır
əllərinin istisi.
Qəlbimin döyüntüsü,
canımın giziltisi.

Bütün rənglər gözəldi
Ağdan maviyə kimi.
Dostlar bizə baxırdı
Bir cüt qafiyə kimi.

İşdir, yadına düşsəm
Çalış güzgüyə baxma.
Həmin adam deyilsən
Yada, özgəyə baxma.

Tənhalıq üz verəndə
Bəlkə şeir yazasan.
Bu dünyada sənət yox,
Şairlikdən də asan.

İlhama gəl, yağışlar
Pəncərəni döyəndə.
Görsən çətinliyin var,
Bir cüt qafiyə məndə. 

lll

Bu dünyadan nə götürdüm,
Nə axtardım, nələr gördüm.
Hər sevincin finalında
Qüssə gördüm, kədər gördüm.

Səhnədəki tamaşalar
Bilmədim necə oynanır.
Komediya dəbdən düşüb
Təkcə faciə oynanır.

Neçə-neçə dərs içində
Çətin həyatı öyrəndim.
Hamı tənlik, intiqral,
Mənsə Saatı öyrəndim.

lll

Daha əlim çatmır sizə,
Uzağam, qardaş, uzağam.
Tək özünü yazıq bilmə,
Mən səndən çox-çox yazığam.

Ötənləri yada salma,
Məndən də nigaran qalma.
Poçtalyon gətirsə, alma -
Bədxəbər qara kağızam.

Bəxtim oldu məni döyən,
Nə vaxt döydü, bilmədim mən.
Üstünə tərs şillə dəyən
Qanla dolu bir ağızam.

lll

Tanrım, yenə qaytar məni əvvələ
Yenə həmin olsun bu xəstə canım.
Çıxsın qabağıma yüz hiylə, tələ,
Qızlar yalan desin, mən də inanım.

Yazıq ürəyimə müttəhim kimi
Yalançı vədləri qoy diqtə edim.
Sevgidən yazdığım şeirlərimi
Oxuyub, təzədən redaktə edim.

lll

Bəxt deyilən şey varsa,
Bəxtimə bir gün düşə.
Bir cinayət törədəm,
Cəzama sürgün düşə.

Atılam bir adaya,
Hökmə ölüm yazıla.
Nə yasinim oxuna,
Nə də qəbrim qazıla.

Nə torpağa qarışım,
Nə qurd-quşa yem olum.
İtsin adım-ünvanım,
Beləcə heç kim olum.
Əlyazmalar İnstitutunda

 





25.10.2017    çap et  çap et