525.Az

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir


 

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir <b style="color:red"></b>

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetdə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 24-də Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda göstərilir ki,  2017-ci ildə Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 135 illiyi tamam olur.

Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır.

O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.

Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşmışdır. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirmişdir.

Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir.

B.Xəlilov qeyd edib ki, Azərbaycan ədəbiyyatının inkişafı naminə müstəsna xidmətlər göstərmiş böyük söz ustası Hüseyn Cavidin 135 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bizim bu gün keçirdiyimiz tədbir də həmin tədbirlər silsiləsinə daxildir.

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İsgəndər Orucəliyev çıxış edərək Hüseyn Cavidin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, onun həmişə düşüncələrimizə yenilik, mütərəqqi ideyalar gətirən dahi şair və dramaturq, görkəmli mütəfəkkir olduğunu vurğulayıb.

Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş slayd göstərilib, musiqinin müşayiəti ilə tələbələrin ifasında şairin şeirləri səslənib, “Şeyx Sənan” əsərindən səhnə oylanılıb, şeirlərinə bəstələnmiş mahnılar dinlənilib. Tələbələrin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsi bizi mənəvi cəhətdən zənginləşdirir. Xalqımızın böyük mənəvi xəzinəsi var. Bu mənəvi xəzinənin zənginləşməsində Hüseyn Cavid, eləcə də digər qüdrətli söz ustadlarımız misilsiz rol oynayıblar. Biz bu böyük mənəvi xəzinəyə sahib çıxmalı, onu qoruyub-saxlamalı, gələcək nəsillərə ötürməliyik. Siz gələcəkdə müəllim olacaq, Azərbaycan gəncliyini sağlam ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə edəcəksiniz. Müşahidə və düşüncələrim belə deməyə əsas verir ki, Azərbaycan gəncliyi, o cümlədən ADPU-nun tələbə-gəncləri düzgün yoldadır. Sevinir və qürur hissi duyuruq ki, bizim çox sağlam və bacarıqlı  gənclərimiz var. Bizim əsas vəzifəmiz onları düzgün istiqamətləndirməkdir.

Rektor çıxışının sonunda tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

 





26.10.2017    çap et  çap et